RU

“Reqbiyə uşaq axını hiss olunacaq dərəcədə artıb”

Reqbi iki komanda arasında oval bir topun əl və ayaqlarla idarə edilərək oynanılan idman növüdür. Azərbaycanda çox populyarlıq qazanmasa da, xüsusilə, Kanada və ABŞ-də bu sahəyə böyük maraq var. Vətəni İngiltərə olan reqbi XIX əsrdə yaranıb. Əvvəllər məktəblərdə oynanılan bu idman zaman ötdükcə populyarlaşıb və beynəlxalq idman növünə çevrilib.

Azərbaycanda isə təxminən bir əsr sonra bu sahəyə maraq başlayıb. İlk reqbi “Bakı” 2001-ci ildə yaradılıb. İki sonra isə Azərbaycanda reqbi çempionatı keçirilməyə başlayıb. Azərbaycan 2004-cü ildən Beynəlxalq Həvəskar Reqbi Federasiyasının üzvü olub. Reqbi komandalarımız artıq beynəlxalq arenada da turnirlərdə iştirak edir.

Azərbaycanda reqbinin mövcud durumu və inkişaf perspektivləri haqda Reqbi Federasiyasının baş katibi, “World Rugby”də 2-ci dərəcəli beynəlxalq məşqçi Eldar Kərimovla söhbətləşdik. Funksioner reqbinin ölkəmizdəki vəziyyəti haqda bunları söylədi:

“Reqbinin ölkəmizdə inkişafı prosesi strateji plan üzrə mərhələli şəkildə davam edir. Gənclər və İdman Nazirliyinin bu idman növünə dəstək verməsi işimizi olduqca asanlaşdırır. Hal hazırda strategiyamızın ilkin mərhələsindəyik və tam gücümüzü uşaq və yeniyetmə reqbisinə yönəltmişik. Bir neçə ay bundan öncə cəmi 2-3 məktəbdə reqbi komandaları var idisə, bugün Bakı və bölgələrdə 10 məktəbdə reqbi və təq-reqbi üzrə məşqlər davam edir, komandalar formalaşdırılır və Azərbaycanda ilk dəfə təq-reqbi üzrə Məktəb Liqası keçirilir. Artıq 2 tur arxada qalıb və uşaqlar böyük maraqla burada iştirak edib rəqabət aparırlaq. Bir sıra özəl məktəblərdə reqbi tədris proqramına salınıb və bu o deməkdir ki minlərlər uşaq və yeniyetmə bədən tərbiyyəsi dərslərində bu oyunu oynayacaqlar. Yeniyetmələrdən ibarət milli yığma komandanın formalaşdırılması üçün artıq yetərincə namizədlər vardır və yaxın zamanda belə bir komanda yaradılacaqdır. Eyni zamanda gənc məşqçilərin və hakimlərin yetişdirilməsi prosesi də uğurla davam edir”.

Reqbiyə maraq son illərdə artıb. Kərimovun sözlərinə görə, gözləntilərindən daha çox uşaq bu sahəyə yönəlir. O, uşaqlar reqbini seçməsində valideyn rolundan söz açdı:

“Bu sahəyə maraq gözləntilərimizi üstələyir. Çətinliyimiz ondan ibarət idi ki uşaqların bu və ya digər idman növü ilə məşğul olmasına qərarı əksər hallarda valideyinlər verir. Reqbinin isə təhlükəli idman növü olması stereotipi geniş yayılmışdır və uşaq cəlb etməkdə çətinlik çəkirdik. Lakin məktəblərdə komandaları yaradılması, valideyinlərin məşqləri və oyunları izləməsi tədricən bu stereotipin aradan qalxmasına yardımçı oldu və reqbiyə uşaq axını hiss olunacaq dərəcədə artmışdır. Hətta bir neçə məktəbdə əvvəlcədən planlaşdırılan həftəlik məşq sayı artırılmışdır ki hamı məşqlərdə iştirak edə bilsin. Bu mənada biz hazırki durumdan çox razıyıq, amma gələcəkdə bu marağı qoruyub saxlamaq və bir qədər də artırmaq üçün lazım olan addımlar atılacaqdır”.

Funksioner reqbinin kütləviləşdirilməsi prosesindən söz açdı:

“İstənilən idman növündə kütləviləşdirmə prosesi səriştəli şəkildə həyata keçiriləcək kompleks tədbirlərdən ibarətdir. Uşaqları az tanınan idman növünə gətirməkdənsə biz idman növünü uşaqların hüzuruna məktəblərə gətirdik. Uşaqlar kiçik yaşlarda stadiona və ya idman zalına idmanla məşğul olmaq üçün deyil, əylənmək üçün gəlirlər. Burada məşqçinin bacarığından çox şey asılıdır. Əgər o özünü uşağa sevdirə bilsə o, məşqə məhz onunla ünsiyyət üçün gələcək. Məşqçi uşaqlarla dost olmağı bacarmalıdır. Bizim əsas tərəfdaşlarımız olan Gürcüstan Reqbi Birliyi və klublar məşqçilərimizin təcrübə toplamasında böyük rol oynayırlar. Əsasən də uşaq məşqçiləri. Müntəzəm oyunların və yarışların keçirilməsi də vacibdir. Bu həm məşq prosesinin necə getdiyinin, hansı çatışmazlıqların olmasının indikatorudur, həm də balaca reqbiçilərdə bu idman növünə marağın aşağı düşməməsi üçün vacib amildir. Və əlbəttə bu idman növündə olan perspektivlər də uşaqların və onların valideyinlərinin qərarlarına təsir göstərən amildir. Reqbinin Olimpiya statusunu alması böyük bir üstünlük oldu. Gürcüstan Avropa reytinqində 6-cı yerdədir. Dünyada isə 13-cü. Coğrafi baxımdan belə bir qonşumuzun olması bizə bu reytinqlərdə ən yüksək pillələr uğrunda mübarizə aparmaq üçün çox faydalı olacaqdır. Bunun üçün vaxt və düzgün qurulmuş sistemli iş lazımdır ki Federasiyamız artıq bu yolun başlanğıcındadır”.

Hər idman növündə olduğu kimi, reqbinin də uşaqların inkişafına və fiziki tərbiyəsində önəmli rolu var. Kərimov bu sahənin xüsusilə, yeniyetmələr üçün çox faydalı olduğunu bildirdi:

“Reqbi hər bir insan üçün, əsasən də uşaq və yeniyetmələr üçün çox faydalıdır. İlk növbədə bu idman növü şəxsiyyətlər, sonra isə idmançılar yetişdirir. Əbəs yerə reqbinin centlmenlər oyunu adlandırmırlar. Burada oyunçulara mübarizəni yalnız idman prinsipləri əsasında aparılması, rəqiblərə, hakimlərə və tamaşaçılara hörmətlə yanaşma öyrədilir. Bu mənada reqbi Böyük Britaniya ölkələrində olduğu kimi yaxşı tərbiyyə üsuludur. Fiziki inkişafa gəldikdə isə reqbi oyunçuları fiziki güclü, cəld və çevik edir. Stress vəziyyətində düzgün qərar vermə və komanda şəklində fəaliyyət göstərmə kimi bacarıqlar burada sürətlə inkişaf edir. Hamını reqbi ilə məşğul olmağa dəvət edirik”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Избранный
53
futbolpress.az

1Источники