RU

Bizim ağac dostlarımız…

Bayaqdan pəncərə önündə dayanıb həyətə baxıram. Həyətdə kimsə görünmür. Bəlkə də, istirahət günü olduğuna görə belədir. Çünki istirahət və bayram günlərində bəzi qonşular ya bağa dicəlməyə, ya da rayona gəzməyə gedirlər. Hər şənbə-bazar olduğu kimi, yenə xlor satan qadının incəlmiş səsi eşidilir. Səsinin ahəngi adamı üzür. "Xlor" sözünü elə deyır ki, istər-istəməz darıxırsan. Nəyə görəsə, mənə elə gəlir ki, qadın bu gün xloru satıb qurtarmasa, onu ağır sınaq gözləyir. O, binamızın qarşısından ötüb keçsə də, çağırışı yenə eşidilir: Xlor...

Mən yenə dayanıb həyəti gözdən keçirirəm. Müasir məhəllələrə baxanda həyətimiz genişdir. Hava almaq, gəzib-dolanmaq, qonşularla oturub söhbətləşmək üçün əlverişlidir. Uşaqların əylənməsi üçün də yerlər var. Hava xoş olan günlərdə hətta qonşu binadan da buraya gələnlər olur. Çünki həyətimizdə ağac və gül kolları çoxdur. Onların çoxunu binanın ilk sakinləri əkib-becəriblər. Son illər bu ənənə unudulub, ağacların bir neçəsi artıq ömrünü başa vurub.

Qurumuş armud ağaclarının vəfa dərsi

Quruca gövdəsi qalan həmin ağaclardan biri armud ağacına bənzəyirdi – yarpaqları ətirli olurdu, amma gül açmırdı. Həyətdə həmin ağacın adını dəqiq bilən yox idi. O, bir az qəribə, “adıbilinməz” ağaca baxanda, nədənsə, yaylaqda çadır qurub məskən saldığımız armudluq gözlərim önünə gəlirdi. Qardaşımın dediyinə görə, mən bir yaz günü orada dünyaya gəlmişdim. Sonralar, hələ məktəb yaşına çatmamış o armud ağaclarının altında oturub onların bal arılarının şirə çəkdiyi ağappaq güllərinə maraqla tamaşa edərdim. Tərəkəmələr yaylaqdan enənə yaxın budaqlarda o ağ güllərin yerində bir üzü günəşdən qızarmış sulu, şirin armudlar sallanardı...

İllər sonra payızda dostlarla o yaylaq yerimizə yaxın istirahət məkanına getmişdik. Bir qədər yeyib-içdikdən sonra ətrafı gəzməyə çıxdım. Mənim üçün çox əziz olan o məkana doğru getdim. Yaddaşımda yaşayan nağıla bənzər o cilvəli armudluq yox idi. O “nağıl”dakı ağacların ancaq ikisinin qurumuş gövdəsi qalmışdı. Bəlkə də, o ağaclar bu yaşımda məni çəkib buraya gətirmişdilər. Gavalı və alça ağaclarının, böyürtkən kollarının əhatə elədiyi qoşa armud ağacları necə də hüznlü görünürdülər.

Yəqin ki, o ağaclar yolumu illərlə gözləmişdilər, bu yoldan gəlib keçənlərdən məni dönə-dönə soraqlamışdılar, budaqlarında sulu armudlardan mənə pay da saxlamışdılar. Mənsə o ağacların məndən ötrü neçə qəribsədiklərini ağlıma gətirməmiş, duymamışdım. Heç olmazsa, ildə, iki ildə bir dəfə onların görüşünə gəlməmişdim. Onlar gözləri yolda qalan valideynlər kimi sevinclərini, dərdlərini içərilərində saxlayıb ömrə boyun əymişdilər. Sanki o ağaclar mənim vəfasızlığımdan şikayətlənib deyirdilər:

– Gecdi daha, çox gecdi...

İnsan yalnız insana yox, doğulduğu, ayaq açdığı, suyunu içib, havasını udduğu torpağa, meyvəsini yediyi ağaca, suyunu içdiyi bulağa, çaya, zirvəsinə çıxdığı dağa, ətrini aldığı gülə, çiçəyə, hətta geyindiyi paltara vəfalı olmalıdı...”

Quruyub oduna dönmüş ağaclar doğru deyirdilər. Mən onları 20 ildən çox idi ki, görmürdüm... İndi isə yeyib-içməyə, havamı dəyişməyə, rahatlanmağa gəlmişdim. İlahi, niyə bu qədər dönük, vəfasız olmuşam? İllərlə çoxlarına lazım olmayan yazı-pozu ilə başımı qata-qata, ruhuma qida verən, oyadan, göyərdən hisslərimin ölməsinə bais olmuşam. O armud ağacları doğru deyirdilər, heç bir gün papağını qarşına qoyub vəfa borcu deyilən şey haqqında düşündünmü? Yox! Sənin bir ağac qədər duyumun, vəfan yoxmuş...

Bəlalı qarağac

Həyətimizin bir hissəsindən üzbəüz məktəbin daş hasarı ötüb keçir. 5-6 il əvvələ kimi hasarın qarşısı pullu avtomobil dayanacağı idi. Bir gün o dayanacaq ləğv edildi. Deyilənə görə, bu, dayanacaqdan keçən məktəbli uşaqlardan birini avtomobil vurandan sonra oldu. Sonra həmin yeri sakinlərin avtomobilləri zəbt elədi. Halbuki, o əraziyə xeyli ağac əkmək, yaşıllığın ərazisini genişləndirmək olardı.

