RU

Trampı Azərbaycana qarşı “tramplin”ə və daşnaka çevirmək istəyənlər

Təhlükəli gedişat, yoxsa..; “Harrislə müqayisədə onun ermənilərə yönəlik gedişi o qədər qorxulu və narahatedici deyil”

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp bir həftənin içində ikinci dəfə ermənilərə reverans, Azərbaycana qarşı isə de-marş etdi. Xəbər verildiyi kimi, onun növbəti gözlənilməz addımı qatı antitürkçü və irqçi düşüncəli “din” xadimi, katolikos I Arama zəng edərək erməni icmasına və “artsax”a dəstəyini ifadə etməsi olub. 

Tramp həmçinin ABŞ-dakı erməni icmasını “güclü, ağıllı və dinamik” kimi təsvir və tərif edərək, onların Amerikada “sosial və iqtisadi sahələrdəki mühüm rolu”nu vurğulayıb. Eyni zamanda regionda davamlı sülhə sadiqliyini vurğulayıb. 

I Aram isə telefon danışığı zamanı Donald Trampdan həyasızcasına görün hansı iki əsas xahişi edib: 

“a) ABŞ-ın yeni hökuməti "artsax" ermənilərinə beynəlxalq zəmanət altında öz tarixi torpaqlarına qayıtmaq və onların öz müqəddəratını təyinetmə kimi haqlı tələbi məsələsində hərtərəfli dəstək verməli, “artsax”lılara qarşı törədilmiş soyqırımına görə Azərbaycanı məsuliyyətə cəlb etməyi  tələb etməlidir" 

b) Yeni hökumətdə Amerika erməni icmasını təmsil edən bir şəxsin olması lazımdır"...

Trampın son “erməni gedişi” ekspertlər tərəfindən seçki strategiyası aspektindən, erməni seçiciləri cəlb etmək üçün atılan addım kimi qiymətləndirilsə də, bəzi suallar ortaya çıxıb. Məsələn, qalib olacağı təqdirdə və Ukrayna müharibəsi bitəndən sonra Trampın “erməni məsələsi”ndə Putinlə dil tapıb Azərbaycana Qarabağda problem yaratması mümkündürmü? 

Məsələ ondadır ki, Qarabağdan getmiş ermənilərin geri qayıtmasında Moskva da maraqlıdır. Təbii ki, öz mənafeyi çərçivəsində. Bundan əlavə, ABŞ və Rusiyanın həmsədri olduğu üzdəniraq Minsk Qrupu formal da olsa hələ ki, qalır, İrəvan onun ləğvinə razılıq vermir. O zaman erməni lobbisinin, Ermənistanın, düşmən çevrələrin Trampdan Azərbaycana qarşı “tramplin” düzəltmək təhlükəsi varmı?

Yusif

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, seçkilər öncəsi ayrı-ayrı namizədlərin bu və ya digər icma təmsilçilərinə xoş gələn açıqlamalarla çıxış etməsi təbiidir. Həm Tramp, həm də Harris ABŞ-da olan yəhudi icması təmsilçilərinə, ərəb icmalarına xitabən müxtəlif bəyanatlar və açıqlamalar verdikləri kimi, ermənilərin səsləri uğrunda da yarışa giriblər. Odur ki, indi namizədlərin hansı bəyanatlar və vədlərlə çıxış etdiyi deyil, hakimiyyətə gələcəkləri halda hansı addımları atacağı daha önəmlidir: “Tarixə nəzər salsaq görərik ki, ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq onlar Azərbaycanla müqayisədə Ermənistana hər zaman daha yaxın olublar. Elə müxtəlif hakimiyyətlər dövründə ATƏT-in Minsk Qrupu həmsədri qismində Ağ Evin mövqeyi və işğala məruz qalan ölkəni deyil, prosesin uzanması ilə işğalçıya dəstək verdikləri bunun bariz sübutudur. O başqa məsələdir ki, respublikaçılarla müqayisədə demokratların hakimiyyəti dövründə biz ABŞ tərəfindən daha çox təzyiqlərlə üzləşmişik. 907-ci düzəlişin tətbiqi, sanksiyalarla bağlı hədələr və bir çox digər məsələlər məhz demokratların hakimiyyəti dövründə baş verib. Elə indi də Co Bayden hakimiyyətinin və ermənilərə xüsusi simpatiyası ilə seçilən Kamala Harrisin mövqeyinə baxanda görərik ki, onlar Ermənistanın silahlandırılması və maliyyə dəstəyi fonunda ölkəmizə qarşı təzyiq kampaniyasını davam etdirirlər.

Digər bir məsələ də var ki, o da İkinci Qarabağ savaşı və həmin dövrdə ABŞ-ın sərgilədiyi mövqe ilə bağlıdır. Biz İkinci Qarabağ savaşına məhz Trampın hakimiyyəti dövründə başladıq və işğalçı üzərində qələbə çaldıq. Həmin dövrdə ABŞ-ın mövqeyi ancaq atəşkəsə çağırışla bağlı oldu və quru bəyanatlardan o yana keçmədi. Yəni biz Donald Trampın birinci hakimiyyəti dövründə Azərbaycana qarşı sanksiyaların tətbiqi və ya digər hədələrlə üzləşməmişik.

