RU

Zəngəzurdan 27 minə yaxın erməni birdəfəlik xaricə köçüb - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin (BDU) Erməni Araşdırmaları və Təlim Mərkəzinin (EATM) direktoru, ermənişünas alim İsmayıl Tanrıverdi olub.

O, rəhbərlik etdiyi mərkəzin yaranma zərurətindən, görülən işlərdən geniş söhbət açıb. Bildirib ki, Mərkəz 2012-ci ildən laboratoriya kimi fəaliyyətə başlayıb, sonrakı illərdə əhatəsini genişləndirib. Bu vaxta qədər erməni dilində dərslik vəsaitləri, min səhifəlik “Ermənicə-Azərbaycanca lüğət” kitabı hazırlanıb. Eyni zamanda erməni yalanlarını, saxta təbliğatını ifşa edən, erməni alimlərinin özləri tərəfindən yazılan əsərlər Azərbaycan dilinə tərcümə edilib. Hazırda BDU-da ali təhsil alan gənc tələbələr, bəzi hallarda dövlət qurumlarının əməkdaşları bu mərkəzin fəaliyyətindən yararlanırlar.
 

Düşmənin dilini bilmədən ona qalib gəlməyin qeyri-mümkün olduğunu söyləyən müsahib vurğulayıb ki, hazırda Azərbaycanda erməni dilini öyrənməyə böyük maraq var. İ.Tanrıverdi deyib ki, EATM Ermənistanda cərəyan edən prosesləri də diqqət mərkəzində saxlayır, təhlillər, araşdırmalar hazırlayır. O, erməni alimlərdən Ukraynada yaşayan Filipp Ekozyansdan, ABŞ-də universitetdə pedaqoji fəaliyyətlə məşğul olan Armen Melikiandan, eləcə də digərlərindən sitat gətirməklə, ermənilərin əsl kimliyinə diqqət çəkib.


Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ötən əsrdə dəfələrlə soyqırımı və deportasiyalara məruz qaldığını xatırladan Mərkəz rəhbəri bildirib ki, etnik təmizləmələr, xalqımıza qarşı düşmənçilik siyasəti ermənilərə heç nə qazandırmayıb. O, Ermənistan sakinlərinin artıq ölkəni tərk etdiyini, təkcə Zəngəzurdan 27 minə yaxın erməninin birdəfəlik xaricə, xüsusən Rusiyaya köçdüyünü deyib.

Ata-baba yurdu Amasiyanın Quzukənd kəndində keçirdiyi uşaqlıq, gənclik illərini, tarixi torpaqlarımızla bağlı gerçəklikləri dilə gətirən İ.Tanrıverdi 35 ildən çoxdur Vətən həsrəti ilə yaşadığını, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından sonra geriyə qayıtmaq ümidinin artdığını vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutların, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 4-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.



Bizim.Media

Избранный
70
1
bizim.media

10Источники