RU

İnformasiya və kommunikasiyaların inkişaf etdirilməsi prioritetdir - TƏHLİL

Dünyamızı artıq informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək qətiyyən mümkün deyil. Çünki, informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edib. Deməli, cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilən informasiya və kommunikasiya texnologiyaları elə inkişafı təmin etməkdədir.

Etiraf etmək lazımdır ki, davamlı olaraq inkişaf etməkdə olan istənilən cəmiyyət məhz informasiya və kommunikasiya texnologiyaları sayəsində inkişafdadır. Təsadüfi deyil ki, bütün sahələri əhatə edən, eləcə də bütün sahələrə siraət edən informasiya və kommunikasiya texnologiyalarının tətbiq dərəcəsi hər bir ölkənin, hər bir cəmiyyətin elmi, iqtisadi potensialının göstəricisi olaraq qəbul edilir. Əvvəla, ona görə ki, cəmiyyətin inkişafı ilk növbədə məhz informasiya və kommunikasiya texnologiyaları ilə mümkündür. Heç bir inkişaf etməkdə olan cəmiyyəti informasiya və kommunikasiya texnologiyaları olmadan qətiyyən ağıla belə gətirmək olmur. Digər tərəfdən də indi bütün sahələrdə məhz informasiya və kommunikasiya texnologiyalarından istifadə edilirsə, oz zaman həqiqətən də məhz cəmiyyətin inkuşafı informasiya və kommunikasiya texnologiyalarının tətbiq dərəcəsindən asılı olur.

Heç şübhəsiz ki, hər bir ölkənin özünəməxsus inkişaf istiqamətindən, tempindən, ələlxüsus da imkanlarından bilavasitə asılı olaraq da informasiya və kommunikasiya texnologiyaları, yeni texnologiyalar tətbiqi olunur. Bu isə o deməkdir ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bütün dünyada heç də bərabər şəkildə deyil. Onu da etiraf etmək lazımdır ki, hal-hazırda ölkələrin bir-biri ilə rəqabət aparmaq qabiliyyəti də məhz informasiya və kommunikasiyaların tətbiqi səviyyəsinin hansı dərəcədə olması ilə ölçülür. Xüsusən də nəzərə almaq lazımdır ki, dövrümüzdə, ələlxüsus da son onillikdə dünya bazarında elektron ticarətin rolunun əhəmiyyətli dərəcədə artması informasiya və kommunikasiya texnologiyalarının tətbiqini daha da aktuallaşdırır. Deməli, həmin texnologiların inkişaf etdirilməsi və tətbiqinin daha da genişləndirilməsi günü-gündən aktuallaşır, hər bir ölkə üçün prioritet hesab olunur.

Bütün dünya ölkələrində, hər bir ölkədə, hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi prioritet məsələdir. Əlbəttə ki, ölkəmizdə də bu texnologiyaların tətbiqinə xüsusi önəm verilməsi, inkişaf etdirilməsi səbəbsiz və əbəs yerə deyil. Əvvəla ona görə ki, qeyd olunduğu kimi müasir dünyamız informasiya və kommunikasiya texnologiyaları olmada təsəvvür belə edilən deyil. Hər sahədə yeni texnologiyalardan istifadəyə üstünlük verilməsi inkişafa zəmin yaradır. Digər tərəfdən də axı həmin texnologiyaların tətbiqinin səviyyəti məhz müasir dünyada ölkələrlə rəqabət aparmaq qabiliyyətinin göstəricisi sayılır. Bu gün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişaf tempinə, eləcə də səviyyəsinə görə ölkəmizin fərqləndiyini qətiyyən təkzib etmək mümkün deyil. Ona görə təkzib etmək mümkün deyil ki, informasiya və kommunikasiya texnologiyaları həm də ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Bu səbəbdəndir ki, həmin sahənin davamlı şəkildə inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı var. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə aparılan islahatlar göz önündədir. Məhz həmin islahatlar deyilənləri təsdiq edir. Unutmaq lazım deyil ki, qeyd olunan islahatlarda da məqsəd innovasiya yönümlü fəaliyyətin daha da inkişaf etdirilməsi, gücləndirilməsi, daha informativ cəmiyyətin qurulmasıdır. Bəli, daha informativ cəmiyyət naminə dövlətimizin öz dəstəyini zərrə qədər də əsirgəmədiyini, xüsusi diqqət və qayğını hər birimiz müşahidə edirik. Məhz həmin dəstəyin, diqqət və qayğının sayəsində inkişafı da görürük və bir daha əmin oluruq ki, diqqətin, qayğının, dəstəyin rolu da danılmazdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım məhz dövlətimizin dəstəyidir və bunu hər birimiz çox yaxşı görürük.

