RU

“Mən bura şəhid olmağa gəlmişəm”

Bu günlərdə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış cəsur döyüşçü Göydağlı Ramazan Əbülfət oğlunun anım günü idi. Bu münasibətlə Culfa rayon Kırna kənd qəbristanlığında anım mərasimi keçirilib.

Tədbirdə rayon rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagirdləri, hərbi hissə nümayəndələri, qazilər, şəhid ailələri iştirak edib.

İştirakçılar qəhrəmanımızın məzarını ziyarət edərək məzarı önünə əklil qoyub və şəhidin ruhuna dualar oxuyublar.

Şəhidin anım mərasimində çıxış edən qonaqlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasından qürur hissi ilə danışıblar.

Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı olan qəhrəmana  "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.

İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib və bir sıra fərqli sahələrdə işləməyə başlayıb. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanıb.

Bir neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara qoşulub.

Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib. MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda davam edən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ramazanın ölüm xəbəri Əbülfət müəllimə noyabrın 1-də verilir. Bu acı xəbəri şəhidin anasına necə verəcəyini düşünən: “Axı mən Zülfünaza necə deyim ki, oğlumuz şəhid olub?” sualına özü də cavab tapa bilməyən ata ertəsi gün oğlunun tabutunu çiyninə götürüb. “Ah oğul, kaş mən oğul tabutunu çiynimə almazdım. Mənim nəşim sənin çiyinlərində gedərdi” - deyən atanın bu sözləri dəfndə iştirak edənlərin qəlbini sızladıb.

Həqiqətən də dünyada insan bir çox itgilərlə üzləşir. Ata-anasını, hətta bacı və qardaşını itirənlər illər keçdikcə bu acıyla yaşamağa alışır. Amma övlad itkisi hər bir valideyin üçün sağalmaz yara olur. Məhz buna görə şəhid valideynlərini nə qədər təsəlli etsək də, bu onlara ağır gəlir. Tutunduqları yeganə təsəlli budağı övladlarının məhz Vətən uğrunda şəhid olmasıdır. Tədbirdə də çıxış edən hər bir şəhid valideynlərinin dilindən bu sözləri eşidirik: “Təki Vətən sağ olsun. Gələcək nəslimiz firəvan böyüsün, heç bir valideyn övlad itkisi ilə üzləşməsin. Amin!”

Ramazan Noyabrın 2 də uğrunda canını fəda etdiyi Vətən torpağına qovuşdu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramazan Göydağlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramazan Göydağlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ramazan müharibənin getdiyi müddətdə yoldaşına son dəfə bu sözləri söyləyib: “Mən bura şəhid olmağa gəlmişəm”.

Sosial şəbəkədə paylaşdığı mesaj da bu yolda canını hər an fəda etməyə hazır olduğunun göstəricisidir.

 “Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...” – söyləyib cəsur döyüşçümüz.

Vətəninə şərəflə xidmət edən Ramazan canı qədər sevdiyi vətəninin bütövlüyü uğurunda hücum əmri gələndə silaha sarılıb, öndə gedib. Düşmən avtomobili,  onlarla canlı qüvvəsi Ramazanın rəşadəti ilə məhv edilib.

Torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayacağını hər zaman bəyan edən Ali Baş Komandan İlham Əliyev öz əsgərinin vətənpərvərliyinə güvənib ordu quruculuğu işini yüksək səviyyədə reallaşdırdı. Vətən müharibəsində Azərbaycanın Ramazan kimi cəngavərləri xalqımızın qəhrəmanlıq səlnaməsini yenilədi, düşmənə yerini göstərdi.

Ruhun şad olsun qəhrəman!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin Üzvü

 

Избранный
19
herbiand.az

1Источники