RU

İtkin düşmüş şəhidlərin dəfn mərasimləri

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 6 şəhidin nəşi aşkarlandıqdan sonra onların şəxsiyyəti müəyyənləşdirilib. Dünən Vətən qurbanlarının meyitlərinin qalıqları doğulduqları rayonlarda torpağa tapşırılıb. Vida mərasimlərindən sonra dualar oxunub, yaylım atəşləri açılıb. Tabutların büküldüya üçrəngli bayraqlar şəhidlərin ailələrinə təqdim edilib.

Birinci Qarabağ müharibəsi dövründə – 31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən mülki şəhid –1942-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olan Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi torpağa tapşırılıb.

***

1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən Piriyev İsmət Medal oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

Beyləqan rayonunda “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuş şəhidin nəşi dünən Çərəkə kəndində dəfn olunub. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsində yaralanaraq itkin düşən, 31 ildən sonra kimliyi müəyyən edilən şəhidlərimizdən biri də Şahid Sabir oğlu Məmmədovdur.

Ağdərənin Mehmanə kəndi uğrunda gedən ağır döyüşlərdə itkin düşmüş şəhid ailəsinin yaşadığı Şəki rayonunun Orta Zəyzid kəndində dəfn olunub. Vida mərasimində rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

1992-ci il mayın 8-də Şuşa şəhəri işğal olunan zaman itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş Qarayev Hidayət Nəsir oğlu isə Şuşada dəfn olunub.

Qarayev Hidayət Nəsir oğlu 1927-ci ildə Şuşa şəhərində anadan olub. Onun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkarlanıb. Yuxarı Gövhər Ağa məscidinin qarşısında keçirilən vida mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.

***

1993-cü il martın 27-də Kəlbəcər rayonunun Bağırsaq kəndində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn olunub.

Onun nəşinin qalıqları Bağırsaq kəndi ərazisində aşkar edilib. Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində keçirilən mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Tərtər və Kəlbəcər rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin nəşi Seydimli kənd məzarlığında torpağa tapşırılıb.

***

1994-cü ilin aprelində Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Mahmudov Ramiz Mahmud oğlunun meyitinin qalıqları Zaqatala rayonunda torpağa tapşırılıb.

Ramiz Mahmudovun nəşinin doğulduğu Aşağı Tala kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

XQ

Избранный
34
1
xalqqazeti.az

10Источники