Son zamanlar Bakı metrosunda tez-tez problem yaranır. Bu problemlər nədən qaynaqlanır?
Mövzu ilə bağlı açıqlama verən nəqiliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı Metropolitenində son dövrlər baş verən nasazlıqlar təəssüf doğurur.
O qeyd edib ki, son vaxtlar insanların ictimai nəqliyyata yönləndirilməsi, stimullaşdırılması istiqamətində müəyyən addımlar atılır: “Metropolitendə bu cür neqativ halların baş verməsi təəssüf ki, insanlar arasında ictimai nəqliyyata inamsızlıq yaradır. Bu istiqamətdə ciddi addımlar atılmalı, nasazlıq yaradan amillər aradan qaldırılmalıdır. Texniki nasazlıq hər sahədə özünü göstərə bilər, amma belə tez-tez, intensiv şəkildə baş verməsi artıq yolverilməz haldır”.
E. Muradlının dediyinə görə, Bakı Metropolitenində texniki nasazlıqların aradan qaldırılması üçün ilk növbədə dövlət tərəfindən dəstək göstərilməlidir: "Metropolitendə olan bütün problemləri birdəfəlik həll etmək lazımdır. Görürük ki, narahatlıq gündən-günə artmaqdadır. Metroda köhnə avadanlıqlar çoxdur. Hələ də müddəti keçmiş, köhnə avadanlıqlardan istifadə edilir. Əsas problemlər biri avadanlıqların yeni standartlara cavab verməməsindən qaynaqlanır. Köhnə avadanlıqlardan, köhnə sistemdən qurtulmaq lazımdır və bunun vaxtı çatıb”.
(tns)