RU

Azərbaycan bodibildinqi dünya hegemonuna çevrilir

Azərbaycan bodibildinqçiləri Santa-Susannada (İspaniya) keçirilən Dünya kubokunda fenomenal nəticə göstərərək yeni rekordlar müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, komanda 4-ü qızıl olmaqla bir çox mükafat qazanıb və iki idmançı da mütləq çempion adına layiq görülüb.

Dünya bodibildinqinin bütün elitasını bir araya gətirən reytinq turniri bütün gözləntiləri üstələyib. Yarışın gedişi göstərdi ki, komandamız nəinki yeni səviyyəyə yüksəlib, həm də artıq hegemonluq edir.

Nəticələr də bunu sübut edir: Elnur Allahyarov (bodibildinq), Fərid Nəcəfli ("Men’s physique") mütləq çempion adına layiq görülüblər, Aşur Abdullayev yeniyetmələrin "Men’s physique" yarışında birinci yeri tutub, həmçinin Samir Məmmədli (bodibildinq) də qızıl qazanıb. Santa Susannaya dünya miqyasında tanınan qızıl komanda yollandığını deyə bilərik.

Santa-Susanna son illər bodibildinq paytaxtı kimi tanınır. Burada dünya və Avropa çempionatları, eləcə də nüfuzlu reytinq turnirləri keçirilir. May ayında Barselona ətrafında yerləşən kurort şəhərciyində qitə çempionatı keçirilib. O vaxt komandamız ümumilikdə 7 qızıl, 6 gümüş, 6 bürünc mükafat qazanaraq, dörd mütləq çempionluq qazanıb. Bundan əlavə, komanda ümumi bodibildinq hesabında birinci olub.

Rəsmi olaraq IFBB Fitness Sport Games adlanan Dünya kubokunun nəticələri də diqqətçəkicidir. Azərbaycan idmançılarının, demək olar ki, hamısı finala yüksələrək, ümumilikdə 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

"Men’s physique" üzrə gümüş medal qazanan Kamil Əliyev, həmçinin bürünc mükafatlara sahib çıxan təcrübəli Vüqar Verdiyev və Təbriz Tarverdiyev ("Men’s physique") də fəxri kürsüyə qalxıblar.

Santa-Susannada (İspaniya) Beynəlxalq Bodibildinq Federasiyasının (IFBB) pro-kartları da oynanılıb. Onlar sahiblərinə peşəkar turnirlərdə iştirak etmək hüququ verirlər.

Pro-kartlar uğrunda Elnur Allahyarov və Samir Məmmədli mübarizə aparıblar. Dünya kubokunun mütləq çempionu Allahyarov üçüncü yeri tutub. Turnirdə həmçinin qələbə qazanmış Məmmədli isə dördüncü olub. Hər iki idmançımız pro-kartlar qazanaraq güclərini peşəkarlarla da sınaya biləcəklər.

Fitnes-bikinidə də ciddi irəliləyiş olub. Nərmin Tarıverdinin finala çıxaraq beşinci yeri tutması bu səviyyəli yarışlar üçün ciddi göstəricidir.

“Komanda fenomenal nəticə göstərdi. Santa Susannada keçirilən yarışda yenidən iştirak etməkdən şad olduq. Müsbət emosiyalar, əla səviyyəli iştirakçılar, komandamızın əla çıxışı. Mövsümün sonu əla oldu”, - deyə milli federasiyanın prezidenti Rauf Bünyadəliyev bildirib.

Şübhə yoxdur ki, Dünya kuboku beynəlxalq arenada inanılmaz güc qazanmış Azərbaycan bodibildinq idmanı üçün yeni səhifə açır. Görünən odur ki, bu son hədd deyil.

Zəki Feyzullayev
İdman.biz

Избранный
28
idman.biz

1Источники