RU

İran-İsrail savaşı yeni formaya keçdi- quru qoşunları üz-üzə gəldi...

Image

İran İsrailə qarşı cavab zərbəsinin miqyasını artıra bilər ki, bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu deyil, həm də nizami ordu iştirak edəcək. Belə bir məlumat “The Wall Street Journal” nəşri tərəfindən yayılıb. 

Nəşrin mənbələrinə əsasən, Tehran bu qərarı son İsrail zərbələri nəticəsində İran hərbçiləri və mülki şəxslər arasında itkilər olduğunu nəzərə alaraq qəbul edib. Bildirilib ki, İran hökuməti İsrailə cavabında əvvəlki hücumlarda olduğu kimi raket və pilotsuz uçuş aparatları ilə kifayətlənməyi planlaşdırmır. Mənbələr iddia edir ki, bu vəziyyətdə istifadə ediləcək hər bir raket daha güclü döyüş başlığına malik olacaq. Lakin nəşr qeyd edib ki, İslam Respublikasının reaksiyası regionda qoşunların yerləşdirilməsini nəzərdə tutmayacaq. Buna rəğmən, İsrailə zərbə üçün İraq ərazisindən istifadə oluna bilər.

İranın ali dini lideri Ayətullah Əli Xamenei də budəfəki cavab zərbələrinin sarsıdıcı olacağını bildirib: “Düşmənlər, istər sionist rejim, istərsə də Amerika Birləşmiş Ştatları, İrana, İran xalqına və müqavimət cəbhəsinə etdiklərinə görə mütləq sarsıdıcı cavab alacaqlar”. Ali lider təhdid edilən hücumun vaxtı və miqyası barədə ətraflı məlumat verməyib. Qeyd edək ki, ABŞ ordusu bütün Yaxın Şərqdə fəaliyyət göstərir və bəzi qoşunlar hazırda İsraildə Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) batareyasını idarə edir. Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla İran müəssisələrinə zərbələr endirdiyini bildirib. İran oktyabrın 26-da İsrailin hava hücumundan hərbi obyektlərinə dəyən zərərin ciddi olmadığını bəyan etsə də, peyk görüntüləri bunun əksini söyləyir. Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Fabian Hints deyib ki, İsrail İranın uzaqmənzilli raket istehsal etmə qabiliyyətinə ciddi zərbə vurub. Burada bir məqamı qeyd edək ki, oktyabrın 1-də İran İsrailə 200-dək raket zərbəsi endirmişdi. Bu, Tehranın başlıca düşməninə qarşı gerçəkləşdirdiyi ən miqyaslı birbaşa raket hücumu idi. Hərbi obyektləri hədəfləyən onlarca raket İsrailin keçilməz sayıldığı havadan müdafiə sistemini yarmışdı. Elə İsrailin sonuncu hücumun da əsas məqsədi İranın bərk yanacaqlı ballistik raket istehsalını əngəlləmək olub. Çünki Tehranın hücumunda İsraildə ən çox təlaşı da elə bu raketlər yaradıb. Bərk yanacaqlı raketlərin maye yanacaqlılardan fərqi ondadır ki, bunları atmağa daha az adam və vaxt lazımdır. Ekspertlərin fikrincə, aramsız yaylım atəşləri zamanı belə raketlər çox effektiv silahdır. İsrail sözügedən hücumunda İranın dörd raket istehsal edən obyektinə zərbələr endirib. Yaxın Şərq üzrə müdafiə mütəxəssisi Ceremi Binninin fikrincə, obyektlərə dəyən zərərin tam ölçüsü hələ də bilinmir. Binninin dediyinə görə, indi İsrail keçilməz saydığı öz havadan müdafiə sistemini yarmaq üçün düşmənə neçə raket lazım olduğunu bilir: “İsraillilər İranda ballistik raketlərin dəqiq sayını bilməsələr də, onun artmasının önünü kəsmək istəyirlər”.

İsrailin hücumu həm də İranın radarlarını və Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini hədəf alaraq hava hücumlarını dəf etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyıb. ABŞ və İsrail rəsmilərinə istinadən, hücum zamanı üç S-300-ün sıradan çıxarıldığı barədə təsdiqlənməmiş xəbərlər var. Binninin sözlərinə görə, S-300 İranın ən güclü havadan müdafiə sistemidir: “Bu üzdən, onların hədəfə alınması bir daha İranın özünü qoruya bilməməsini göstərir və gələcəkdə İsrailin hava qüvvələrinə daha çox hərəkət azadlığı verir. Radarlar İranın erkən xəbərdarlıq sisteminin vacib hissəsidir”. Bu radarlar hücum zamanı da yararlı idi, çünki ballistik raketlərin trayektoriyalarını ölçməyə və lazəmolarsa, hərəkət kursunu dəqiqləşdirməyə yardım edir. Ekspertlər deyir, İranın istər hücum, istərsə müdafiə qabiliyyəti zəiflədiyindən İsrailə qarşı irimiqyaslı savaş aparması inandırıcı deyil. Binninin söylədiyinə görə, ABŞ İsraildə THAAD-ı yerləşdirəndən sonra güc nisbəti İsrailin xeyrinə dəyişib. Mediaya sızan xəbərlərdə İranın hazırladığı hücumda İraqdakı şiə döyüşçülərdən yararlanacağı deyilir.  İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini general Əli Fədəvi bildirib ki, İranın sionist təcavüzünə reaksiyası qətidir: “40 il ərzində biz heç vaxt aqressiyanı cavabsız qoymamışıq. Biz bir əməliyyatda sionistlərin sahib olduğu hər şeyi məhv etməyə qadirik”. İsrail kəşfiyyatı təsdiq edir ki, İranın çoxlu sayda pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək cavabı həqiqətən də gözlənilir. İki ölkə arasında münasibətlərin gərginləşməsi bütün Yaxın Şərq regionunu genişmiqyaslı müharibə həddinə çatdırıb. Bəzi ekspertlər isə hesab edirlər ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri məlum olana qədər Tehran heç nə etməyəcək. Vaşinqton Tehranı fəlakətli nəticələrə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.

Nahid SALAYEV





Избранный
42
50
baki-xeber.com

10Источники