“Problemin həlli işdən çıxarmaq deyil” — Psixoloq uşaq evlərindəki vəziyyətdən DANIŞDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bəzi uşaq evlərində monitorinq keçirib. Agentliyin məlumatına görə, monitorinqlər nəticəsində 2, 3, 4 və 6 saylı Uşaq Evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilib. Müəssisələrdə uşaqlara qarşı etinasızlıq və zorakılıq hallarının olması, nizam-intizam qaydalarına riayət edilməməsi, sosial-psixoloji işin düzgün qurulmaması, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması halları aşkar edilib. Ümumilikdə 41 əməkdaş barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.
Məsələyə psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ekspert uşaqlarla çalışan şəxslərin psixoloji vəziyyətinin daim öyrənilməsinin vacib olduğunu söyləyib:
“Bu gün uşaq evlərində işləyən, ümumiyyətlə, uşaqlarla ünsiyyətdə olan insanlar – istər bağçalarda, məktəblərdə, istərsə də uşaq evlərindəki müəllimlər, tərbiyəçilər, loqopedlər, dayələr olsun, bu şəxslərə psixoloji seminarlar keçirilmir. Nə dövlət qurumları, nə də QHT-lər uşaqlarla işləyən şəxsləri təlimlərə, psixoloji seminarlara cəlb edirlər. Onların psixologiyası, aqressiyaya davamlılığı, fors-major vəziyyələrə dayanıqlılığı yoxlanılmır. Onlar da insandır, ailə-məişət problemləri var. Amma bu problemləri iş həyatlarına niyə daxil etmələri, bunun səbəbləri araşdırılmır. Bu kimi hallar araşdırılsa, monitorinqlər aparılsa, nəticəyə uyğun olaraq problemin aradan qaldırılması üçün işlər də görülə bilər”.
Psixoloq uşaqlarla işləyən şəxslərin psixoloji seminarlara qoşulmasının vacib olduğunu deyib:
“Bu, məcburi olmalıdır. Müəllimlərin və uşaqların psixoloji vəziyyətini öyrənmək üçün onlarla qrup oyunları keçirilə, testlər verilə bilər. Bu yollarla onların uşaqlara qarşı münasibətini, həmçinin özlərinin də uşaqlıq travmalarının olub-olmaması öyrənilə bilər. Psixoloqlar tərəfindən bu cür dərslər keçirilsə, onlar da öz məsuliyyətlərini dərk edərlər. Rəhbərlik də bilər ki, hansı müəllimin, tərbiyəçinin, dayənin nə kimi problemi var. Problemin həlli işdən çıxarmaq deyil. Bu insanlarla psixoloqlar işləsə, özlərini daha yaxşı hiss edə və işə davam edə bilərlər”.