RU

Azərbaycan və Ermənistan səfirləri Moskvada artıq "konstruktiv münasibət" qurublar- Putinin qəbulundan ilginc nüanslar...

Image

Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir. Bunu Rusiya prezidenti Vladimir Putin səfirlərin, o cümlədən Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib: 

“Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında dəstək göstərəcəyik”.

Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRICS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb. O əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə prezident Vladimir Putinə təşəkkür edib: “Rusiya prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Mən Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik”. Məsələyə Rusiya xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib: “Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik”. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Azərbaycanda Rusiyanın yanaşması normal qəbul edilsə də Ermənistanda tamam fərqli mənzərə hökm sürür. Bu fonda Ermənistanın “armenianreport” portalı yazır: “Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir. Bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycanın yeni səfirlərinin də olduğu səfirlərə etimadnamələrin təqdim edilməsi mərasimində deyib. Dərhal qeyd edək ki, Putinin misilsizi bərabərləşdirmək istəyi sadəcə heyrətamizdir. Aydın məsələdir ki, Ermənistan hüquqi baxımdan desək, Rusiya üçün Azərbaycanla bərabərhüquqlu ölkə ola bilməz. Axı, ölkəmiz sırf hüquqi baxımdan Rusiyanın strateji müttəfiqidir. Azərbaycan Rusiya Federasiyasının strateji tərəfdaşıdır. Burada fərq böyük olmalıdır. Amma biz görürük ki, Putin artıq ölkəmizi müttəfiq yox, strateji tərəfdaş adlandırır.

Və bu, Ermənistanın hələ də Gömrük İttifaqı, Aİİ, KTMT və MDB-nin üzvü olmasına baxmayaraq baş verir. Bəli, ölkəmiz KTMT-dəki fəaliyyətini dondurdu, bunun üçün obyektiv səbəblər var idi və qalır. Amma KTMT-dən çıxış yolu yox idi. Azərbaycan Gömrük İttifaqının, Aİİ-nin, KTMT-nin üzvü deyil. Onun əsas iqtisadi tərəfdaşı Aİ-dir və NATO ölkələri ilə əlaqələri artır. Burada Türkiyə, Macarıstan, İtaliya və İspaniya var.

Lakin Putin inadla bütün bunları “görmür”. O, öz oyununu oynamağa çalışır. “Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Biz sülh müqaviləsi üzərində işləməyə, sərhədlərin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasına yardım göstərməyə davam edəcəyik”.  Möhtəşəm bir bəyanat! Axı Ermənistan Rusiyadan tamamilə fərqli bir şey tələb edir. Amma indi biz görürük ki, Rusiya sülhməramlı kimi görünməyə çalışır. Bütün bunlara söyüş işlətmədən necə reaksiya vermək olar?! Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİCS sammitində görüşməsini və “regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasını” alqışlayıb. Bu söhbət kimə faydalı oldu? Ermənilər üçün qətiyyən deyil. Lakin Putinin hamını, ilk növbədə ABŞ və Fransanı əsas sülhməramlılar mövqeyindən sıxışdırıb çıxarmaq istəyi tamamilə başadüşüləndir. Onun Azərbaycan və Ermənistanın “Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir” ifadəsi tamamilə yersizdir. Düzünü desək, Putinin bu sözlərini müşayiət etmək üçün təkcə “Ana Yer, Ağ Ağcaqayın” mahnısı kifayət etmədi. Amma bunsuz da onun çıxışları çox yalan və yersiz idi. Erməni xalqı öz tarixi yolunu seçib. Bu yol isə Avropa ölkələrinin ailəsinə gedir. Bəli, biz hamımız Rusiyanın bu yolda yaradacağı bütün çətinlikləri, bütün maneələri anlayırıq. Biz də başa düşürük ki, bu proses bir ildən çox vaxt aparacaq. Amma bu istiqamətdə artıq hərəkatın başlanğıcı var. Rusiya bu seçimi dönməz etdi. Və onun vasitəçi rolunu oynamaq cəhdlərinin hamısı yöndəmsiz və faydasızdır”. Bütün bunlar bir daha göstərir ki, Ermənistan Rusiyadan uzaqlaşmaqda, onun vasitəçilik missiyasını zərbə altında qoymaqda israrlıdır. Kreml isə çətin ki, buna sona qədər səbr etsin. Rusiya da başa düşür ki, Ermənistan onun  orbitindən çıxaraq başqa ölkələrin istifadə edə biləcəyi bir subyekt halına gələcəksə, onun geri dönüşü çox çətin olacaq. Rusiya bölgədə mövqeyini qorumaq üçün sülh müqaviləsinin imzalanmasını tələsdirir, Ermənistanın dostu rolunda çıxış edir. Ermənistan da bunu başa düşərək sülh müqaviləsini imzalamağa tələsmir. Xaricdəki havadarlarından təlimatlar gözləyir. Nəticə etibarilə Azərbaycan üçün qırmızı xətt olan konstitusiya dəyişikliyinə hələ də getmir. 

Samirə SƏFƏROVA





Избранный
18
50
baki-xeber.com

10Источники