RU

Tarixi şəxsiyyətlər xalqın taleyi üçün yaşayır.



Belə tarixi şəxsiyyətlərin ömrü xalqının ömrünə düşən işığa dönür. Bu işıq əbədiyyət işığıdı. Xalqımız bu işıqda dövlət oldu, bu işıqda yaşatdı dövlətçiliyini. Əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər də belə tarixi şəxsiyyətlərin əvəzsiz xidmətləri ilə yaşadılıb. Qürurla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən, bu amalıyla hamıya örnək olan, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Lider Heydər Əliyev məhz belə dahilərdən olub.

Bu sözləri Azərbaycan İnformasiya Agentliyinə müsahibəsində YAP Zaqatala rayon təşkilatının məsləhətçisi Nigar xanım Rasulzadə deyib

Daha sonra N. Rasulzadə sözlərinə davam edərək deyib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan, ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu.Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi. Hələ kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar Azərbaycanın müstəqillik yoluna işıq saldı.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib.
Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurvericidir ki, illər öncə Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda təsdiqini tapıb. Müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Hadrutda, Suqovuşanda, Şuşada, Xocalıda, Ağdərədə, Xocavənddə, Xankəndində digər kənd və qəsəbələrimizdə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan zəfər bayrağımız əbədidir.

AİA.az
Bayram Xudayarov



Избранный
38
aia.az

1Источники