...Bir neçə gün əvvəl ağaclar çox dəyişiblər. Qovaq ağaclarının aşağı budaqlardakı yarpaqları tamam tökülüb. Deməli, qış sərt keçəcək. Həyətdəki ən yaşlı qarağac da, ötən illərdə olduğu kimi, “paltar”ını yayın ortalarında soyunub. Hansı bəlaya düçar olubsa, bu ağacın yarpaqları payıza qalmır. Əvvəllər mənə elə gəlirdi ki, bəlkə, qarağac ağacı yayın qızmar günlərində susuz qaldığı üçün bu günə düşür, yarpaqları quruyub tökülür. Buna görə də ötən il yayın isti günlərində səhər tezdən həyətə düşüb yaxınlıqdakı krantın suyu ilə qarağacı sulamışdım. Amma səyim nəticə vermədi. Bu işimdən bəhrələnən söyüd ağacı oldu.

Keçən il qarağac yarpaqlarını yenə vaxtsız tökdü. Həyətdəki ağaclar arasında “ağsaqqal” sayılan qarağacın bu görkəmi görənləri istər-istəməz məyus edir. Qarağacın xəstəhallığı həyətdəki ağaclara da pis təsir edir. Bəlkə də, yaxın olanları onun üçün daha çox vaysınır. Amma, necə deyərlər, hərənin bir qədəri, qisməti olur. Kimsə alın yazısını poza bilmir.

Budur, qarağac elə bil mənə yazıq-yazıq deyir: “Görürsən, yenə nə gündəyəm...”

Buna bənzər sözləri, demək olar ki, qarağacdan hər il eşidirəm. Ancaq əlimdən nə gəlir ki...Allaha dua edirəm ki, qarağac qurumasın, çünki onun möhkəm qol-budağı kiçik ağacları Bakının sərt küləklərindən qoruyur. Onu da bilirəm ki, qarağac qurusa, “Zil Ağakərim”in oğlu onu kəsib yerinə ağac əkmək əvəzinə oranı qaraj eləyəcək. Buna görə də hər dəfə balkona çıxanda qarağaca baxıb bu sözləri pıçıldayıram: “Darıxma dostum, Allah rəhimlidi, dərdinə dərman göndərər”.

Tənha narın nağılı

Həyətimizdəki ağac dostlarımdan biri tənha nar ağacıdır. İndiyədək müəyyən edə bilməmişəm ki, o nar ağacını kimsə əkib, yoxsa özü hansı yollasa buraya düşüb. İllər ötür, ancaq bu nar ağacı ucalmaq bilmir. Poliklinikanın divarına qısılmış ağac hər il çiçəkləyir. Şəhərin bu yerində, diqqət çəkməyən ərazidə nar ağacının həyatsevərliyinə təəccüblənməyə bilmirsən. Lakin payızda ağacın budaqlarında bir dənə də olsun meyvə qalmır. Çünki balaca narların çoxunu uşaqlar yetişməmiş qoparır, bəzilərini də qurd vurub çürüdür.

Bu nar ağacı qərib, övlad həsrətilə yaşayan insanlara oxşayır. Nədənsə, mən onu köhnə iş yoldaşlarımdan birinə bənzədirəm. Gözəl və səmimi olan bu xanım bir qədər gec ailə qurub. Həyat yoldaşı da özünə layiq birisidir. Ailədə qarşılıqlı hörmət və sevgi yaşanır. Amma indiyədək övlad həsrətilə yaşayırlar. Uşaqları dünyaya gəlir, lakin hansı səbəbdənsə çox yaşamır. Elə bil kimsə onları qarğıyıb. Buna baxmayaraq heç zaman dərdlərini dilə gətirmir, yenə ümidlə yaşayırlar. Bu balaca nar ağacını da sərt külək və şaxtalardan qoruyan yəqin ki, onun sabaha ümididir....

Hərdən ağac dostlarımla görüşə gedirəm...

Bəzilərinə qəribə gəlsə də, mənim Bakının müxtəlif ünvanlarında əkib-becərdiyim ağacların sayı indi salam verib-salam aldığım adamların sayından çoxdur. Arabir bu narahat dünyanın qeylü-qalından bezəndə, darıxanda o ağacların görüşünə gedirəm. (O ağaclar “Sahil” bağında, paytaxtın Ələsgər Ələkbərov küçəsində, orada yerləşən həyətimizdə, bir vaxtlar kirayə qaldığımlz “Bayıl”da, “Popov” küçəsində, 7-ci mikrorayonun arxasındakı ərazidə və digər yerlərdə indi də yaşayırlar).

Bir yaz günü evimizin pəncərəsindən küçəyə baxanda gördüm ki, bir nənə əkib-böyütdüyüm tut ağacından yetişmiş meyvələri dərib nəvəsinə yedirir. Çox sevindim... Mənə elə gəldi ki, həmin dəqiqələrdə o tut ağacı da elə mənim qədər sevinir...

Ağaclar da insanlar kimidir, onları sevək və qoruyaq!

PS: Bugünlərdə Bakıda keçirilən COP29-un emblemindəki 5 yarpaq elementi də insanlara ağacların ekoloji savaşda silah rolu oynadığını anladır.

Səməd MƏLİKZADƏ

Избранный
56
xalqqazeti.az

1Источники