RU

Dinozavrlar üçün şirinçay

Bəlkə də iqlim konfranslarını BMT yox, “Yaşma” keçirsə daha uğurlu nəticələr əldə etmək olardı, çünki biz 30 il BMT-nin qətnamələrinin yerinə yetməyini gözləyə-gözləyə gözümüzün kökü saralmışdı. Qlobal istiləşməni də ordumuza tapşırsaq, 44 günə məsələ həll edilər. 

Eyni zamanda iqlim təkcə havadan ibarət deyil, bunun içində, məsələn, su da var. Biz qlobal istiləşmədən danışarkən su problemləri üzərində də düşünməliyik. Ancaq təzəlikcə canlı şahidi olduğum məsələ məni bir qədər düşündürdü, həyəcanımı azaltmış oldu. Buna görə əlaqədar təşkilata dərin minnətdarlığımı bildirirəm. Nəsə, çox uzatmadan əhvalatı nəql edim. 

4-5 gün qabaq olardı, küçədə gedərkən bir su borusunun partladığını gördüm. Yüksək təzyiqlə su küçəyə axır, oradan kanalizasiya lyukuna gedirdi. Haradasa 1 sutka beləcə davam elədi. Qonum-qonşularla hesabladıq, təxminən 100 tona yaxın su boş yerə axdı, getdi. 

Sözgəlişi, bizdə belə su itkisi həddindən çoxdur. 2023-cü ildə Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib. Bunu mən özümdən yazmıram,  Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirmişdi. 

Məhz belə parlaq və sulu fəaliyyətinə görə biz vaxtilə “Azərsu”nun müdirini parlamentə spiker qoymuşduq. Yenə deputatdırmı, dəqiq xəbərim yoxdur, ancaq niyə olmasın? Təbiətdə suyun dövranı varsa, suya baxanların da dövranı olmalıdır. Buna sonra qayıdarıq. 

Uzun sözün qısası, suya heyfimiz gəldi, su idarəsinin 955 nömrəli qaynar-müştəri xəttinə zəng vurduq. Pah. Ora düşmək bu dəqiqə Trampa zəng eləməkdən çətindir. Bir neçə nəfərimizin telefonunda kontur qurtardı, qonşunun birində fakturalı xətti borca görə bağladılar, hətta ərazidən keçən post-patrul xidmətinin zənglərinin də xeyri olmadı. 

Amma tam xeyirsiz də ötüşmədik. Məsələn, bir neçə melodiyanı əzbərlədik. Buna görə idarəyə təşəkkür edirik. Əsas xidmət deyil ki. Əsas mədəni səviyyənin artmasıdır. O cümlədən sən su istəyirsən, onlar da mətbuat xidmətinə Ceyhun adlı yoldaşı müdir qoyurlar, çünki Ceyhun - Türküstan elinin ən böyük, bolsulu çaylarından birinin qədim adıdır. Nə fərqi var, o Ceyhun olmasın, bu Ceyhun olsun. Xalqa su lazımdır. 

İki sutka boşuna axandan sonra usta tapıb xətti özümüz təmir etdik. Prosesi müşahidə edərkən ağlıma bir ideya da gəldi: bəlkə biz düz eləmirik? 

Həqiqətən müştəri-qaynar xidmətlər camaatı qaynatmaq üçün yox, xidmət üçün yaradılmışsa, niyə zənglərə cavab verən olmur? Yoxsa hökumət ağılsızdır? Əstəğfürullah. Burada nəsə sirr vardır. 

Mən suyun küçədə şır-şırına baxarkən (müdriklər də demişlər ki, dünyada 3 şeyə sonsuza qədər baxmaq olar: suya, alova və bizim məmurların pul saymağına) bu təmir işlərinin mənasızlığını dərk etdim. Nəyə görə? Yuxarıda yazdım: təbiətdə suyun dövranına görə!

Axı planetimiz yumrudur və burada su heç yana getmir. Dünya yaranandan nə qədər su vardısa, elə o qədər də yerində durur. Buxarlanır, buluda çevrilir, yağışa, qara, buza, arağa dönür, okeana, dənizə, icra başçısının hovuzuna axır, amma yenə dövr edir. Suyun itkisi coğrafi-fiziki baxımdan mümkün deyildir. Bu şəraitə görə hökumətə təşəkkürümüzü bildiririk. 

Məsələn, sənin səhər içdiyin şirinçay haçansa dinozavrın böyrəyindən keçmişdir. Bunun özü dövlətin bizə qayğısıdır. 



Избранный
72
musavat.com

1Источники