RU

Tarixi Zəfərin simvolları: Müzəffər Prezident, yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq

9 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident-ordu-xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu, qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası - İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.

Artıq 4 ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bütün dünyaya nümayiş etdirmişdi.

Eyni zamanda, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Bu xəbərdarlıqdan 3 gün sonra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhə boyu Ermənistana qarşı əks-hücuma keçdi.

30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur. Ordumuzun əldə etdiyi tarixi Zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımından itkiləri 4 milyard ABŞ dollarına bərabərdir. Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti onda “arxayınçılıq sindromu” formalaşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu həmin “arxayınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.

Bu tarxi Zəfərin digər mühüm nəticələri də vardır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”. 

“Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) videokonfrans formatında qeyri-formal Zirvə görüşündə  bir daha vurğulamışdır ki, “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün.”

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.

Təsadüfi deyildir ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Əgər 2003-cü ildə dövlətimizin müdafiə və təhlükəsizlik büdcəsi 135 milyon dollar təşkil edirdisə, yenilməz ordumuzun tarixə Zəfərə imza atdığı 2020-ci ildə bu göstərici 1.9 milyard dollara, 2021-ci ildə isə 2.7 milyard dollara yüksəlmişdir. Cari ildə - 2024-cü ilin may ayında büdcə dürüstləşmədən sonra isə müvafiq xərclər 414 milyon dollar artırılmaqla 3,8 milyard dollardan 4,2 milyard dollara qaldırılmışdır. Müqayisə üçün qeyd edək ki, revanşizmin tüğyan etdiyi məğlub Ermənistanda müvafiq göstərici hazırda 1,4 milyard dollara bərabərdir. Fərq göz qabağındadır.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. Müdafiə Sənayesi Nazirliyinin verdiyi məlumata əsasən, 2007-2023-cü ilin 9 ayı ərzində, ümumilikdə, 4 milyard 7 milyon manatlıq hərbi təyinatlı məhsul istehsal edilmişdir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə bu göstərici cəmisi 40,8 milyon manata bərabər olmuşdur. 2023-cü ilin 9 ayı ərzində isə 386,2 milyon manatlıq hərbi məhsul istehsal olunmuşdur. Onların çeşid sayı isə 1000 addan çoxdur. 2015-2023-cü ilin 9 ayı ərzində 1 milyard 508 milyon manat məbləğində hərbi təyinatlı məhsul ixrac edilmişdir. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi  ölkəmizə  təkcə hərbi deyil, həm də siyasi  dividentlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və  hərbi-vətənpərvərlik  hissinin  ən yüksək səviyyəsi  təmin edilmişdir. Ordumuz Vətən qarşısında  xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atmışdır. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib”. Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Dövlət komissiyası yaradılmışdır. 11 şəhər və rayonda 13 işçi qrupu formalaşdırılmışdır. Bu işlərə 200-dək məsul şəxs cəlb olunmuşdur. 10300-dən çox obyektə  baxış  keçirilmiş və qiymətləndirmə aparılmışdır. İlkin hesablamalara görə, vətəndaşların əmlakına dəyən ziyan 63,6 milyon manat təşkil etmişdir. Dövlət əmlakına (yol, elektrik, qaz, rabitə, su xətləri və digər infrastruktur obyektlər) vurulan ziyan isə 27,4 milyon manata bərabər olmuşdur. 9 mindən artıq evə ziyan dəymişdir. Beləliklə, Ermənistanın “yenilməz” ordusunun dinc əhaliyə və dövlətə məxsus əmlaka vurduğu ziyan hələ ki, 91 milyon manata bərabərdir.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Belə ki, 13 dünya əhəmiyyətli (6 memarlıq, 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunələri) tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olmuşdur.

Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törətmişdir. Meşələrimizin 60 min hektarı məhv edilmiş, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərlənmişdir.

Onu da qeyd edək ki, 2021-2024-cü illərdə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 21 milyard manat həcmində vəsait xərclənmişdir.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. 2026-cı ilin sonuna qədər Böyük Qayıdış Proqramının birinci mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə, Böyük Qayıdış Proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlərdə daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 2022-26-cı illərdə, ümumilikdə, təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.

Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Düşmən tərəf son 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı kütləvi şəkildə minalamışdır. Sözügedən Dövlət Proqramına əsasən, 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə, ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin cari ilin oktyabr ayında verdiyi məlumata əsasən, Ermənistanın ölkəmizə qarşı mina terrorunun dəhşətli xronikası göstərir ki, 1991-ci ildən 2020-ci ilin 10 noyabrına qədər mina qurbanlarının ümumi sayı 3079 nəfər olmuşdur. 10 noyabr 2020-ci ildən bu günə qədər isə mina qurbanlarının ümumi sayı 381 nəfərə çatmışdır. Onlardan xəsarət alanların sayı 311, həlak olanların sayı isə 70 nəfərdir. Beləliklə, Ermənistanın ölkəmizə qarşı mina müharibəsi qurbanlarının ümumi sayı 3460 nəfərdir.

Bu reallıq azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir.

Beləliklə, 10 noyabr üçtərəfli Bəyanatı ilə müharibəyə son qoyulsa da, Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlaxaq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davaranışının növbəti bariz nümunəsidir, birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin.

Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezident İlham Əliyev 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradılmışdır. Bu xüsusda cənab İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış etmişdir.

Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, xüsusilə də Türkiyə kimi güclü qardaş dövlətin Vətən müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycanın yanında olduğunu bəyan etməsi, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərməsi üçüncü dövlətlərin hərbi avantürasının qarşısının alınmasında müstəsna rol oynadı. Nəticədə Ermənistanın siyasi-hərbi rəhbərliyinin ayrı-ayrı ermənipərəst dövlətləri, siyasi dairələri, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.

Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sınağından şərəflə çıxmış Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına diqqəti cəlb edərək vurğuladı ki, “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”

“Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.”, - bu fikirləri isə hərbi paradda çıxışında Türkiyə-Azərbaycan qardaşlığını yüksək qiymətləndirən və dünya dövlətləri üçün örnək hesab edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan söyləmişdir.

2021-ci ilin 15 iyun tarixində iki qardaş dövlətin prezidentlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzaladıqları Bəyannamə ilə ikitərəfli münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş oldu. Azərbaycan və Türkiyə dövlətləri hərbi müttəfiqə çevrildilər. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlərdən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcm və forması təxirəsalınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər gösrülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, birinci xanım Mehriban Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq,” - deyən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.

Hörmətli Mehriban xanım Əliyeva Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir

Sonda təəssüf hissi ilə onu da qeyd edək ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altında Qarabağdakı xunta rejimininin tör-töküntüləri, görünür, öz strateji məğlubiyyətlərindən lazımı nəticə çıxara bilmədilər. Əks halda Ermənistanla şərti sərhədlərimizdə tərətdikləri hərbi insidentlərə, doyüş mövqelərimizi iri çaplı silahlarla atəşə tutmalarına, mülki şəslərə və polis nəfərlərinə qarşı mina terroru siyasəti həyata keçirmələrinə, qondarma “prezident seçkiləri” keçirmələrinə nə ad vermək olar?

Bu xüsusda məslələrə qiymət verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən qeyd etdi ki, “Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi.” 

Formalaşmış şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Qeyd olunan tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi “Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi”.

Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.

Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırım törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onalara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.

Ermənistanın siyasi-hərbi rəhbərliyinin siyasi hoqqabazlığı və onun xarici havadarlarının siyasi avantürası da haqq işimizə mane ola bilməz. Bir qədər də açıq desək, nə ABŞ Konqresi və Dövlət Departamentinin “sanksiyalar diplomatiyası”, nə Avropa İttifaqının “binokl diplomatiyası”, nə Fransa dövlətinin “qırğı diplomatiyası”, nə də Ermənistanın “80%-lik sülh diplomatiyası” yenilməz ruhumuzu sarsıda bilməz. Qarşı tərəf və tərəflər ağıllarını başlarına yığıb dərindən düşünməli, xüsusən də yenilməz ordumuzun öz müzəffər Ali Baş Komandanı İlham Əlievin rəhbərliyi altında  İkinci Qarabağ müharibəsi və antiterror əməliyatlarda qazandığı tarxi qələbələrdən və özlərinin biyabırçı məğlubiyyətlərdən ibrət dərsi almalıdırlar. Ermənsitanın və onun havadarlarının son davaranışları əsrlərin süzgəcindən süzülərək gəlmiş bir həqiqəti təsdiqləyir: “Tarixin ən böyük dərsi odur ki, ondan heç kim dərs almır”. Ermənistan və onun himayədarları da eyni yolu seçməkdə davam edərlərsə, bu halda Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış ilk iclasında səsləndirdiyi sərt xəbərdarlığı dinləyib, ciddi nəticə çıxarsınlar: “Sadəcə olaraq, bizim şərtlərimiz yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.

Müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur, isbata ehtiyacı yoxdur.

Elman Nəsirov

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Избранный
6
1
sabahinfo.az

2Источники