RU

"Qərbin vahid mövqeyinin səbəbi Cənubi Qafqaz uğrunda mübarizədir"

"Etirazlar kütləvi xarakter daşıyacaqsa, İvanaşvili hakimiyyətinin perspektivi olmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən deyib.

"Qərbin vahid mövqeyi deyəndə burada söhbət Cənubi Qafqaz uğrunda mübarizədən gedir. Qərbin Gürcüstana təzyiqi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq siyasətinin tərkib hissəsidir. Gürcüstan Qərbin regiona giriş qapısıdır. Son günlər Azərbaycana da ciddi təzyiqlər var. Həm ABŞ, həm də Avropa İttifaqının bölgəmizlə bağlı vahid siyasəti məhz bundan ibarətdir. Gürcüstandakı İvanaşvili hakimiyyəti də Qərbin bu standartlarına uyğun gəlmir. Gürcüstanın əsas uğurları Mixael Saakaşvilinin dövründə baş verib. İvanişvili dönəmində isə geriləmələr olub. Korrupsiya, cinayətkarlıq xeyli artıb. İvanişvili də rusiyayönlü olduğu üçün Qərb onun hökumətinə təzyiq edir", deyə Natiq Miri bildirib.
 


Həmsöhbətimiz deyib ki, Gürcüstan torpaqlarını işğal edən də Qərb deyil, Rusiyadır:

"İvanaşvili hakimiyyəti onu da iddia edir ki, guya Qərb Rusiyaya qarşı ikinci cəbhəni Gürcüstanda açmaq istəyir. Bu absurddur və həmin iddia xalqı qorxutmağa hesablanıb. Rusiyaya tətbiq olunan sanksiyalardan yan keçməkdə əsas iştirakçı rolunda da Ermənistan iştirak edir. Amma Qərb geosiyasi maraqları çərçivəsində buna göz yumur. Eyni şeyi Gürcüstana da edə bilərdilər. O baxımdan tərəflərin heç biri, nə Qərb, nə də İvanaşvili hakimiyyəti ədalətli deyil". 

Seçkinin nəticələrinə gəlincə, ekspert bildirib ki, inzibati üstünlük İvanaşvili hakimiyyətinin əlindədir: 

"Üstəlik Saakaşvilidən sonra Gürcüstanda olan bütün seçkilərdə saxtakarlıq olub. Düşünürəm ki, bu seçkilərdə də iqtidar lazım olan saxtakarlığa gedəcək. Bu saxtakarlığa qarşı mübarizənin əhəmiyyəti isə xalqın ona etiraz dirənişindən asılı olacaq. Etirazlar kütləvi xarakter alacaqsa, İvanaşvili hakimiyyətinin perspektivi də olmayacaq. Əks təqdirdə, İvanaşvili hakimiyyəti və Rusiyanın mövqeyi güclənəcək". 

Qeyd edək ki, Gürcüstanda olacaq kritik parlament seçkilərinə bir həftə vaxt qalıb. 26 oktyabr tarixi yaxınlaşdıqca bu Cənubi Qafqaz ölkəsinə ABŞ başda olmaqla Qərbin təzyiqləri daha intensiv, daha kobud xarakter almağa başlayıb. Vəziyyət o həddə çatıb ki, Avropa İttifaqı ölkələrinin liderləri oktyabrın 17-18-də keçirilən sammitdə Gürcüstanla bağlı tədbirləri müzakirə ediblər. Burada Qərb vahid mövqe hazırlamalı olduqları bəyan edib. 
Aİ-nin sammiti Gürcüstanın icmaya qəbul prosesinin faktiki bloklandığını elan edərək, ölkəni Avropa dəyərlərini pozmaqda ittiham edib.

Rüfət Sultan
Избранный
84
50
qaynarinfo.az

10Источники