RU

8 Noyabr Zəfərinin 8 mühüm faktoru

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günüdür.

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “8 noyabr Zəfərinin 8 mühüm faktoru” adlı məqalə hazırlayıb. 

“İki sahil” məqaləni təqdim edir.

Elmdə belə bir mülahizə var ki, dövlətin dövlət olması üçün 5 əsas şərt, amil mövcuddur. Bu şərtlərin ən əsaslarından biri də məhz güclü, yüksək döyüş qabiliyyətinə malik ordunun olmasıdır. Güclü ordu hər dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəçisidir. Tarixi prosesləri təhlil edən elm adamlarının qənaətinə görə, istənilən dövlətin və onun ordusunun qüdrətli olması və zəfər çalması üçün vacib olan əsas 8 faktor mövcuddur. Bu faktorlar tarixi, hərbi-siyasi dövrlərdə xalqın taleyində həlledici rol oynayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız son iki yüz ilin ən möhtəşəm qələbəsini - 8 Noyabr Zəfərini təmin edən də məhz bu 8 faktorun ölkəmizdə uğurla reallaşmasıdır.

İstənilən dövlətin iqtisadi qüdrəti onun hərbi qüdrətinin aynasıdır. Ölkəmizdə son illərdə həyata keçirilən ordu quruculuğunun təhlili göstərir ki, məhz dövlətimizin təmin etdiyi dayanıqlı iqtisadi inkişaf sayəsində həyata keçirdiyimiz islahatlar müsbət nəticə verib.

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçildiyi ilk gündən nail olmağa çalışdığı ən əsas vəzifələrdən biri də ölkə iqtisadiyyatının xarici müdaxilələrə uğurla tab gətirə biləcək səviyyədə inkişaf etdirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin dövlət başçısı olaraq yürütdüyü müstəqil iqtisadi siyasətin uğur gətirməsi, iqtisadi qüdrətimizin bu qədər artması həmin fikirlərin ən doğru sübutudur. Məhz bu uğurlu, düzgün iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün strateji, eləcə də hərbi əməliyyatlar zamanı lazımi ehtiyatlar tam həcmdə təmin edilib. Hazırda da bu ehtiyatların fasiləsiz təminatına imkan verən iqtisadi potensialımızın mövcudluğu yalnız qürur doğuran məqamdır.

Ölkəmizdə son 30 ildə ordu quruculuğu prosesi prioritet məsələ elan edilib. Hərbi və təhlükəsizlik sahəsində həyata keçirilən islahatların uğurlu olması da məhz dövlətimizin iqtisadi qüdrətinin ən yüksək göstəricisidir.

Növbəti faktor olaraq ən müasir silahların ordunun arsenalına daxil edilməsini və yüksəkkeyfiyyətli silah və sursatlar istehsal edən hərbi sənaye kompleksinə malik olmağımızı göstərmək istərdik ki, bu da iqtisadi qüdrətimizin göstəricisidir. Bu gün Azərbaycan Ordusunun ən qabaqcıl silah-texnika, hərbi avadanlıqlar, müasir texnologiyalarla təmin olunması bir tərəfdən Ali Baş Komandanın ordu quruculuğu prosesinə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidirsə, digər tərəfdən bütün bunlar yalnız güclü iqtisadi imkanlara malik olan dövlətin həyata keçirə biləcəyi proseslərdir.

İslahatların ardıcıl həyata keçirilməsi, ordunun yüksək döyüş qabiliyyətinə nail olması, peşəkarlığın artırılması və yüksək tələblərə cavab verən mütəxəssislərin hazırlanmasının da ölkəmizin iqtisadi imkanlarından asılı olduğu real faktdır. Şəxsi heyətin döyüş qabiliyyətinin təmin edilməsi üçün genişmiqyaslı təlimlərin, intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün lazım olan resursların da nə qədər böyük maliyyə vəsaiti hesabına başa gəldiyini hərb elmindən az-çox anlayışı olan hər kəs bilir. Sadə dildə desək, təlim-tədrisə cəlb edilən hər bir texnika, istifadə edilən hər bir silah-sursat dövlətimizin hesabına alınıb. Bununla yanaşı, hərbi qulluqçuların sosial-məişət, xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə pul təminatının mütəmadi olaraq artırılması, ərzaq-əşya və digər təminat növləri ilə yüksək səviyyədə təchiz edilməsi, ən müasir tələblərə cavab verən hərbi infrastrukturun demək olar ki, tamamilə yenidən inşa edilməsi də dövlətimizin hərbi sahəyə ayırdığı xərclər sayəsində mümkün olub. Bütün bunları təsəvvür etməyi bacarsaq daha geniş şərhə ehtiyac yoxdur.

