RU

“Torpağı dinləyən” geoloq – şair

Oqtay Rza – 90

Onun haqqında danışan pedaqoq həmkarları “Əməkdar müəllim” fəxri adını qabardır, alim dostları geologiya-mineralogiya elmləri namizədi olduğunu daha tez yada salır, ədəbiyyatçılar tanınmış şair kimi xatırlayır, jurnalistlər uzun müddət televiziyada “Hünər” adlı veriliş apardığına görə dəyərli həmkarımız deyə rəhmət oxuyurlar. Mən isə onu unudulmaz bir dost kimi həmişə yad etmişəm və bundan sonra da belə olacaq. O, dünyasını dəyişəndə – 2019-cu ilin avqustunda yazmışdım ki, “İttifaqa “Mirzəbəyli” təxəllüsünü verən şair ... öldüüü?”

... 1973-cü ilin yayı idi. Oqtay Rza “Hünər” televiziya verilişinə İkinci Dünya müharibəsinin əlili oan atam haqqında material hazırlamaq üçün Qutqaşen rayonunun Mirzəbəyli kəndinə gəlmişdi. Elə o vaxtlar da Qutqaşenə Qəbələ deyirdi. Çox maraqlı və milli düşüncəli adam idi. Mənim ədəbiyyata həvəsli olduğumu biləndə dedi ki, sənin adın “qe” hərfi ilə bitir, soyadın isə “qe” hərfi ilə başlanır. İttifaq Qaçayev. Çox ağırdır. Təxəllüs götür. Məsələn, Mirzəbəyli. Dedim axı, bizim nəsildə heç zaman bəy olmayıb. Dedi, sizin kəndinizin adında xalqın ziyalılığı da var, zadəganlığı da, mirzə də var, bəy də...

... 60 yaşından beş-altı ay əvvəl onu Dövlət radiosunun canlı yayımına dəvət etmişdim. Rusiyanın hansısa diyarından yenicə qayıtmışdı. Çıxışının sonunda üzünü salyanlılara tutaraq dedi:

– İndiyədək Salyanın heç bir ziyalısı 60 il yaşamayıb. Əli bəy Hüseynzadə, Aşıq Pənah, Əliağa Kürçaylı, Ağacavad Əlizadə, Xəlil Rza... heç biri 60 illik yubiley görməyib. Mən sizə söz verirəm ki, 60-ı büküb dizimin altına qoyacağam. Kişi kimi sözünə əməl elədi və 25 də artıq. Ədəbiyyatla, kitabla, jurnalistika ilə bağlı tədbir Lənkəranda, Qusarda və ya Qazaxda olsa belə, mümkün qədər iştirak edirdi. Çoxsaylı cavanlarla dostluq edirdi. Hamısı da ona “ustad” deyirdilər.

Yadımdadır, azərbaycanlı jurnalistlər qrupu ilə İraqa səfərimiz zamanı Bağdadda böyük bir binanın bütöv divarı boyda plakat görmüşdük. Plakatda qədim yunanların Ədalət ilahəsi Femida təsvir olunmuşdu. Gözləri ABŞ bayrağı ilə bağlanmış Femidanın tutduğu tərəzinin bir tərəfində qanlı qılınc, o biri tərəfində isə qalın kitab təsvir olunmuşdu. Müəllif müasir ədalətin kitaba (qanun və qaydalara) deyil, qanlı qılınca üstünlük verdiyini ustalıqla ifadə eləmişdi.Yəni əsərdə təsvir olunan qan qanundan ağır gəlmişdi. Onda mən Oqtay Rzanın “Dünya, yaman yiyəsizsən…” şeirini xatırlamışdım.

Narahatdır bəşəriyyət –
Sabaha yol gedə-gedə.
Üç-dörd böyük, qoçu dövlət
Kiçiklərə gəlir hədə.
Diplomatın gözü qalıb
Malda, pulda, əmtəədə.
Heç əvvəlki deyil NATO,
Kəsərsizdir BeEmTe də!
Əsrin gərgin çağında da
Ağsaqqalsız, dayəsizsən –
Hanı aqil hökmdarın?
Dünya, yaman yiyəsizsən!

Oqtay Rza 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Azərbaycan Respublikasının Əməkdar müəllimi, fəxri adına, “Mikayıl Müşfiq” və “Qızıl qələm” mükafatlarına layiq görülmüşdü. Salyan rayonunun Qalalı kəndində doğulub-böyüsə də, tez-tez “Bütün Salyan mənim ana kəndimdir”, – deyirdi.

Ondan çox kitabın müəllifi olsa da, daha çox 1970-ci ildə işıq üzü görmüş, ilk kitabı olan “Torpağı dinləyirəm” və 1987-ci ildə Moskvada nəşr olunan “Daş çıraq” (“Kamennıy svetilnik”) kitabları barədə danışırdı.

Ölümündən bir ay əvvəl “525-ci qəzet”də verilmiş bir şeirinə rəy yazmışdım və əlavə etmişdim ki, Oqtay müəllim, tələsmə, bütövlüyümüzü görəcəyik (Mən işğaldakı bütün torpaqlarımızın azad ediləcəyi günü nəzərdə tuturdum, o isə daha böyük arzularla yaşayırdı). Zəng edib demişdi ki, bilirəm, Mirzə (bütün qələm sahiblərinə Mirzə deyirdi) nə isə var. Həmin şeirin bir bəndi belə idi:

Mütləq açılacaq o düyün, o sirr,
Güney söyləyirəm, ürəyim əsir.
Bütövlük əsrinin küləyi əsir,
Vaxt fərman verəcək –
nəsə, nəsə var!

Bu gün, noyabrın 2-də sənin 90 yaşın tamam olur, Ustad. Biz təbrik edirik, Allah isə rəhmət eləsin!

İttifaq MİRZƏBƏYLİ

Избранный
40
xalqqazeti.az

1Источники