RU

BDU-da “Eko məkan”nın açılışı oldu

Bakı Dövlət Universitetində “Eko məkan” açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, BDU-nun ərazisində təqribən 1000 kv.m sahədə yaradılmış “Eko məkan” COP-29 konfransının keçirildiyi bir dövrdə Universitetin bu istiqamətdə reallaşdırdığı yeni unikal və innovativ layihələrindən biridir.

Bildirilib ki, "Eko Məkan" tələbə və tədqiqatçıların ətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübə qazanmalarını təmin edəcək, həmçinin müxtəlif tədbirlərin keçirilməsi və asudə vaxtın təşkilinə imkan yaradacaq. 

Qeyd olunub ki, “Eko Məkan” yeni innovativ texnologiya və metodlarla “yaşıl enerji” ilə “yaşıl qida” istehsalı, “yaşıl atmosfer”in formalaşdırılması yollarının tələbələrə öyrədilməsi, həmçinin ictimaiyyətin maarfifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

“Eko Məkan” müasir texnologiyaları və ekoloji həlləri xüsusi bir yanaşma ilə bir araya gətirir. Burada ətraf mühitin müxtəlif ekoloji aspektlərini təhlil etmək və elmi biliklərin praktiki tətbiqinə şərait yaratmaq məqsədilə xüsusi sahələr yaradılıb:

Belə ki, məkanda yaradılmış Akvaponik sistem (“Aquaponics system”) müasir aqrar texnologiyalardan biri olaraq, suyun təkrar dövriyyəsi üsulu ilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitki və balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem “Dayanıqlı Kənd Təsərrüfatı” yanaşmasını ehtiva edir.
Mikroorqanizmlər və ya biokimyəvi proseslər vasitəsilə bioloji maddələrin istehsalını təmin edən bioreaktorlar sənaye miqyasında müxtəlif bioloji proseslərin, o cümlədən biokütlə, fermentlər, antikorlar, peyvəndlər, bioloji yanacaqlar və digər biotexnoloji məhsulların istehsalı üçün geniş istifadə olunur. Bioreaktorlar əsasən qapalı sistemdə işləyir və müəyyən bir temperatur, pH, oksigen miqdarı, qarışdırma sürəti və qida maddələri kimi parametrləri tənzimləyərək mikroorqanizmlərin böyümə mühitini optimallaşdırır. “Eko Məkan”da quraşdırılmış mikroyosun Bioreaktoru fotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edir və bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşması prosesinin laboratoriya şəraitində izlənilməsinə şərait yaradır.
“Eko Məkan”da enerji səmərəliliyini təmin etmək və bərpa olunan enerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən (“solar panel”) istifadə olunur. Məkanın enerji təchizatı (xüsusi işıqlandırma, müxtəlif elektron ölçmə cihazlarının enerji təminatı, mobil qurğuların enerji qidalandırılması və s.) əsasən fotovoltaik çeviricilərin bazasında hazırlanmış enerji mənbələrinə əsaslanır. Bu, Universitetin ekoloji prinsiplərə uyğun fəaliyyəti ilə yanaşı, tələbələrə enerji səmərəliliyi və ekoloji təmiz enerji texnologiyalarının tətbiqi barədə biliklər verəcək.
“Eko Məkan”da ətraf mühitə dair məlumatların rəqəmsal şəkildə alınaraq təhlil edilməsi və tədqiqatların nəticələrinin rəqəmsal platformalar üzərindən paylaşılması məqsədilə rəqəmsal eko-informasiya sistemi quraşdırılıb.  

Məkandakı “AQMesh” - Hava Keyfiyyətinin Rəqəmsal Monitorinqi Sistemi müxtəlif tipli sensorlar vasitəsilə atmosferdə müxtəlif qazların, o cümlədən azot dioksidi (NO₂), karbon dioksidi (CO₂), ozon (O₃), kükürd dioksidi (SO₂) və digər zərərli maddələrin miqdarını təyin edir, atmosferin çirklilik səviyyəsini anında izləməyə imkan verir. 

“Davis Vantage Pro2” - Rəqəmsal Hava Məlumatı Sistemi küləyin sürəti və istiqaməti, külək vasitəsilə havanın soyuma və qızma indeksi, temperatur, rütubətlik, təzyiq və şeh nöqtəsi kimi parametrləri ölçməyə və xüsusi ekranda və mobil tətbiqlər vasitəsilə paylaşmağa imkan verir.

Mina Mikayılova

Избранный
54
3
bakivaxti.az

4Источники