RU

“Səbail”in kapitanı: “Məğlubiyyətlərdə futbolçuların da günahı var”

Çempionatdakı məğlubiyyətlərdə futbolçuların da günahı var.

Bunu Report”a açıqlamasında “Səbail”in kapitanı Yusif Nəbiyev komandanın Misli Premyer Liqasındakı nəticələri və baş məşqçi dəyişikliyi barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi daha yaxşı nəticələr qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Turan Tovuz”la oyuna hazırlaşırıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandanın hazırkı durumu nə rəhbərliyi, nə futbolçuları, nə də məşqçilər heyətini qane edir. Vəziyyətdən çıxmağa çalışırıq. İnanıram ki, öhdəsindən gələcəyik”.

Kapitan komandanın sabiq baş məşqçisi Şahin Diniyevin istefasına münasibət bildirib:

“Baş məşqçi məsələsi rəhbərliyə aiddir. Biz futbolçuyuq, belə şeyləri normal qarşılamalıyıq. Yolumuza davam edəcəyik. Düzdür, baş məşqçi məsuliyyət daşıyır. Nəticələrdə isə iki tərəfin də “əməyi” var. Şahin müəllim məsuliyyəti öz üzərinə götürdü. Ancaq bu o demək deyil ki, bütün günah ondadır. Məğlubiyyətlərdə futbolçuların da günahı var. Şahin müəllim böyüklük etdi və məsuliyyəti öz üzərinə götürərək komandadan ayrıldı. Nəticələrlə bağlı konkret səbəb deyə bilmərəm. Çünki biz futbolçu kimi tapşırıqları icra etməyə çalışırdıq. Nə dərəcədə alındığını deyə bilmərəm”.

Y.Nəbiyev komandanın müvəqqəti baş məşqçisi Elvin Məmmədovun təyinatı ilə bağlı fikirlərini söyləyib:

“Elvin Məmmədovla söhbətimiz olub. Hər məşqçi kimi onun da istəkləri var. Bu klubdaxili məsələ olduğu üçün mətbuata danışmağım düzgün olmaz”.

Qeyd edək ki, "Səbail" "Kəpəz"ə 0:1 hesabı ilə uduzduğu Misli Premyer Liqasının XII turunun matçından sonra Şahin Diniyev istefa verib. Komanda hazırda 7 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

Избранный
15
far.az

1Источники