RU

Dezinformasiyalara və ideoloji təxribatlara qarşı mübarizə və gənc nəslin inkişafı...

Image

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. 

Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Yetişən gəncliyin şəxsiyyət kimi formalaşdırılması mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Bütün bunların fonunda, gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra diqqət ayırdığı əsas məsələlərdən biri də məhz uşaqlar və gənclərin düzgün yetişdirilməsidir. Çünki dövlətin gələcəyini onlar müəyyən edir. Belə olan təqdirdə, yetişən gəncliyin düzgün, savadlı, təcrübəli, ən əsası isə şəxsiyyət kimi formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün valideynlərlə bərabər təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin də əməyi danılmazdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi dəyərlər müstəıvisində yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət kimi formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə gənclərin mənəviyyatını qorumaq heç də asan deyil

Ancaq o da məlum reallıqdır ki, internet resurslarının, sosial şəbəkələrin olduqca geniş yayıldığı bir dövrdə gənclərin mənəviyyatının formalaşmasını yad, zərərli təsirlərdən qorumaq heç də asan deyil. O baxımdan, müasir dövrdə, sosial şəbəkələrdə, media məkanında dezinformasiya və informasiya təcavüzünə qarşı mübarizə və gənclərin mənəvi tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Uşaqların, gənclərin mənəvi tərbiyəsində sosial şəbəkələrdə dezinformasiya və mənəvi-əxlaqi dəyərlərə təcavüzlə mübarizənin nə kimi rolu var? Bununla bağlı müxtəlif tədbirlər keçirilib, layihələr həyata keçirilir, sosial şəbəkələrdə dezinformasiya ilə mübarizə, dezinformasiyanın milli ideologiyaya zidd olması və s. Bütün bu mübarizələrin ümumən gənclərin mənəvi inkişafına nə kimi müsbət təsiri var?

Uşaq bağçasında, orta məktəbdə gənclər milli ruhda tərbiyə olunur 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, gənclərlə bağlı sadalanan məsələlər çox aktualdır: “Ötən əsrin 70-ci illərində ABŞ prezidentinin belə bir fikri var idi ki, artıq şüurlar uğrunda mübarizə gedir. Dezinformasiya və digər bu kimi məsələlər də, məhz şüurlar uğrunda gedən mübarizənin bir hissəsidir. Ona görə də hər bir dövlət öz təhlükəsizlik məsələlərini işləyib hazırlayarkən mütləq bu məsələni önə çəkməlidir. Yəni hər bir xalqın, dövlətin, milli-mənəvi, ideoloji prinsipləri var. Hər hansı bir dövləti zəiflətmək üçün məhz bu sahəyə hücum olur. Müxtəlif ideoloji, informasiya vasitələri ilə dövləti içəridən zəiflətməyə çalışırlar. Məsələn, əvvəllər QHT-lərin xaricdən maliyyələşdiyi dönəmlərdə milli-mənəvi mövzulara heç bir vəsait ayrılmırdı. Xaricdən bu kimi layihələrə heç bir qrant ayrılmırdı. Məsələn, Azərbaycan ailəsinin möhkəmləndirilməsi, milli dəyərlərin möhkəmləndirilməsi mövzusunda layihə verilirdisə, o, maliyyələşmirdi. Ancaq Azərbaycan ailəsinin zəiflədilməsinə hesablanmış layihələr maliyyələşdirilirdi. Milli-mənəvi dəyərlərin aşınmasını özündə əks etdirən layihələrə pul ayrılırdı. Əsl dezinformasiya siyasəti bu idi. Təxminən 10 il əvvəl bir layihədə iştirak edirdim. Layihənin mahiyyəti gender məsələsi ilə bağlı idi və əsasən Daşkəsən, Xızı, Yardımlı rayonları seçilmişdi. Məqsəd həmin rayonlarda gender məsələlərini önə çəkmək və bu minvalla Azərbaycan ailəsini kökündən sarsıtmaq idi. Bütün layihənin də mahiyyəti ondan ibarət idi ki, qadınlar kişidən asılı olmasın. Maddi cəhətdən kişilərdən üstün olun və bununla da qadınlar öz azadlığını qazanacaq. Azərbaycan ailəsində əsas amil ailə başçısı kişiyə hörmətdir. Həmin layihədə isə qadını kişiyə qarşı qoymaq və bununla da rayonlarda ənənəvi ailə dəyərlərini dağıtmağa nail olmaq. Bu, gözə görünməyən dezinformasiyadır ki, Azərbaycan ailəsini dağıtmaqla, dövlətçiliyimizi zəiflətmək. Bu, adi bir məsələ deyil. Çünki ailə cəmiyyətin ilkin özəyidir. Ona görə ki, belə dezinformasiyalar gənclərin mənəviyyatına bu və ya digər şəkildə mənfi təsir göstərir. Azərbaycanda gənclərin tərbiyəsində ən müsbət cəhətlərdən biri budur ki, uşaq bağçasından, orta məktəbdə gənclər milli ruhda tərbiyə olunurlar. Elə bir uşaq, şagird yoxdur ki, Azərbaycan himnini əzbərdən bilməsin. Mən özüm müəllim olaraq bunu tez-tez sınaqdan keçirirəm. Məsələn, mühazirəyə başlamazdan əvvəl əlamətdar günlərdə Azərbaycan himnini ifa edirik. Bir nəfər də olsun bunu bilməyən tələbə yoxdur. Bax bu, çox müsbət haldır. Ancaq qloballaşma dövründə gəncləri milli dəyərlərdən uzaqlaşdırmaq üçün çox ciddi cəhdlər olur. Buna da əsasən sosial şəbəkələrlə nail olurlar. Ona görə də belə təsirlərə qarşı həm ailədə, həm məktəbdə, həm ali məktəblərdə və kollektivlərdə kimliyindən asılı olmayaraq mübarizə aparılmalıdır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
36
baki-xeber.com

1Источники