RU

Türkiyədə maraqlı kəşf: Sakinlərin 56 ildir üzərində oturduqları daş 1800 illik tarixi əsər imiş

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda 1968-ci ildə tikilmiş Laləli Mərkəzi Məscidinin bünövrəsi qazılarkən maraqlı tarixi daş əsər aşkarlanıb.

Bu barədə hakimiyyet.az Sondakika.com-a istinadən xəbər verir.

Məlum olub ki, Roma İmperiyası dövründə, eramızın 239-cu illərinə aid olan və üzərində yazılar yazılmış daş əsər 56 il ərzində məscidin həyətində oturacaq kimi istifadə edilib.

Həmin vaxt daşın üzərindəki yazılardan şübhələnən, lakin aparılan danışıqlar nəticəsində heç bir nəticə əldə edə bilməyən vətəndaşlar daşı məscidin həyətinə yerləşdirmək və hamar olduğu üçün oturacaq kimi istifadə etmək qərarına gəliblər. Sakinlər 1970-ci illərdən bəri daşın əhəmiyyətini və mənasını bilmədən üzərində oturub dincəlib, qonaqlar qəbul edib, illərlə burada söhbətlər aparıblar.

Lakin məhəllə sakinlərindən olan ədəbiyyat müəllimi uzun illərdən sonra daşın üzərindəki yazılarla bağlı Fatsa Bələdiyyəsi mədəniyyət və ictimai işlər müdiri Cevat Erbilə müraciət edib. Ordu Universiteti alimlərinin də iştirakı ilə yenidən araşdırmalar aparılıb, qədim ellin və latın epiqrafiyası üzrə mütəxəssis, professor Hüseyn Sami Öztürk tərəfindən Latın dilində olan mətn tərcümə edilib və beləliklə də əsərin məzmunu aydın olub.

Müəyyən edilib ki, daşın üzərində imperator III Qordianusun adı və titulları həkk olunub. Həmçinin Qordianusun yolu təmir etdirdiyi ilə bağlı məlumat və yazının sonunda "ikinci mil" ifadəsi yer alıb ki, bu ifadə Roma dövründəki marşrutlar barədə məlumatları ehtiva edir.

Həmçinin mütəxəssis Seçkin Evcim tapılan daşın əhəmiyyətli bir əsər olduğunu və Qara dəniz bölgəsində buna oxşar nümunələrin çətin tapıldığını bildirib.

"Daş eramızın 239-cu ilinə aid edilir. Roma İmperiyasında, xüsusilə də 2-ci və 3-cü yüzilliklərdə imperiyanın bütün ərazisində yerləşdirilmiş, yolları və marşrutları göstərən, eyni zamanda, yolu inşa etdirən və ya təmir edən imperatorun şərəfinə ucaldılmış daşlardır. Anadoluda bununla bağlı aparılan əvvəlki araşdırmalarda belə bir daşla bağlı məlumata rast gəlmədik", - deyə o bildirib.

"İmperatorun buradan keçən Roma yolunu təmir etdirdiyi haqqında məlumata yer verilib və ikinci milə aid olduğu qeyd edilib. Bu da Bolaman və Yalıköy sahillərinə uyğun bir məsafədir. Yəni Laləli məhəlləsindən keçən yol Bolaman sahilindən Mərkəzi Anadoluya doğru davam edən Roma yollarının düz başlanğıcında yerləşirdi. Bu baxımdan daş bölgənin Roma dövründəki marşrutların təyin edilməsi və bu dövr haqqında məlumatların əldə edilməsi istiqamətində vacib bir kitabədir. Üstəlik də, bu bölgə həqiqətən də bu cür əsərlərin tapılması baxımından çətin bir coğrafiyaya sahibdir. Ona görə də, bu tapıntı böyük əhəmiyyət kəsb edir. Bu sayədə Fatsanın mədəniyyət tarixinə önəmli bir əsər əlavə edildi", - deyə Seçkin Evcim qeyd edib.

Lazımi araşdırmalar və danışıqlardan sonra daş bələdiyyə qrupları və məsul şəxslərin köməyi ilə məscidin həyətindən götürülərək, sərgilənməsi üçün Ordu Muzey İdarəsinə aparılıb.

Türkiyədə maraqlı kəşf: Sakinlərin 56 ildir üzərində oturduqları daş 1800 illik tarixi əsər imiş

Türkiyədə maraqlı kəşf: Sakinlərin 56 ildir üzərində oturduqları daş 1800 illik tarixi əsər imiş

Избранный
45
50
hakimiyyet.az

10Источники