Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb. Yeniavaz.com xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında bildirib. “Prezident Trampla əla söhbətim oldu. Onu tarixi və inamlı qələbəsi münasibətilə təbrik etdim. Onun inanılmaz kampaniyası bu nəticəni mümkün etdi. Biz sıx dialoqu davam etdirmək və əməkdaşlığımızı inkişaf etdirmək barədə razılığa gəldik”, - Zelenski qeyd edib. Qeyd edək ki, bundan əvvəl Zelenski Trampı ABŞ seçkilərində qazandığı qələbə münasibətilə təbrik etmiş, Trampı qələbəsi münasibətilə şəxsən təbrik etmək və əməkdaşlığı gücləndirmək yollarını müzakirə etmək istədiyini bildrimişdi. Zelenski həmçinin bildirmişdi ki, o, Trampın yanaşmasının Ukrayna ətrafında münaqişənin sonunu yaxınlaşdıracağını gözləyir və bunu birlikdə reallaşdırmağa ümid edir. Xatırladaq ki, ABŞ seçkilərində səsvermə Bakı vaxtı ilə noyabrın 6-da səhər başa çatıb. Rəsmi nəticələr hələ yekunlaşdırılmayıb, lakin “Fox News” telekanalının məlumatına görə, Tramp tələb olunan 270 səsə qarşı 277 seçici səsini qazanıb. O, artıq özünü ABŞ-nin 47-ci prezidenti elan edib. Həmçinin, onun demokrat rəqibi Kamala Harris, eləcə də hazırkı prezident Co Bayden respublikaçıya zəng edərək onu seçkilərdəki qələbəsi münasibətilə təbrik ediblər.