RU

Tramp, yoxsa Harris? 

Politexnoloqlar Harrisi prezident edəcək

Nəticələrə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərində dərin siyasi böhran yaranmayacaq

“Trampın yenidən hakimiyyətə gəlməsi isə ikitərəfli münasibətləri yaxşılaşdıra, yeni çalarlar qata bilər” 



  ABŞ-də 60-cı prezident seçkisi keçirilir. Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparır. Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokrat Kamala Harris son sorğuda Respublikaçı Donald Trampı 4 faiz qabaqlayıb. NPR radioşirkəti və “Marist Pool” araşdırma şirkəti ilə birlikdə aparılan rəy sorğusunun nəticələrinə görə, respondentlərin 51 faizi Harrisi, 47 faizi isə Trampı dəstəklədiyini bildirib. Harrisin reytinqi oktyabrın əvvəlindən bəri 2 faiz artıb. Prezidentliyə namizəd Donald Tramp pessimist olduğunu gizlətməyib və bədbin danışıb: “Fikirləşirəm ki, mənim ciddi üstünlüyüm var, amma məğlub da ola bilərəm. Pis şeylər baş verə bilər, amma maraqlı olacaq”. Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar. 
  Tramp və Harris qələbəni təmin etmək üçün Seçicilər Kollegiyasının ən azı 270 səsini qazanmalıdır. ABŞ seçki sisteminə görə prezidenti 538 seçici sayından ibarət Seçicilər Kollegiyası seçir. Hər bir ştatın “seçici sayı” ABŞ Konqresindəki nümayəndələrinin sayı qədərdir. Hər bir ştatda hansı namizəd qalib gəlirsə, o ştatın “seçici sayı”nı da qazanır. Əksər ştatların dəstəklədiyi partiyalar öncədən bəllidir. 
  Politoloq İlqar Vəlizadə deyib ki, ABŞ-də seçki mübarizəsi namizədlərdən daha çox politexnoloqlar vasitəsilə aparılır. Ekspertin sözlərinə görə, seçki təbliğatı ilə məşğul olan namizədlər arasında Donald Tramp daha müstəqil görünür:

 "Hər halda Trampın xarakterini və təcrübəni əsas götürərək demək olar ki, o, öz bildiyi kimi davranmağa çalışır. Sərbəst olmağa üstünlük verir və politexnoloqların fikirləri ilə oturub-durmamağa səy göstərir. Amma bütün hallarda ABŞ seçkilərində politexnoloqlar öz mühüm rollarını oynayırlar. Namizədin siyasi baxışına, ritorikasına təsir göstərməyə çalışırlar. Tramp Harrisdən fərqli olaraq daxili problemlərə söykənən bəyanatlarla çıxış edir və gündəmdə qalır. Ona görə də amerikalıların Trampa münasibəti digərlərindən fərqlənir. Ancaq son günlərdə keçirilən rəy sorğularından aydın olur ki, Kamala Harrisə də səs verənlər artıb. Hazırda namizədlərin səs faizi bərabərləşib". 
  Analitikə görə, K.Harrisin əlində inzibati resurslar daha çoxdur. Siyasi isteblişmentin böyük hissəsi ona üstünlük verir. Trampı seçdirməyə bilərlər. ABŞ seçki sistemi kifayət qədər qəlizdir. Seçki sistemindəki boşluqlardan istifadə edərək Demokratlar öz namizədini seçdirə bilərlər. Baxmayaraq ki, insanların böyük hissəsi D.Trampa səs verəcək, amma çox güman ki, Kamala Harris prezident seçdiriləcək. Əlbəttə, hər şey şərtidir. İstisna etmək olmaz ki, əgər Tramp kifayət qədər çox səs qazanarsa, Harrisi seçdirmək qeyri-mümkün hala gələr. ABŞ-də seçiləcək prezidentin kimliyindən asılı olmayaraq, Cənubi Qafqaza böyük təsir imkanları olmayacaq. Düzdür, indiki Administrasiya ermənipərəstdir. K.Harris prezident seçilsə, Vaşinqtonun hazırkı dəst-xətti bir az başqa formada davam edəcək. ABŞ istənilən halda öz maraqları çərçivəsində çıxış etməyə üstünlük verir. ABŞ-nin maraqları isə Azərbaycanla normal əməkdaşlıqdan keçir. O baxımdan bütün hallarda ABŞ-Azərbaycan münasibətlərində dərin siyasi böhran yaranmayacaq. Təbii ki, D.Trampın yenidən hakimiyyətə gəlməsi ikitərəfli münasibətləri yaxşılaşdıra, yeni çalarlar qata bilər". 

Избранный
12
sherg.az

1Источники