RU

Azərbaycanda ekoloji təhsillə bağlı hansı işlər görülür? - Ekspert AÇIQLADI

COP29 zirvəsində iştirak edəcək ölkələrin təhsil sistemlərini incələyərkən görürük ki, bu ölkələrin böyük əksəriyyəti ekoloji təhsil və davamlı inkişafa xüsusi əhəmiyyət verir. İqlim dəyişikliyi ilə mübarizə qlobal bir məsuliyyət tələb edir və COP29 iştirakçısı olan ölkələr təhsil vasitəsilə bu məsuliyyətin gənc nəslə aşılanmasının vacibliyini qəbul edirlər.

 

Bəs ölkəmizdə bu sahədə hansı addımlar atılır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ekoloji təhsili dəstəkləyən ölkərə İsveç, Kanada, Almaniya və Avatraliyanı misal çəkmək olar:

 

"İsveç ekoloji təhsilin erkən yaşlardan başlamasını dəstəkləyən təhsil modeli ilə ön plandadır. Burada məktəblər uşaqları ətraf mühitlə dost olmağa təşviq edən praktik dərslər, sahə tədqiqatları və ətraf mühit layihələri təklif edir. İsveçin təhsil sistemində yer alan “Grön Flagg” (Yaşıl Bayraq) proqramı məktəbləri ekoloji məsələlərə dair layihələr hazırlamağa təşviq edir və bu yolla şagirdlər həm təbii resursların qorunması, həm də tullantıların idarə edilməsi sahəsində biliklər əldə edirlər. Kanada isə ekoloji təhsilin geniş şəkildə dəstəkləndiyi başqa bir ölkədir. Burada 2020-ci ildə başladılan “Davamlı Məktəblər” proqramı ilə məktəblər iqlim dəyişikliyi, bərpa olunan enerji və tullantıların idarə edilməsi sahələrində şagirdlərə bilik və bacarıqlar aşılayır. Kanada Təhsil Nazirliyinin verdiyi məlumata görə, bu proqram çərçivəsində artıq 1000-dən çox məktəb davamlı enerji texnologiyaları ilə təchiz edilib və burada şagirdlər günəş enerjisi, külək enerjisi kimi alternativ enerjilərdən istifadəni öyrənirlər. Almaniya da COP29 iştirakçısı kimi, ekoloji təhsilin güclü şəkildə dəstəkləndiyi bir başqa ölkədir. Burada 2019-cu ildə təhsil proqramına daxil edilmiş “Bildung für nachhaltige Entwicklung” (Davamlı İnkişaf Üçün Təhsil) proqramı sayəsində şagirdlərə iqlim dəyişikliyi və davamlı inkişaf haqqında dərslər keçir.COP29 zirvəsinə hazırlaşan ölkələr bu mövzuda ciddi addımlar ataraq, ekoloji təhsili yalnız məktəb çərçivəsində deyil, eyni zamanda ali təhsildə də genişləndirirlər. Məsələn, Avstraliya universitetlərində ekoloji mühəndislik və davamlı inkişaf proqramları təklif olunur".

 

K.Əsədov qeyd edib ki, Azərbaycan da bu trendlərdən geri qalmır:

 

"Elm və Təhsil Nazirliyi tədris proqramlarına ekoloji təhsil mövzularının daxil edilməsi prosesini sürətləndirib. Orta məktəblərdə tətbiq olunan yeni kurikulumlarla şagirdlərə ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirləri haqqında biliklər aşılanır. Rəsmilərdən biri qeyd edir ki, “Gələcəyin təhsili gənc nəslə təbiətə qayğı göstərməyi və iqlim dəyişikliyinə qarşı məsuliyyətli olmağı öyrətməli, onları daha da şüurlandırmalıdır"'.

 

Ekpsert vurğuladı ki, bu əməkdaşlıq və təcrübə mübadiləsi COP29 platformasında hər bir ölkənin ekoloji təhsildə qabaqcıl yanaşmaları paylaşmasına və qlobal miqyasda ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına imkan yaradacaq:

 

"Bu həm də ekoloji problemlərlə mübarizə aparacaq gələcək nəsilləri yetişdirmək baxımından çox əhəmiyyətlidir. Beləliklə, COP29 iştirakçısı olan ölkələrdən öyrənə biləcəyimiz çox şey var. Təhsil yalnız bilik vermək deyil, gəncləri daha məsuliyyətli və şüurlu vətəndaşlar olaraq yetişdirmək deməkdir. Təhsil vasitəsilə dünya üçün daha yaşıl və daha davamlı bir gələcək qurmaq mümkündür".

 

Firuzə Əliyeva

Избранный
42
sfera.az

1Источники