RU

Aprel ayından indiyədək 6 min 372 ictimai iaşə müəssisəsində və obyektdə monitorinq aparılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirləri davam etdirir. Tədbirlər çərçivəsində AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin təhlükəsizliyi prioritet məsələ olaraq daim nəzarətdə saxlanılır.

AQTA-dan "İki sahil"ə verilən məlumata görə, bu ilin 10 ayı ərzində aparılan nəzarət tədbirləri çərçivəsində illik yoxlama planı üzrə 63, vətəndaşların şikayətlərinə və media subyektlərində yayımlanmış məlumatlar əsasında 64, sonuncu yoxlama zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar 10 olmaqla, ümumilikdə, 137 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Nəzarət tədbirləri zamanı dönər hazırlanan bir sıra ictimai iaşə müəssisələrinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, saxlama müddəti (yararlılıq müddəti) ötmüş və üzərində etiket məlumatları olmayan xammallardan istifadəyə yol verildiyi və digər bu kimi uyğunsuzluqlar aşkarlanıb. İnsan həyatı və sağlamlığına mühüm təhlükə yaradan ciddi nöqsan aşkar edilmiş 17 müəssisənin fəaliyyəti müvafiq qərar qəbul edilərək məhdudlaşdırılıb, digər müəssisələrdə nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Yoxlamalarla yanaşı, istehlakçılara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi məqsədilə cari ilin aprel ayından etibarən 6 min 372 ictimai iaşə müəssisəsində və qida məhsullarının satıldığı ticarət obyektində monitorinq aparılıb. Bunlardan 1497-si ticarət, dönər satışı həyata keçirilən 813 qida obyekti də daxil olmaqla, 4 min 875-i ictimai-iaşə müəssisəsində aparılıb. Eyni zamanda, ümumilikdə, 1103 olmaqla, otellərin ətrafında yerləşən 841 və metro stansiyalarının yanındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar edilmiş müəssisələrin rəhbərlərinə uyğunsuzluqların aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib. Hazırda bu istiqamətdə iş davam etdirilir.

Избранный
6
3
ikisahil.az

4Источники