RU

Dövlət Komitəsinin sədri Şirvanda din xadimləri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şirvan şəhərində yerləşən “Cümə”, “Şirvan şəhər məscidi” və “Zeynalabidin” məscidlərini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, din xadimləri ilə görüşdə Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ölkə rəhbərliyinin dinlərarası dialoqun inkişafına verdiyi dəstəyin mühüm əhəmiyyətə malik olduğunu, müxtəlif dini konfessiyaların birgə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldığını deyib. Həmçinin dini icmalar arasında əməkdaşlıq, qarşılıqlı hörmət və dözümlülük mühitinin yaradılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin cəmiyyətdəki müxtəlifliyi qorumağa və inkişaf etdirməyə yönəldiyini qeyd edib. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edib.

Keçirilən görüşlərdə dini maarifləndirmə məsələsi xüsusi yer alıb. Komitə sədri İslam dininin düzgün şəkildə təbliğinin vacibliyini diqqətə çatdırıb. Dövlətin dini maarifləndirmə sahəsindəki siyasətinin xüsusilə gənclər arasında dini dəyərlərin düzgün formada aşılanmasına yönəldiyini, bu sahədəki fəaliyyətlərin cəmiyyətin mənəvi və mədəni inkişafına töhfə verməyə xidmət etdiyini bildirib. Qeyd edib ki, din xadimləri gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün dini bilgilərin təhriflərdən uzaq formada çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidirlər.

Din xadimləri dini icmaların, milli-mənəvi dəyərlərin və vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşlərdə görüləcək işlərə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Избранный
53
2
hafta.az

3Источники