RU

"Kartdan karta" işləyənlər hansı halda CƏRİMƏLƏNƏCƏK? - "Risklidir, bunu edənlər..." + AÇIQLAMA

Bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) sahibkarlara müraciət edərək nağdsız vəsaitin qəbul edilməsinin yalnız POS-terminal vasitəsilə həyata keçirilməsini istəyib. Xidmət sahibkarlara xatırladıb ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

 

Sfera.az xəbər verir ki, dövlət qurumu qeyd olunan qanunazidd halların hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirlərini gücləndirib.

 

Qeyd edək ki, kartdan karta pul köçürülmələri son illərdə ən geniş yayılmış kart əməliyyatıdır. Bu cür əməliyyatlar bir qayda olaraq debet kartlarla həyata keçirilir. Çünki debet kartlardan köçürülmə zamanı komissiya haqqı tutulmur. Amma digər kartlarla köçürülmə edən zaman komissiya haqqı alınır.

 

2024-cü ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 16 650 milyon ədəd debet kart olub və bu, bütün kartların 88 faizi deməkdir. Debet kartlarının hamısı ilə pul köçürülməsi icra edilmir. Sosial kartlar və əməkhaqqı kartları ilə əməliyyatlar zamanı da komissiya haqqı tutulduğundan istehlakçılar digər adi debet kartlarından istifadə etməyi üstün tuturlar. Adi debet kartlarının sayı isə 10 milyon 451 min əddəddir və bütün debet kartların 63 faizini təşkil edir.

 

Son illərdə məhz adi debet kartlarının sayında sürətli artım var. Bir il ərzində bu kartların sayı 3,074 milyon ədəd artıb. 2021-ci ilin sonunda isə onların sayı 3,974 milyon ədəd idi və ötən müddətdə belə kartların sayı 6,477 milyon ədəd artıb.

 

Adi debet kartlarının sayının sürətlə artması məhz onunla köçürmə əməliyyatlarının əlverişli olması ilə bağlıdır. Əksər adi debet kartlarla bir ay ərzində 5 min manata qədər köçürmələrə görə banklar faiz tutmur. Yalnız 5 min manat həddi keçildikdə komissiya haqqı alınır. Bəzi iddialara görə, adi debet kartlarla 5 min manatdan aşağı olan köçürmələrə, aparılan əməliyyatlara nəzarət güclü olmadığından onunla əməliyyat aparmaq daha “əlverişlidir”. Adi debet kartların sayının artması onunla aparılan əməliyyatların həcminin də yüksək olduğunu göstərir. Bu əməliyyatların önəmli hissəsini ticarət və xidmət müəssisələrində ödənişlərin pul köçürülməsi formasında icra edilməsi təşkil edir.

 

Sahibkarların bəziləri satdığı mal və ya xidmətin haqqını bank hesabına köçürülməsi əvəzinə fiziki şəxsə məxsus kart hesabına köçürülməsində maraqlı olurlar.

 

İqtisadçı ekspert Əyyub Kərimli hesab edir ki, nağdsız ödənişlərin dövriyyəsinin artırılması zəruridir. Onun fikrincə, bunun üçün nəzarət tədbirlərinin artırılması ilə yanaşı, sahibkarların xərcləri də azaldılmalıdır.

 

 

“Nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər zamanı sahibkarların hesabında 3-4% faizə qədər vəsait itkisi baş verir”, - deyən Ə.Kərimli təklif edir ki, sahibkarları nağdsız ödənişlərlə bağlı stimullaşdırmaq üçün müəyyən diversifikasiyalı yanaşma tətbiq olunsun:

 

“Əsasən də kiçik sahibkarlara münasibətdə güzəştlər olmalıdır. Çünki kartdan karta pul köçürülməsi əməliyyatından onlar daha çox istifadə edirlər. Sadələşmiş vergi ödəyicisi 2% dövriyyədən vergi ödədiyi halda, nağdsız ödəniş zamanı 3% bank və digər rüsumlarla bağlı xərclərdə itirir. Fikrimcə, müəyyən həddə qədər nağdsiz dövriyyələrə müəyyən güzəştlər tətbiq edilməlidir”.

 

Kartdan karta pul köçürülməsi əməliyyatlarının genişləndirilməsi pul dövriyyəsinə nəzarəti də çətinləşdirir. Təcrübə göstərir ki, bu halda insanların kart məlumatları ələ keçirilir, kiber cinayətlərin törədilməsi halları artır və insanlara ciddi maddi zərər dəyir. Bu baxımdan kartdan karta pul köçürülməsi əməliyyatlarının sayının və həcminin artmasının pul sahibləri üçün müəyyən risklər də yaradır. İddialara görə, bu kimi riskləri də azaltmaq üçün ödənişlərin POS-terminallarla aparılması tələbi gücləndirilib.

 

İqtisadçı-ekspert Eldəniz Əmirov kartdan karta pul köçürülməsinin genişlənməsinin bəzi risklər yaratmasının mümkün olduğunu dedi. Amma o, son tədbirlərin məqsədinin daha çox vergidən yayınmanın qarşısını almağa hədəfləndiyini bildirdi.

 

 

“Burada digər amillərin rolunun böyük olduğunu düşünmürəm”, - deyən E.Əmirov məqsədin ödənişlərin qeydə alınmasının genişləndirilməsi olduğunu vurğuladı. Ekspert söylədi ki, hökumət bu kimi tədbirlərlə iqtisadiyyatın "ağardılması"na, vergidən yayınmanın qarşısının alınmasına çalışır:

 

“Ümumiyyətlə, belə hallar həddən artıq çoxalıb və buna görə də operativ vergi nəzarəti tədbirlərinin gücləndirlməsinə ehtiyac var. Həm də Respublikamızın elə əraziləri var ki, həmin ərazilərdə bu cür hallar digər ərazilərdən daha çoxdur. Bölgələr arasında belə kəskin fərqin olmasının səbəbinin özü də bir ayrıca araşdırmalı məsələdir”.

 

İqtisadçı-ekspert Xalid Kərimli də kartdan karta əməliyyatların genişlənməsinin vergidən ciddi yayınmaya səbəb olduğunu bildirdi. Ekspert qeyd etdi ki, həm ticarət, həm də xidmət müəssisələrində ödəniş forması kimi kartdan karta pul köçürülməsi qadağandır:

 

 

“Bu, hesablaşma qaydalarının pozulmasıdır və bunu edənlər cərimələnməlidir. Vətəndaş ödənişi nağd edirsə, kartdan karta ödəniş də buna aiddir, o halda istehlakçıya qəbz və nəzarət-kassa aparatından çıxarılan ödənişi təsdiq edən sənəd təqdim edilməlidir. Əgər istehlakçı ödənişi kartla etmək istəyirsə, bunun yeganə forması POS-terminaldır”.

 

X.Kərimli onu söylədi ki, kartdan karta köçürmə alıcının ziyanınadır: “Çünki bu halda o, “ƏDV Geri al” layihəsindən yararlana bilmir, eləcə də bankların kəşbək kampaniyasından istifadə edə bilmir. Buna görə də kartdan karta pul köçürülməsini tələb edən sahibkarlara qarşı nəzarət tədbirləri gücləndirilməli və müvafiq cərimələr tətbiq olunmalıdır”.

 

Vasif

Избранный
61
33
sfera.az

10Источники