RU

Vətəndaşlar Zəfər parkını ziyarət ediblər - YENİLƏNİB

8 Noyabr - Zəfər Gününün dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi paytaxtda da böyük coşqu ilə qeyd edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiram bildirmək üçün vətəndaşlarımız noyabrın 8-də Bakıda Zəfər parkını ziyarət edib, abidənin önünə gül dəstələri qoyub, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyiblər.

Zəfər parkının ziyarətçiləri arasında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri xüsusilə çoxluq təşkil edirdi. Biri 44 gün ərzində ölümlə burun-buruna gələnlər, digərləri isə ən əzizini müqəddəs amal uğrunda qurban verənlər idi.

Ziyarətçilər arasında olan Vətən müharibəsi iştirakçısı Vəzir Həsənov dörd il əvvəl bu gün Şuşa zirvəsinin fəthi ilə döyüş meydanında yaşadığı qələbə sevincini heç zaman unutmayacağını, hər il eyni duyğularla qeyd edəcəyini bildirib: "Biz bu Qələbəmizi qardaş dediyimiz, çörəyimizi, suyumuzu bölüşdüyümüz şəhid döyüş yoldaşlarımıza borcluyuq. Onların şərəfinə ucaldılmış abidəni ziyarət edir, təbriklərimizi, dualarımızı çatdırırıq. Xalqımıza bayram, Ordumuza Zəfər yaraşır".

Zəfər parkını ziyarət edən İxtiyar Mahmudzadə dörd il əvvəl Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyinin cəsarət, əzmkarlıq salnaməsi yazdığını, yaşlarından böyük qəhrəmanlıq nümunələri göstərərək tarixdə əbədi iz buraxdığını qeyd edib: "Biz bu Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Biz də şəhidlərimizin xatirəsini yad etməyi özümüzə borc bilirik. Azərbaycan xalqını, gənclərini tələbə gənclər təşkilatı sədri olaraq Zəfər bayramı münasibətilə təbrik edirəm. Uca Tanrıdan şəhidlərimizə rəhmət, qəhrəman hərbi qulluqçularımıza güc-qüvvət diləyirəm".

Vətən müharibəsi qazisi, baş leytenant Elmar Yusifov Zəfər parkını ziyarətə komandirlik etdiyi əsgərlərlə birlikdə gəlmişdi. Baş leytenant tarixi günləri bu cür xatırlayıb: "Vaxtında verilən əmr əsasında səfərbər olub silaha sarıldıq, özünü yenilməz sanan düşməni məhv etdik. Əsgərlərimin yaşı az olsa da, bəziləri hətta Birinci Qarabağ müharibəsindən illər sonra dünyaya gəlsə də, aparılan dövlət siyasəti və başımıza gətirilən faciələri dərindən bilmələri nəticəsində onların içində düşmənə qarşı nifrət hissi formalaşmışdı. Sönməyən intiqam atəşi, nizam-intizam, birlik bizə güc verirdi. Biz düşünmürdük ki, şəhid olsaq, geridə qalanlar necə olacaq. Dövlətimizə, xalqımıza arxayın olaraq irəli atılmışdıq.

Tabeliyimdə olan əsgərlərlə birlikdə Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində döyüşdük, Şuşanın ətəklərinə kimi irəlilədik. Artilleriya qüvvələri olduğumuzdan yuxarı qalxa bilmirdik. Qələbə xəbərini elə Şuşa yaxınlığında aldıq. Noyabrın 9-dan 10-na keçən gecə xəbər gəldi ki, düşmən təslim olub. Onların çox yerdə ağ bayraq qaldırdığını görsək də, inanmırdıq. Çünki düşmən həm hiyləgər, həm də qorxaq idi. Rabitə yaxşı olmadığından, tam əmin olana qədər ayıq-sayıqlığı itirmədik, əlimizi tətikdən çəkmədik. Tam əmin olandan sonra isə o qədər sevindik ki, hiss etdiklərimizi sözlə ifadə etmək mümkün deyil. Bir yandan da Zəfər yolunda addımlayan, amma onu görməyən döyüş yoldaşlarımıza görə təəssüfləndik. Sevincimiz kədərimizə qarışmışdı. İllər keçsə də biz onları unutmayacaq, hər zaman şərəfli həyat və döyüş yollarını gələcək nəsillərə aşılayacağıq. Hər birimizin Zəfər bayramını təbrik edirəm".

Ziyarətçilər və sevincimizə şərik olanlar arasında şəhərimizin qonaqları da var idi. İrandan gələn qaşqay türkü Emat Hazrati Zəfəri Türk dünyasının qələbəsi adlandırıb: " Biz də 30 il ərzində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həsrətlə gözlədik. Azərbaycan Ordusunun Şanlı Qələbəsinə sevindik, şəhid olan döyüşçülərə görə kədərləndik. Bu gün Türk dünyasının bayramıdır. Azərbaycan xalqını, bütün Türk dünyasını təbrik edirəm".

Zəfər Parkının balaca ziyarətçiləri Aylin və Mətanət Kazımova bacıları parkın girişində 44 sütundan ibarət olan 44 metrlik Zəfər tağının 44 gün davam edən döyüşlərə görə yaradıldığını bildiklərini deyiblər. Azyaşlı ziyarətçilər əsgər qardaşlarının qəhrəmanlıqla döyüşərək qalib gəldiyini və torpaqlarımızı azad etdiklərini bildirib, onlarla fəxr etdiklərini qeyd ediblər. Aylin və Mətanət xalqımızı təbrik edib, Vətən keşiyində olan əsgər qardaşlarına "İgid əsgər, möhkəm dayan" deyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşasına başlanan layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə Zəfər parkı yaradılıb. Bu gün Prezident İlham Əliyev Zəfər parkının açılışında iştirak edib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli Bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Избранный
19
sia.az

1Источники