Trampın qələbəsi dünyanın ən varlı 10 adamına 64 milyard qazandırdı
Dünyanın ən varlı 10 adamının sərvəti ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra ümumilikdə rekord həddə - 63,5 milyard dollar artıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, bu, agentlik 2012-ci ildə “Milyarderlər İndeksi”ni hesablamağa başlayandan bəri ən böyük gündəlik artımdır. Xüsusilə, seçkilərin nəticələrinə görə ən çox qazanan dünyanın ən varlı adamı İlon Mask olub. Trampın qələbəsindən sonra onun sərvəti 10,1% (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. Reytinqdə ikinci yerdə qərarlaşan “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos bir gündə 3,2% (7,14 milyard dollar), “Oracle” korporasiyasının rəhbəri Larri Ellison isə 5,4% (9,88 milyard dollar) varlanıb. Trampın qələbəsindən dolayı faydalananlar arasında “Microsoft” yaradıcısı Bill Qeyts, bu korporasiyanın keçmiş baş direktoru Stiv Balmer, “Google” qurucuları Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway” rəhbəri Uarren Baffett və kriptovalyuta birjasının rəhbərləri Brayan Armstronq və Çanqpenq Zhao da var.