RU

"Evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan..." - Zahid Oruc

Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. Mötəbər axtarış sistemi Google Scolara görə, daş kömürü, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə- Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə-37.55 qiqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Zahid Oruc deyib.

"Yaxın Şərq, Qəzza, İrak, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür. Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik.

Dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng medialarının əliylə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar.

Biz COP və Qarabağ siyasətində bir çox  dövlətin eyni simasızlığını görürük. Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər. Lakin enerji inhisarçıları BP, Şevron, Exxon Mobil və Totalın fəaliyyətini dayandırmağa gücləri çatmaz.

Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib. Qoy Qərb dövlətləri də bizə xalis sıfır texnologiyalı məhsulları  satsınlar. Embarqo və sanksiyalarla dünyada Yaşıl terror siyasəti aparan ölkələr günəş panellərini və külək turbinlərini ucuz qiymətə  istehsal edən ölkələrin qarşısında ticarət baryerləri yaratmasınlar.

Unutmayaq ki, 29 il əvvəl 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada-enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ölkəmizdə neft əvəzinə günəş və külək enerjisi olmasın deyə, küçə və meydanlara çıxan  yoxdur.

Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum eməyə, Yaşıl Azərbaycan kursundan çəkindirməyə çalışanlar bütün Yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı Qarabağ hadisələri də ekoloji mənbədən-Topxana meşəsindən  alovlanmışdı və elə orada da söndürüldü. Biz zori balayanların düşmənçilik Ocağını Qayıdış və Varlıq İşığı ilə əvəz edirik.

Biz azad torpaqlarda Yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun.

İqlim Sammitini Sülh Zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir!"

Избранный
75
1
redaktor.az

10Источники