RU

COP29-a hazırlıqla bağlı Dövlət Miqrasiya Xidməti tədbirə qədərki dövr üçün planlaşdırılan işləri yekunlaşdırmaq üzrədir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili və keçirilməsi prosesində digər məsələlərlə yanaşı, ölkəmizə gələcək əcnəbilərlə bağlı miqrasiya proseslərinin çevik və əcnəbilərin rahatlığına hesablanmış formada tənzimlənməsi də diqqət mərkəzində saxlanılır. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən bununla bağlı üzərinə düşən vəzifələrin, Təşkilat Komitəsinin qərarlarının icrası istiqamətində sistemli və kompleks tədbirlər həyata keçirilməkdədir. DMX tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə konfransda iştirakla bağlı miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin operativ həlli istiqamətində müvafiq işlər görülüb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.

Xatırladılıb ki, Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində olduğu yer üzrə qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur. Bu tələblərin praktikada tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin maneəsiz səyahət etmələrinin təmini üçün müvafiq informasiya sistemləri üzrə texniki həllər tətbiq edilib.

“Konfransla bağlı tətbiq ediləcək miqrasiya qaydaları barədə əcnəbilərin məlumatlandırılmasının təmini üçün görülmüş birgə tədbirlər nəticəsində COP29 xüsusi viza portalında, elektron viza blankında, COP29-la bağlı rəsmi internet səhifələrində, eləcə də Dövlət Miqrasiya Xidmətinin informasiya resurslarında və iştirakçılara göndərilən məlumat bülletenində miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib.

COP29-a hazırlıqla bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirə qədərki dövrdə planlaşdırılan işlər artıq yekunlaşmaq üzrədir. Xidmət tərəfindən ziyarətçilərin məlumatlılıqlarının artırılması, dövlət sərhədinin buraxılış məntəqələrindən maneəsiz giriş-çıxışlarının təmini, eləcə də miqrasiya idarəçiliyinin digər istiqamətləri üzrə COP29 Əməliyyat Şirkəti ilə birgə zəruri tədbirlər görülüb. Bununla belə, qeyd edilən məsələlər konfrans müddətində və ondan sonrakı dönəmdə də diqqətdə saxlanılacaq”, - deyə DMX-nin cavabında bildirilib.

Həmçinin qeyd olunub ki, COP29 müddətində miqrasiya xidmətlərinin göstərilməsində operativliyi, məmnunluğu və əlçatanlığı təmin etmək məqsədilə ölkəyə gələn əcnəbilərin miqrasiya orqanları ilə mümkün təmas nöqtələrində - Heydər Əliyev Beynəlxalq Aeroportunda, DMX-nin 7 gün 24 saat fasiləsiz olaraq 3 dildə (Azərbaycan, inglis və rus) fəaliyyət göstərən Çağrı mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı hazırlıq işləri görülüb, xidmət yerlərində kadr potensialı gücləndirilib, işçilərə praktiki təlimlərin keçirilməsi təmin edilib.

Qeyd olunanlarla yanaşı, COP29 ərəfəsində iqlim dəyişikliyi və insanların yerdəyişməsi mövzusunda dialoqların genişləndirilməsinə, eləcə də COP29 zamanı müzakirələrin məzmun baxımından zənginləşdirilməsinə töhfə vermək məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə “COP29: İqlim dəyişikliyi kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli dəyirmi masanı noyabrın 18-də Mavi Zonada keçirilməsi planlaşdırılır, hazırda tədbirin yüksək səviyyədə təşkili ilə bağlı işlər davam etdirilir.

Избранный
50
4
xalqqazeti.az

5Источники