RU

Kamal Sunal

Bu gün mərhum komediya ustası, aktyor Kamal Sunalın doğum günüdür. Onun 80 yaşı tamam olur.

Kulis.az sənətçinin həyatı haqqında məlumatları təqdim edir.

Film çəkilişlərinə getdiyi gün təyyarədə infarkt keçirərək 55 yaşında dünyasını dəyişən komediya ustası Kamal Sunal əslində noyabrın 10-u anadan olub. Amma doğulduğu gün atasının ölüm gününə təsadüf etdiyinə görə doğum gününü qeyd edə bilməyən Kamal Sunal noyabrın 11-ni doğum günü kimi keçirib.

1944-cü ildə İstanbulda anadan olub. Memar Sinan ibtidai məktəbi və Vəfa liseyini bitirən sənətçi orta məktəbi 11 ilə bitirib. 12 sentyabr 1980-ci ildə Mərmərə Universitetinin Jurnalistika fakültəsində təhsilini yarımçıq qoyub.

Universitet illərində və sonrasında Emayetaş fabrikində çalışan sənətçi teatr və kino dünyasına addım atmazdan əvvəl elektrik ustasının şagirdi olub.

Sənətçi müsahibəsində kiçik yaşlarında iş həyatına girməsini bu sözlərlə izah edib: "İqtisadi vəziyyətimiz yaxşı deyildi. Atam Migrosdan təqaüdçüdür. Yay tətilində ayaqqabı və kitab pulu vermək üçün işləyirdim".

Orta məktəb illərində teatra maraq göstərən Kamal Sunal məktəbdə tamaşalar təşkil edirdi.

Məşhur teatr aktyoru Müşfik Kenterlə Vefa Liseyində fəlsəfə müəllimi Belkıs Balkır vasitəsilə tanış olan sənətçi peşəkar aktyorluq həyatına Kenterler Teatrında başlayıb və uzun illər orada rol alıb.

Daha sonra Ülvi Uraz Teatrında, bir müddət Ayfer Feray Teatrında, nəhayət, Devekuşu Kabare Teatrında çalışan sənətçi orada oynadığı tamaşada məşhur rejissor Ertem Eğilmezin heyranlığı ilə böyük ekranla qarşılaşıb.

Sunal aktyorluğa başlama hekayəsini belə danışır: "Bilmirəm necə oldu, özümü əsl səhnədə tamaşaçıların qarşısında tapdım. "Səs” teatrında ilk rolum çox qısa oldu. Ya üç dəqiqə səhnədə qaldım, ya yox. Səhnənin bir ucundan girib, o biri ucundan çıxırdım. Nə etdimsə, bilmirəm, tamaşaçı uğunub getmişdi.

Eğilmezin rejissorluğu ilə çəkilmiş “Tatlı Dillim” filmində uzun boylu olduğuna görə basketbolçu obrazını canlandıran sənətçi kinoya ilk addımını 1973-cü ildə atıb və böyük heyətlə çəkilən filmlərdə rol almağa davam edib.

Özünəməxsus bədən quruluşu və bir çox filmlərdə canlandırdığı obrazların, xüsusən də Rıfat İlgazın “Hababam sinfi” adlı əsərinə uyğunlaşdırılmış filmdə canlandırdığı “İnək Şaban” obrazı ilə qısa zamanda Türkiyənin ən sevilən aktyorlarından birinə çevrilib.

"İnək Şaban" məşhurlaşdıqca bir çox filmlərdə "Yaxşı, saf insan" obrazını canlandıraraq "Şaban" obrazını davam etdirib.

Şəxsi həyatında isə çox sakit və soyuq adam olub.

Sunalın 1974-cü ildə Gül Sunalla evliliyindən Əli və Ezo adlı iki övladı dünyaya gəlib.

Sənətçinin rol aldığı “Süt Kardeşler”, “Tosun Paşa”, “Salako”, “Köydün şehire”, “Çöpçüler kralı” kimi filmləri çəkildiyi andan etibarən televiziyalarda fasiləsiz yayımlanmağa başladı. 1990-cı illər türk kinosunun ən çox baxılan filmləri sırasına daxil oldu.

3 iyul 2000-ci ildə dünyasını dəyişən sənətçi izdihamla torpağa tapşırılıb.


Избранный
45
2
kulis.az

3Источники