RU

“Barselona” bu göstərici üzrə böyük futbol beşliyinin lideridir

“Barselona” bir qeyri-adi oyun göstəricisi üzrə Avropanın böyük futbol beşliyinin klubları arasında aparıcı mövqeyə sahibdir.

Arena.az məlumat verir ki, söhbət oyundankənar vəziyyətlərin yaradılmasından gedir.

“Opta Sports” statistik internet-portalının məlumatına görə, İspaniya nəhəngi cari mövsümdə oyundankənar vəziyyətlərin yaradılması işində ustadır. Ümumilikdə, cari mövsümdə 99 oyundankənar vəziyyət yaratmış “blauqrana”, orta hesabla hər oyunda 6,6 dəfə oyundankənar “tələ” quraraq, rəqiblərini tora salmaqda mahirdir.

Məsələn, alman mütəxəssis Hans-Diter Flikin çalışdırdığı kollektiv La Liqanın 11-ci turunda “Real”la “Santyaqo Bernabeu”da keçirilmiş “el klasiko”da, “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappeni 8 dəfə oyundan kənar vəziyyətə salıb. Həmçinin “blauqrana”nın oyundankənar “tələ”si səbəbilə bu oyunda Mbappenin vurduğu iki qol ləğv edilib. “Barselona” bu səfər matçında 4:0 hesablı möhtəşəm qələbəni bayram edib.

12-ci tur çərçivəsində keçirilmiş son oyununda isə “Barselona” yerli derbi çərçivəsində qəbul etdiyi “Espanyol”u (3:1) peşman edib. Bu oyunda “blauqrana” “Espanyol”un iki qolunu oyundankənar vəziyyətə sürükləyərək, ləğv etdirib. Bir qol isə hücum zamanı topun meydandan çıxması nəticəsində qol olaraq dəyər almayıb.

Çoxsaylı mütəxəssislər “blauqrana”nın oyundankənar vəziyyət tələbləri ilə yüksək xətli müdafiə oyunu üslubunu, yeni baş məşqçi, alman mütəxəssis Hansi Flikin fikri olduğunu vurğulayırlar. Bundan əvvəl isə məlum olub ki, Kataloniya klubunun oyundankənar vəziyyətlər üzrə hətta xüsusi məşqçisi də var.

Bununla belə, “Barselona”nın bu üslubunun daha sürətli oyun nümayiş etdirən, atletik hazırlıqlı ingilis klubları ilə mübarizədə nə səmərə verəcəyi sual olaraq qalır.

12 turdan sonra 33 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.

Избранный
29
arena.az

1Источники