Digər mühüm faktor - ölkənin müstəqil enerji qaynaqlarına sahib olmasıdır. Son illər Azərbaycanda enerji hasil edən və xarici xammaldan asılı olmayan enerji kompleksinin yaradılması, ölkəmizin istehsal etdiyi karbohidrogen ehtiyatlarının dünya bazarına ixracı, bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi məqsədilə regionda ən böyük layihələrin həyata keçirilməsi də gələcək nəsillərə hesablanmış iqtisadi planlarımızın əsasını təşkil edir. Ölkəmizin müstəqil enerji siyasəti xalqımızın firavanlığına xidmət etməklə yanaşı, dövlətimizin maliyyə ehtiyatlarının artmasına da böyük təsir göstərir. Bunun sayəsində də çətinliklərlə üzləşmədən ordu quruculuğu sahəsində nəzərdə tutulan hədəflərə doğru dövlətimiz inamla addımlayır.

Daha bir amil kimi kadr siyasətini, yəni yüksəkkeyfiyyətli təlim və təhsil görmüş gənc nəslin yetişdirilməsini qeyd etmək olar. Hərbi xidmətdə peşəkar mütəxəssis hərbçilərin sayının daima artırılması xüsusi təyinatlı təhsil müəssisələrimizin qarşısında qoyulmuş ən əsas vəzifədir. Son illər Prezident İlham Əliyevin hərbi təhsil sahəsində islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı fərmanları və sərəncamları yada salmaqla dövlətimizin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyinin şahidi olarıq. Müdafiə Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri də ordumuzun arsenalında olan ən müasir silah-texnikadan səmərəli istifadə etməyi bacaran kadrların, müqaviləli hərbi qulluqçu kontingentinin və eyni zamanda, şəxsi heyətin hazırlanmasıdır. Bu məqsədlə hərbi xidmətin cəlbediciliyin artırılması istiqamətində böyük işlər görülür, peşəkar hərbi qulluqçu olmaq istəyən gənclərin hərbi xidmətə təşviqi ilə bağlı səmərəli layihələr icra olunur. Amma ordu yalnız şəxsi heyətin sayı ilə deyil, yetərincə səfərbərlik ehtiyatları qaynaqlarının yaradılması ilə də güclüdür. Səfərbərlik ehtiyatlarının mütəmadi olaraq toplantılara və təlimlərə cəlb edilməsi, ordumuzda və bütövlükdə Silahlı Qüvvələrimizdə mövcud olan qabaqcıl texnikanın, müasir silahların, hərbi avadanlıqların onlara öyrədilməsi də böyük maliyyə vəsaiti tələb edir. Dövlətimizin iqtisadi imkanları bu işin də öhdəsindən inamla gəlməyə imkan verir.

Dünya miqyaslı siyasətçilər dövləti idarə edən, xalqı arxasınca aparmağı bacaran liderin olmasını da istənilən sahədə uğur qazanmanın əsas amillərindən biri kimi, həlledici faktor olaraq önə çəkirlər. Müstəqil daxili və xarici siyasət yürütməyə qadir olan dövlət başçısının, ordunu qətiyyətlə idarə etməyi bacaran, yüksək sərkərdəlik bacarığına malik Ali Baş Komandanın olması hər xalqın taleyində həlledici rol oynayır. Danılmaz faktdır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi, dönməz iradəsi, uğurlu diplomatik gedişləri torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin 30 illik işğalından azad edilməsində misilsiz rol oynayıb. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dünyanın ən mötəbər təşkilatlarında, ən uca kürsülərdə xalqımızın haqq səsini çatdırmaqla, haqlı-ədalətli mövqeyimizi inamla qorumaqla, verdiyi sözü daima tutmaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm dünya miqyasında nüfuz qazanıb, həm də Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirməyə nail olub.

Hansı addımın nə vaxt atılacağı məqamını dəqiq təyin etməsi, dünyada və bölgədə, eləcə də ölkə daxilində baş verən bütün prosesləri düzgün qiymətləndirməyi bacarması və xalqın maraqlarını təmin edən uğurlu qərarları ona həm xalqın böyük inamının yaranmasına səbəb olub, həm də rəhbəri olduğu dövlətimizin nüfuzunun daima yüksəlməsini təmin edib.

Uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası mehriban qonşu, etibarlı tərəfdaş, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan müasir, dünyəvi dövlət olaraq sayılıb seçilir, etimad göstərilir. Azərbaycan xalqı isə qəhrəmanlıq ənənələrinə sadiq, tarixi ədaləti bərpa edən, dayanıqlı sülh, əmin-amanlıq, təhlükəsiz, firavan həyat tərəfdarı, dövlətinin, ordusunun ətrafında bir yumruq olaraq birləşməyi və bu yumruğu zəfər qazanmağı təmin edən dəmir yumruğa çevirməyi bacaran xalq olaraq tanınır.

Dövlətin yerləşdiyi bölgəyə və dünyaya baxışda müstəqil diplomatiyanın uğurla fəaliyyət göstərməsinin təmin edilməsi daha bir önəmli faktor olaraq səciyyələndirilir. Azərbaycan diplomatiyasının səmərəli fəaliyyəti sayəsində dövlətimizin dünyaya baxışının, yanaşmasının həm bölgədə, həm də dünya səviyyəsində qəbul edilməsi, diqqətdə saxlanılması və digər dövlətlərin Azərbaycanın ədalətli mövqeyi ilə hesablaşmasının təmin olunması da torpaqlarımızın işğaldan azad edilməsi məsələsində böyük rol oynayıb. Bütün bunlar güclü, iradəli Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi sayəsində mümkün olub. Bu gün regionla bağlı elə proses yoxdur ki, orada dövlətimizin mövqeyi, sözü nəzərə alınmasın, qəbul olunmasın. Haqqında danışdığımız qələbələri isə ölkəni inkişafa aparmağa qadir olan və xalqın dəstəyinə nail olmuş siyasi hakimiyyət sistemi, uğurlu diplomatiya, xarici və daxili siyasət, qətiyyətli siyasi iradə, ölkənin və xalqın maraqlarının təmin olunmasına yönəlmiş siyasi gedişlər təmin edib.

Mütəxəssislər daha bir faktor kimi dövlət üçün ən vacib sahələrdən biri olan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini qeyd edir. Heç bir xarici faktordan asılı olmayan, təhlükəsizliyimizin təmin olunması naminə peşəkarlıqla fəaliyyət göstərən, yalnız ölkənin maraqları üçün durmadan çalışan kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin ölkəmizdə mövcudluğu yüksək qürur hissi ilə qeyd edilməlidir. Müvafiq qurumlar öz xidmət sahələri ilə bağlı məqsədəuyğun hesab edilən məlumatları sənədli filmlər vasitəsilə ictimaiyyətə yetərincə təqdim edib. Qeyd edə bilərik ki, Vətən müharibəsi zamanı Qarabağ iqtisadi zonasında və Ermənistan ərazisində işğalçı düşmənin hərbi birləşmələrinin bizə təhdid ola biləcək elə hərbi obyekti, legitim hərbi hədəfi yox idi ki, onun koordinatları müəyyənləşdirilməsin. Həmçinin atəşkəs dövründə olduğu kimi, döyüş əməliyyatları getdiyi dövrlərdə də düşmənin heç bir hərəkəti, heç bir aktivliyi, yerdəyişməsi kəşfiyyat vasitələrimizin diqqətindən yayınmayıb.

Son olaraq xüsusi qeyd etmək istərdik ki, bütün sadaladığımız faktorları uğurla təmin etmək üçün lazım olan ən əsas amil zamandır. Göstərilən aspektlərə, üstünlüklərə nail olmaq üçün tələb olan uzunmüddətli sülh və hazırlıq dövrünün, vaxtın olması həlledici rol oynayır. Dövlətimizə və xalqımıza bu zaman isə Ulu Öndərin dühası sayəsində nail olduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində qoruyub saxladığı atəşkəs rejimi verdi. Bu zaman kəsiyində dövlətimiz beynəlxalq hüququn və beynəlxalq təşkilatların bütün imkanlarından istifadə edərək məsələnin sülh danışıqları yolu ilə, qan tökmədən həllinə çalışdı. Eyni zamanda, Azərbaycan Prezidenti ən yüksək kürsülərdən dəfələrlə qeyd edib ki, ərazi bütövlüyümüz heç vaxt danışıqlar mövzusu olmayacaq, bir qarış torpağımızın işğalda qalmasına, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək.

Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə ordu quruculuğu prosesində həyata keçirilən islahatlar, diqqət və qayğı sayəsində ordumuz torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs vəzifənin icrasına hazır və qadir oldu. Nəticəsi isə xalqın, dövlətin, ordunun birliyi, döyüşlərdə iştirak edənlərin canını-qanını əsirgəməməsi sayəsində qürurla həmin şanlı zəfərimizdir, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və bütün ölkə ərazisində Konstitusiya quruluşunun tam bərpasıdır.

Избранный
24
ikisahil.az

1Источники