RU

AMEA-da yazıçı Sadıq Qarayevin kitablarının təqdimatı keçirildi

Image

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın Fəlsəfə və Sosialogiya, Nizam Gəncəvi adına Ədəbiyyat İnstitutlarının təşkilatçılığı ilə “Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycançılığın təntənəsi mövzusunda tədbir keçirilib. 

Tədbir çərçivəsində tanınmış yazıçı Sadıq Qarayevin "N" Saylı Qəhrəmanlıq" romanı və "Azərbaycançılıq məfkurəsi" kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə AMEA-nın Fəlsəfə və Sosialogiya İnstitutunun direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə açıb. Professor Azərbaycanın qazandığı şanlı Zəfərin təntənəsindən danışıb. AMEA-nın Fəlsəfə və Sosialogiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli “Zəfər günü və yeni milli ideya Sadıq Qarayevin əsərlərində”, Fəlsəfə və Sosialogiya İnstitutunun  İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru Füzuli Qurbanov “Azərbaycançılıq məfkurəsi, Lider və şəxsiyyət - Sadıq Qarayevin əsərlərində”

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasımbəyli

“Azərbaycan xalqının müqəddəs zəfərini vəsf edən roman", AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Bahar Bərdəli “Əsərlərində Zəfər tərənnüm və təbliğ edən yazıçı Sadıq Qarayev-Yazıçı sözü” mövzülarında çıxış edib, yazıçının təqdim olunan əsərlərinin ədəbi, bədii, tarixi məziyyətlərindən danışıblar.  

Tədbirdə millət vəkili Razi Nurullayev də söz dedi. Bildirdi ki, çoxları Azərbaycan ədəbiyyatında Zəfər tariximizin əks olunmadığını düşünür, amma Sadıq Qarayev başda olmaqla yazıçılarımız bu mövzuya müraciət ediblər, bu isə yazıçıların qələbəmizə münasibətinin göstəricisidir.  

"N Saylı Qəhrəmanlıq" romanı barədə danışan   natiqlər bildiriblər ki, roman yeni dövrümüzün mənzərəsinə ayna tutur. 

“N” Saylı Qəhrəmanlıq” romanının Zəfər tariximizi tərənnüm etdiyini deyən çıxışçılar qeyd ediblər ki, bu yeganə əsərdir ki, burada Ali Baş Komandan İlham Əliyevin obrazı yaradılıb. Əsərdə eyni zamanda Şuşa fatehinin, eləcə də generallarımızın obrazları bədii şəkildə canlandırılıb. Əsərin üstün cəhətləri çoxdur. Mükəmməl bədii dəyərə malik olan romanda real şəxslərin, Vətən müharibəsində qəhrəmanlıq göstərənlərin obrazlazları təqdim edilir. Bizə Zəfər qazandıran oğulların obrazının bu əsərdə yaradılması olduqca müsbət hadisədir. Yazıçı ““N” Saylı Qəhrəmanlıq” romanında bizim cəsur əsgərlərimizin qəhrəmanlığını ümumiləşdirib və bu adla təqdim edib.

Yazıçı Kənan Hacı bizimlə söhbətində bildirdi ki, romanla tanışdır və əsəri çox bəyənib: “Sadıq Qarayev o barədə cəzarətlidir ki, bu romanda Ali Baş Komandanın, liderimizin ilk dəfə ədəbiyyatda  obrazını yaradıb”.

Tədbirdə "Azərbaycançılıq məfkurəsi" kitabı barədə bildirildi ki, əsər ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Yığıncaqda  "Azərbaycançılıq məfkurəsi" ilə bağlı hazırlanan videoçarx da nümayş olundu. Vidoçarxda yazıçının Azərbaycançılıq məfkurəsinin fəlsəfəsi və praktik  mahiyyəti ilə bağlı fikirləri əks olunub. "Azərbaycana günəş Azərbaycandan doğur" ifadəsi doğrudan da maraqlıdır. Bəli, xalqımız bir olmalı və Azərbaycançılıq ideyasının işığında bütün dəyərlərini, milli kimliyini, multikultural dəyərləri qorumalı, özünə, sözünə, tarixinə sahib çıxmalıdır.

Sadıq Qarayevin "N" Saylı Qəhrəmanlıq" romanı Zəfərlə başa çatan Vətən müharibəsinin dördüncü ildönümünə çox böyük bir töhfədir və onun Zəfər günlərində təqdim edilməsinin böyük mənası, əhəmiyyəti var.

İradə SARIYEVA






Избранный
36
baki-xeber.com

1Источники