Artıq çoxdandır ki, tətbiq olunan "Elektron Hökumət" ölkəmizdə inkişaf dinamikasını daha da sürətləndirən amillərdəndir. Ona görə ki, bunun reallaşdırılması, tətbiqi əvvəla, dövlət qulluqçuları və vətəndaşlar arasında münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq baxımından əvəzsizdir. Digər tərəfdən də müasir texnologiyaların imkanlarından istifadə edilməsi, xüsusilə "Elektron Hökumət" ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməkdir. Xüsusilə bürokratik əngəllərin aradan qaldırılması üçün əvəzsiz sayılan elektron xidmətlərin göstərilməsinə artıq əksər dövlət orqanlarında rast gəlirik. Eyni zamanda, “ASAN xidmət” özü ölkəmizdə elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunə sayılır və bu xidmət də öz növbəsində, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, sürətləndirilməsi məqsədi daşıyır. Xüsusilə diqqətə çatdırmaq lazımdır ki, vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi kimi prinsiplərə uyğun şəkildə dövlət xidmətlərinin və özəl xidmətlərin göstərilməsi əsasında formalaşdırılan standartlar məhz dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir və prioritet məsələdir.

Döyüş meydanında savaş başa çatsa da informasiya müstəvisində hələ də mübarizəmiz davam etməkdədir. Hələ nə qədər davam edəcəyi barədə də bir söz demək olmaz. Əgər bizim qonşuluğumuzda bizə məxsus olan dəyərlərə sahib çıxmaq istəyən, torpaqlarımıza sahib olmaq iddiasında olan, milli mətbəximizi, musiqimizi, incəsənətimizi, ümumiyyətlə bizə məxsus olan nə varsa, hamısını özününküləşdirmək istəyən mənfur qonşularımız varsa, deməli, informasiya cəbhəsində mübarizə heç bitənə də oxşamır. Belə çıxır ki, informasiya və kommunikasiya texnologiların tətbiqi, daha geniş istifadəsi, inkişafı bundan sonra daha böyük diqqət mərkəzində olmalıdır və dövlətimiz bu sahəyə göstərdiyi diqqətə görə, xüsusən haqlıdır.

Bir halda ki, bizim düşmənlərimiz barəmizdə yalan informasiyalar yaymağa çalışırlar, ən azından tariximizi saxtalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar, deməli, biz döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də qalib olmaq naminə informasiya və kommunikasiyaların inkişaf etdirilməsinə, tətbiqinə diqqəti daha da artırmalıyıq. Tariximizi, mədəniyyətimizi, bizə məxsus olan dəyərləri, elə qələbəmizi də, uğurlarımızı da, haqlı, ədalətli mövqeyimizi də dünyaya çatdırmaq bu gün ən ümdə, ən aktual məsələ hesab olunur ki, bu məqamda artıq informasiya və kommunikasiyaların rolunu qətiyyən danmaq olmaz. Onu da unutmaq lazım deyil ki, informasiya cəbhəsində də qələbə bu gün hər zaman olduğundan daha vacib hesab olunur. Bu isə onu deməyə əsas verir ki, informasiya və kommunikasiyaların bundan sonra da inkişaf etdirilməsi həqiqətən də prioritetdir.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Избранный
27
sia.az

1Источники