RU

Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir – FOTO

Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

Bu barədə KONKRET.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir.

Sərginin açılışında İstanbul valisi Davud Gül, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Xalq yazçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də ölkəmizdən və Türkiyədən tanınmış və gənc yazarlar iştirak ediblər.

Bildirilib ki, 9 gün davam edəcək sərgidə Türkiyədən və xaricdən 2000-dən çox yazıçı və şair iştirak edir. Sərgi çərçivəsində 200-dən çox imza mərasimi daxil olmaqla, 450-dək müxtəlif səpkili tədbir təşkil olunacaq.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirilib ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan və Türkiyə eyni etnik-mədəni köklərə malik olmaqla zəngin ortaq dəyərləri paylaşmaqdadır.

Qeyd olunub ki, türk ədəbiyyatının böyük simaları Rəşad Nuri Güntəkin, Yaşar Kamal, Nazim Hikmət, Əziz Nesin kimi yazarların əsərləri Azərbaycanda böyük rəğbətlə qarşılanıb, dəfələrlə nəşr edilib:

“Bu gün də ölkəmizdə türk ədəbiyyatının tanınmış simalarının əsərlərinin tərcüməsi və təbliği işi davam etdirilir. Eyni zamanda məşhur Azərbaycan yazarları Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Almas İldırım, Əhməd Ağaoğlu, Bəxtiyar Vahabzadə və başqalarının əsərlərinin Türkiyə oxucuları tərəfindən sevilməsi bizləri fərəhləndirir. Əhməd Cavadın qələmə aldığı, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bəstələdiyi və Qafqaz İslam Ordusunun marşı kimi səslənən “Çırpınırdın, Qara dəniz” şeiri xalqlarımızın dilinin əzbəridir”.

Nazir müavini bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin qızıl dövrünü yaşayır. Bunun da əsasında, ilk növbədə, dövlət başçılarımız – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti şəxsi dostluğu dayanır.

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, İstanbul valisi Davud Gül, sərginin “fəxri yazarı” Yalvaç Ural və başqaları çıxış edib, sərginin əhəmiyyətini vurğulayıb. Çıxışlarda Türkiyədə kitab sənayesinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən söz açılıb.

Sonra İstanbul valisi Davud Gül mədəniyyət nazirinin müavini Fərid Cəfərova valiliyin hədiyyə plaketini təqdim edib.

Daha sonra sərginin bədii hissəsi başlayıb.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində milli stendimizdə 20-dən çox müxtəlif səpkili tədbirin təşkili nəzərdə tutulub.

KONKRET.az

Избранный
55
47
konkret.az

10Источники