RU

Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

Noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək. Mərkəzdən SİA-ya bildirilib ki, “Qlobal Yaşıl İqtisadiyyat: İqlim Fəaliyyəti, Maliyyələşdirmə və İnnovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak edəcəklər.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyur. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Forumda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, AİBİ-nin icraçı direktoru Tetsuşi Sonobe, İndoneziya Respublikası Prezidentinin xüsusi müşaviri Bambanq Brodjoneqoro, Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) icraçı direktorunun müşaviri Nikolas Buşoud, BMT Universiteti - Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutundan Şen Sayomenq, Brukinqs İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun prezidenti Adil Nacam və digər nüfuzlu beyin mərkəzlərinin rəhbərləri və alimləri çıxış edəcəklər.

Forumun birinci hissəsində “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition), ikinci hissədə isə “Qlobal İqlim Dayanıqlılığı üçün Yaşıl Maliyyə: Strategiyalar və İnnovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzuları ətrafında müzakirələr aparılacaq.

Tədbir İİTKM-in inzibati binasında hibrid rejimdə keçiriləcək. Forumda müzakirələrə onlayn qoşulmaq üçün http://globalthinktanksforum.ereforms.orgsaytından qeydiyyatdan keçmək lazımdır.

Избранный
12
15
sia.az

10Источники