Düşüncəmə görə, indi də Trampın hakimiyyətə gələcəyi halda Bayden hakimiyyətində olduğu həddə təhdidlər və təzyiq olmayacaq. Məlumdur ki, Tramp hakimiyyətə gələcəyi halda Rusiya ilə münasibətdə daha loyal siyasət yürüdəcəyini bəyan edib. ABŞ-ın indiki hakimiyyətinin Ermənistanla müqayisədə Azərbaycana qarşı sərgilədiyi mövqe isə daha çox Rusiya faktoru ilə bağlıdır. Yəni başqa sözlə desək, Bayden hakimiyyəti Ermənistan kimi Azərbaycanı da müstəqil siyasət yürütməyən, müti dövlət olaraq görmək və Rusiyaya qarşı cəbhə açmasını istəyir. Əgər Tramp Rusiyaya qarşı loyal siyasət yürüdəcəksə, demək, bu istiqamətdə ölkəmizə qarşı da təzyiqlərə də ehtiyac qalmayacaq".

Politoloq qeyd etdi ki, əgər Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti yenə region ölkələrini özündən asılı vəziyyətdə saxlamaqdan ibarət olacaqsa, o zaman təzyiqlər də davam edəcək: “Amma mən düşünürəm ki, Trampın indi nə deməsindən asılı olmayaraq prioritet Çin istiqaməti olacaq. Biz bunu Trampın birinci hakimiyyəti dövründə də müşahidə etmişik. İndi zəifləmiş və iqtisadi cəhətdən tükənməkdə olan Rusiyadan sonra Çin və İran kimi ölkələr ABŞ üçün daha çox önəm daşıyacaq”.

Şuşanın

Anar Əliyev 

Politoloq Anar Əliyev isə bildirdi ki, ABŞ-da prezidentliyə namizədlərin seçki təbliğatı dövründə aqressiv davranışları, xüsusilə də ABŞ daxilində seçicilərin rəyinə təsir etmək gücündə olan qruplara istiqamətlənmiş mesajları bugünlərdə daha da artıb: "Xüsusilə erməni lobbi təşkilatları üzərindən namizədlərin təbliğatlarında istifadə etmək cəhdləri çox müşahidə olunur. Erməni diasporunun səsini almaq üçün daha çox demokratlar təbliğat-təşviqat addımlarında reveranslar edir. Son günlər isə respublikaçı Donald Tramp da ard-arda antitürk və ermənipərəst mövqe ortaya qoymaqdadır. Təəssüf ki, demokratlardan fərqli olaraq müəyyən qədər obyektivliyə yaxın bir mövqe sərgiləyən, erməni yalanlarına öz fəaliyyətlərində və təbliğatlarında o qədər də yer ayırmayan Respublikaçılar Partiyasının namizədi bu dəfə demokratların xəttinə uyğun mövqe ortaya qoyub. Qəti antitürkçü, qəti antiazərbaycançı erməni din xadiminə telefon açması, ABŞ-da mövcud olan erməni icmasına dəstək nümayiş etdirməsi və təəssüflə qeyd etməliyik ilk dəfə "artsax" terminini istifadə etməsi onu göstərir ki, Tramp seçki prosesinin çox gərgin keçəcəyini, hər bir səsin həlledici ola biləcəyini çox yaxşı dərk edir. Bu mənada ABŞ siyasətinə, ABŞ-da keçirilən seçkilərə kifayət qədər müdaxilə imkanları, həm də bir çox hallarda qeyri-qanuni müdaxilə imkanlarına sahib olan erməni icmasının dəstəyini almağa çalışır. Hətta bu qədər irəli gedərək “artsax” kimi gülünc doğuracaq, Türkiyə ilə, Azərbaycanla münasibətlərə zərbə vura biləcək terminlərdən də istifadə edir. Amma bu təbii ki, Donald Trampı Kamala Harrislə müqayisəyə gətirib çıxara bilməz. Kamala Harris qatı ermənipərəst siyasətçidir. Hələ Kaliforniyada baş prokuror işlədiyi dövrdə də dəfələrlə erməni yalanlarının təbliği və bu yalanların təsiri altında addımlar atması ilə məşhurdur. Digər tərəfdən, hələ şəxsi karyerasında əldə etdiyi nəticələrdən danışan Harris “mən əldə etdiklərimə görə yalnız bir qadına təşəkkür edirəm” ifadəsini işlətmiş şəxsdir. Çox təəssüf ki, həmin qadın qatı ermənipərəst, dünyanın bir çox bölgələrində konfliktlərin, etniklərarası gərginliklərin formalaşmasında drijor rolunu ifadı eləyən Nensi Pelosidir".

Politoloq qeyd etdi ki, belə bir şəxsin ideoloji təsiri altında olan Kamala Harrislə müqayisədə Donald Trampın ermənilərə yönəlik gedişi o qədər qorxulu və narahatedici deyil: “Təbii ki, biz ABŞ liderindən obyektiv mövqe, ən azından obyektivliyə yaxın mövqe gözləmirik. Amma ən azı Donald Trampdan Co Bayden qədər absurda gedəcək tarixi faktları saxtalaşdırmağa, erməni yalanlarına xidmət eləyən addımların atılmasını da gözləmirik. Ona görə də hesab edirəm ki, Trampın bəyanatı, telefon zəngi daha çox seçkidə səsləri əldə etmək üçün atılmış addımlardır. Kamala Harrislə müqayisədə Donald Trampın seçilməsi halında dünyanın bir sıra bölgələrində, eləcə də Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında münasibətlərdə ABŞ-ın daha təmkinli davranışlarına, sərt anti-Azərbaycan mövqelərinə yol verilməməsini müşahidə edə biləcəyik”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
23
50
musavat.com

10Источники