RU

Dünya azərbaycanlıları Avropa Parlamentindən ədalət tələb edir

Azərbaycan dövləti apardığı strateji məqsədlərə hesablanan siyasəti ilə həm ölkə daxilində güclü həmrəylik mühiti yaratmağa, həm də hansısa bir səbəbdən Vətəndən uzaqlarda yaşayan dünya azərbaycanlılarını ümummilli ideyalar ətrafında birləşdirməyə nail olub. Taleyüklü məqamlarda, ümummilli məsələlərdə xaricdə yaşayan soydaşlarımızın Azərbaycana əllərindən gələn dəstəyi vermələri bunun əyani ifadəsidir. Bu günlərdə Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Avropa Parlamentinə (AP) Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnaməyə görə etiraz bəyanatı ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bütün suveren dövlətlər üçün narahatlıq yaradan proseslər

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bəyanatda Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul etdiyi qətnamə beynəlxalq hüququn normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addım kimi qiymətləndirilib. Bu qərarın təməlindəki qərəzli yanaşmanın yalnız Azərbaycan deyil, bütün suveren ölkələr üçün narahatlıq doğurduğu vurğulanıb.

Həqiqətən də, son illərdə dünya miqyasında, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında təhlükəli proseslər izlənilir. Bir sıra hallarda beynəlxalq hüquq arxa plana keçir, ikili standartlar və selektiv yanaşmalar önə çəkilir. Ayrı-ayrı Avropa dövlətləri və təsisatları tərəfindən milli dövlətlərə qarşı təzyiq göstərmək cəhdləri artıb. Azərbaycan belə yanaşmaları uzun illər ərzində öz üzərində hiss edən, bunu yaşayan dövlətdir. Ölkəmiz otuz il ərzində Ermənistanın işğalından əziyyət çəkib. Ötən əsrin doxsanıncı illərinin əvvəlindən başlayan bu işğal nəticəsində ərazilərimizin 20 faizini itirmişdik, bir milyondan çox azərbaycanlı doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalmışdı. Bu, əsl humanitar fəlakət idi. İnsanlar vaqonlarda və necəgəldi tikililərdə yaşayırdılar. Ancaq beynəlxalq birlik tərəfindən Azərbaycana dəstək göstərilmirdi, təcəvüzkar dövlət BMT-nin qətnamələrini yerinə yetirmədiyinə görə cəzalandırılmırdı. Cəzasız qaldığından şirniklənən Ermənistan rəsmiləri isə yeni ərazilər ələ keçirmək, tanklarla Bakıyadək irəliləmək iddiaları səsləndirirdilər. Bəs bu gün Azərbaycanı qınayan, ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edən Fransa  kimi ölkələr, AŞPA, AP kimi qurumlar nə üçün onilliklər ərzində Ermənistanın təcəvüzkarlıq siyasətinə adekvat qiymət vermirdilər?  Belə ayrı-seçkiçilik olarmı? Budurmu Avropanın ədaləti?

Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyevin yaydığı bəyanatda ölkəmizin öz torpaqlarını işğaldan azad etməsinin beynəlxalq hüququn tələblərinə uyğun olduğu diqqətə çatdırılıb. Bu gün ayrı-ayrı Avropa dövlətlərində və təsisatlarında Azərbaycanofobiyanın güclənməsinin təməlində məhz ölkəmizin öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi amili dayanır. Otuz il ərzində özlərini lallar və korlar kimi aparan dairələr Azərbaycanın 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı möhtəşəm qələbələri sinirə bilmirlər. Bəli, Azərbaycan yalnız Ermənistana qalib gəlməyib, həm də işğalçı dövlətə havadarlıq edən Avropa dairələrini məğlubiyyətə uğrdıb. Ölkəmiz həm hərb meydanında, həm də diplomatik müstəvidə qalib oldu. Ordumuz döyüş meydanında şücaətlər göstərməklə müharibənin davam etdiyi hər gün irəlilədi, şəhər və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etdi. Paralel şəkildə mübarizəni diplomatik müstəvidə Prezident İlham Əliyev aparırdı. Fransa prezidenti E.Makron dövlətimizin başçısına tez-tez telefon açaraq müharibənin dayandırılmasını istəyirdi. Prezident İlham Əliyev isə adekvat şərtlərini irəli sürürdü və qətiyyət, milli iradə ortaya qoyurdu. Bəzi transmilli media təmsilçiləri dövlətimizin başçısından müsahibələr alarkən Ona təhrikedici, bəzən də hökmedici suallar ünvanlayırdılar. İlham Əliyevin cavabları isə bir qayda olaraq tarixi həqiqətlərə, beynəlxalq hüquqa əsaslanırdı və əlavə şərhlərə ehtiyac qalmırdı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edərkən beynəlxalq hüquqdan kənara çıxan hansısa bir addım atmayıb. Müharibə bizim ərazilərimizdə gedib və bu tamamilə ədalətli bir müharibə idi. Ərazi bütövlüyünü qorumaq hər bir dövlətin suveren hüququdur və Azərbaycan da bu hüququndan istifadə edib. Avropa Parlamentinin buna görə Azərbaycana qınaqlar ünvanlamasının heç bir əsası yoxdur. “Otuz il ərzində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin, onların fundamental hüquqlarının pozulmasının diqqətdən kənarda qalması bu qətnamənin birtərəfli, qərəzli mövqedə olmasını bir daha təsdiq edir”, - deyə bəyanatda vurğulanıb.

Avropa Parlamenti mina terroruna, mədəni irsin dağıdılmasına, itkin düşənlərin taleyinə niyə biganə yanaşır?

Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Avropa Parlamentinə ünvanladığı bəyanatında mühüm bir məqama diqqət çəkib. Sənəddə qeyd edilib ki, Ermənistanın işğal dövründə törətdiyi mina terroruna, dağıdılmış mədəni və tarixi irsimizə, həmçinin itkin düşən 4 min soydaşımızın taleyinə dair hər hansı obyektiv mövqenin ortaya qoyulmaması təəssüf doğurur.

Ermənistan işğal illərində, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə və postmüharibə mərhələsində Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri törədib. Dinc əhalinin qadağan olunmuş silahlarla atəşə tutulması, mülki infrastruktura ziyan vurulması, qanunsuz məskunlaşdırma, İslam dininə aid abidələrin dağıdılması və təhqirlərə məruz qoyulması belə ikrah doğuran əməllər sırasındadır. Müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparılarkən bir neçə ünvanda kütləvi məzarlıqlar aşkarlanıb. Məlum olur ki, erməni silahlı birləşmələri həyatlarına vəhşicəsinə son qoyduqları soydaşlarımızı bu məzarlıqlarda basdırıblar və insanlıq əleyhinə cinayətlərini gizlətmək üçün onların xəritələrini Azərbaycana verməyiblər. Bütün bu kimi əməllər ermənilərin özləri barəsində uydurduqları “mədəni xalq” mifini darmadağın edir. Mədəni xalq belə vəhşilikləri törətməyi heç vaxt özünə rəva görməz.

Ermənilərin çoxsaylı müharibə cinayətlərinin sırasında mina terroru xüsusi yer tutur. Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş və bu problemdən ən çox əziyyət çəkən ölkələrdən biridir. İndiyədək 380-dən çox insan mina terrorunun qurbanı olub. Bütövlükdə, işğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir. Vətən müharibəsi başa çatandan sonra qeyd olunan ərazilərdə 168 min hektar sahə minalardan təmizlənib. Təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb. Minaların məqsədli şəkildə ən ağlasığmaz yerlərdə basdırılması minatimizləmə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir. Ermənistan isə Azərbaycanın çoxsaylı müraciətlərindən yayınaraq səhih mina xəritələrini indiyədək ölkəmizə təqdim etməyib. Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməkdənsə, diqqəti Ermənistanın çoxsaylı müharibə cinayətlərinə çəkməli idi.

Mübariz Feyizli

Избранный
70
yeniazerbaycan.com

1Источники