RU

®Gülnar Xəlilova: Ehtiyacı olan xəstələr üçün qan vermək vacib və savabdır

®Gülnar

Mərkəzi Gömrük Hospitalının Qan Bankı şöbəsinin rəisi hematoloq Gülnar Xəlilova qanın orqanizmdəki rolu və funksiyaları barədə bir sıra suallara cavab verib.

-Həkim, insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan qan haqqında nə deyə bilərsiz?

- İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir, orqanizmin bütün toxumalarını və orqanlarını qidalandırır. Orta hesabla yaşlı insanın bədənində qan ümumi kütlənin 6-8 faizini təşkil edir və ya bədən kütləsinin 1 kiloqramına 65-80 ml qan düşür. Qan bir çox həyati əhəmiyətli funksiyaları yerinə yetirir.

-Donorluq barədə məlumat verməyinizi xahiş edirik...

-Donorluğun müxtəlif növləri var - tam qan donorluğu və komponent donorluğu. Kişilər ildə 5 dəfədən çox, qadınlar ildə 4 dəfədən çox olmayaraq tam qan verə bilərlər. Qan verdikdən sonra donorun yenidən qan verə bilməsi üçün ən azı 60 gün keçməlidir. Qan verdikdən sonra donorun plazma verməsi üçün ən azı 30 gün keçməlidir. Plazma verildikdən sonra donorun yenidən plazma və ya qan bağışlaması üçün ən azı 14 gün keçməlidir.

-Həyati əhəmiyyətli funksiyalar hansılardır?

- Qan həyat üçün o qədər zəruridir ki, tibb elminin inkişafından asılı olmayaraq onun alternativi yoxdur. Qan tənəffüs sistemi üçün əvəzolunmaz vəzifəni - oksigenin ağ ciyərlərdən toxumalara daşınması və karbon qazının toxumalardan ağ ciyərlərə daşınmasını yerinə yetirir. Qan, eyni zamanda, qida maddələrini və oksigeni hüceyrələrə çatdırır, qan hüceyrələri yad mikroorqanizmlərlə mübarizədə fəal iştirak edir. Qan toxumalardan maddələr mübadiləsi məhsullarını çıxarır, bədənin temperaturunu nizama salır.

-Siqaret çəkən şəxs donor ola bilərmi?

-Siqaret çəkmək donorluq üçün əks göstəriş deyil. Mütəxəssislər qanvermə prosedurundan bir saat əvvəl siqaretdən imtina etməyi, donorluqdan sonra isə iki saat siqaret çəkməməyi tövsiyə edir.

- Qanvermə aksiyaları zamanı toplanan qandan necə istifadə olunur və həmin proses necə tənzimlənir?

-Hər il dünyada təxminən 117 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir. Mütəmadi olaraq ölkəmizdə də qanvermə aksiyaları təşkil olunur. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkil etdiyi qanvermə aksiyalarında qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə ənənəyə çevrilmiş qanvermə aksiyalarında könüllülər fəal iştirak edirlər. Əvvəlcədən həkim-hematoloqlar tərəfindən donor olmaq istəyənlərin sağlamlığı yoxlanılır, hərtərəfli tibbi müayinə aparılandan sonra onlardan qan götürülür. Hazırda irsi qan xəstəliyi olan xəstələrin, həmçinin cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı da artırır. Donorlardan toplanan qan hemofiliya, talassemiya, anemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunur.

-Donor qanı kimlərə lazımdır?

-Yer üzündə hər üç nəfərdən biri öz həyatında ən azı bir dəfə qan donoruna ehtiyac duyur. Donor qanına ehtiyacı olanların bir neçə kateqoriyası var. Qan preparatlarına ömürlük ehtiyacı olanlar, ilk növbədə, hemofiliyalı xəstələrdir. Əgər qanda kifayət qədər laxtalanma faktoru varsa və xəstə uşaqlıqdan adekvat dəstəkləyici terapiya alıbsa, onda o, başqalarından heç də fərqlənmir və adi bir insan həyatı yaşayır. Qanın laxtalanma faktorları olmayan xəstələrin həyatı sadəcə mümkün deyil.

Xərçəng xəstələrinin daim donor qanına ehtiyacı var. Bədxassəli şişlərin müasir müalicəsi şiş hüceyrələrinin öldürülməsini nəzərdə tutur. Şiş hüceyrələri ilə yanaşı, normal qanın yaranması da bir müddət dayanır. Məhz həmin dövrdə xəstənin donor qanının komponentləri, xüsusən də əvəzedicisi olmayan, hətta yaxın gələcəkdə də gözlənilməyən müalicəyə - trombositlər ilə terapiyaya ehtiyacı var.

Cərrahi patologiyası olan xəstələr üçün də donor qanı lazımdır. Bunlar əsasən oynaqların dəyişdirilməsinə ehtiyacı olan və ürək cərrahiyyə əməliyyatları keçirən xəstələrdir. Cərrahi əməliyyatlar qan damarlarının və toxumalarının zədələnməsini və itirilmiş qan komponentlərini bərpa etmək ehtiyacını ödəyir.

Doğuş zamanı qadınlara tez-tez qanköçürmə tələb olunur. Həmin proses zamanı qadınların müəyyən bir hissəsi həmişə qan itkisi riski altındadır, bu da ana və uşağın həyatını xilas etmək üçün lazımi şəkildə kompensasiya edilməlidir.

Həmçinin bəzən yenidoğulmuşların hemolitik xəstəliyi olur və onlara erkən diaqnoz qoyulub müalicə edilə bilər. Həmin müalicə proseduru zamanı xəstə uşaqlara çoxlu sayda müxtəlif qan komponentlərinin köçürülməsi lazımdır.

-Gülnar həkim, qanvermənin fayda və zərərləri barədə nə deyə bilərsiz? Kimlər donor ola bilər?

- Sağlamlığı imkan verən hər kəs qan donoru ola bilər. Qanvermə çox humanist bir addımdır. Hər qan donorluğu çox qiymətli, həyat xilas edən bir hədiyyədir. Qana ehtiyacı olan xəstələr üçün qan vermək həm vacib, həm də savab işdir. Bəzən elə xəstələr olur ki, qan çatışmazlığı nəticəsində həyatını itirir. Hətta elə xəstələr olur ki, onlara vaxtaşırı qan köçürmək lazım gəlir. Qəza zamanı qan itirən xəstələrə və bəzi qan xəstəlikləri zamanı qanköçürməyə daha çox ehtiyac olur. Hər bir sağlam kəs ildə iki dəfə qan verə bilər. Qan vermək insanın sağlamlığı üçün faydalıdır və qan hüceyrələri yenilənir. Çəkisi 50 kiloqram və yaşı 18-65 arasında olan hər bir sağlam adam qan verə bilər.

Qanvermənin faydalarından bəhs edərkən deməliyəm ki, hər qanvermədən sonra orqanizmdə qan hüceyrələri təzələnir, qanda yağın miqdarı, ö cümlədən ürək xəstəlikləri riski 90 faiz azalır. Qan vermək orqanizmi cavanlaşdırır. Sağlam həyat tərzi üçün ildə bir dəfə qan vermək faydalıdır. Qan verən donor özünü yüngül və rahat hiss edir, onun qanyaradıcı orqanları fəaliyyətini gücləndirir və yeni qan yaratmaq üçün hərəkətə başlayır. Qanvermənin zərəri yoxdur, qan verdikdən sonra yüngül başgicəllənmə, ürəkbulanma, titrətmə, tərləmə müşahidə oluna bilər və onlar da tezliklə keçib gedir.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

Избранный
69
4
azertag.az

10Источники