RU

Müharibə Xəzərə də gəldi- canlılar kütləvi qırılır...

Image

Avrasiya məkanı üçün böyük önəmə malik Xəzər dənizini son günlərdə gündəmə gətirən məqamlardan biri də onun döyüş meydanına çevrilməkdə olmasıdır. 

Məlumdur ki, bir neçə gün əvvəl Ukrayna qüvvələri Xəzər dənizində yerləşən Rusiya hərbi gəmilərinə hücum həyata keçirib. Bu, Kiyevin uzaq məsafəli zərbə qabiliyyətini genişləndirməsinin növbəti nümayişi olub. Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi hücumun görüntülərini sosial şəbəkələrdə yayımlayaraq, Ukrayna qüvvələrinin “zərbə zonasını” genişləndirərək Kaspiysk limanındakı  Rusiya Xəzər Donanmasını hədəf aldığını elan edib. Kaspiysk liman şəhəri aktiv cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda yerləşir.

Ukrayna hökumətinin təqdim etdiyi video görüntülərdən birində dronun hədəfə doğru enməsi anı əks olunur. Kadrların bəzi hissələrində hava hücumundan müdafiə atəşləri eşidilir, bu da rusların hücuma qarşı müdafiə cəhdlərini göstərir. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Andriy Kovalenko Kaspiyskdəki hücumları təsdiqləyərək əlavə görüntülər paylaşıb. Rusiyanın Dağıstan bölgəsinin qubernatoru Sergey Melikov “Telegram”da Xəzər dənizi üzərində hava müdafiə sisteminin bir dronu vurduğunu yazıb. O, yerli sakinlərə istintaqın davam etdiyini bildirib. Bu hücum, Qara dənizdə davamlı itkilər verən Rusiya donanması üçün yeni bir zərbə olub. Son aylarda Ukrayna, Moskvanın donanmasını hədəf almaq üçün yerli istehsal olunan raketlərdən və dəniz dronlarından müntəzəm olaraq istifadə edir. Ənənəvi dəniz donanmasına malik olmasa da, Ukraynanın asimmetrik müharibə strategiyası son iki ildə Rusiyanı Qara dəniz donanmasını işğal altında olan Krım yarımadasındakı qərargahından daha təhlükəsiz, Rusiya ərazisinə yaxın sulara köçürməyə məcbur edib. ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən biri, Ukraynanın öz sularını müdafiə edərkən ən azı 32 orta və böyük Rusiya gəmisini sıradan çıxardığını və ya məhv etdiyini vurğulayıb. Bunlar fonunda Rusiyanın Xəzər dənizində və ətrafında yerləşən hərbi qüvvələri Ukraynaya zərbələr endirməyə davam edir. Amma bunlar fonunda nə çevrəyə vurulan zərər hesablanır, nə də hədəflər vurularkən dağıdılan tikililərin və öldürülən insanların sayı açıqlanır.

Ukraynanın rəsmi bilgilərinə dayanan “Radio Svoboda” yazır ki, Rusiya təyyarələri tammiqyaslı müdaxilənin ilk günlərindən Xəzər dənizindən dəfələrlə raket atışı gerçəkləşdirib. Sahilə yaxın ərazilərdə yaşayanlar bu barədə bilgilərini paylaşırlar. Yayılan bir videogörüntüdə "Kalibr" qanadlı raketinin buraxılması əksini tapıb. Bəzi yerli sakinlər hərbi fəaliyyətin çevrəni çirkləndirdiyinə diqqət çəkir. Xəzər dənizindəki suitilərin kütləvi ölümünü raket atışlarına bağlayan jurnalistlər də var. Bu arada 2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Manqistau vilayətində sahillərində 1034 ölü suiti aşkar edilib. Qazaxısanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər. Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq. Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib. İndi savaşın Xəzərə gəlməsi vəziyyəti daha da ağırlaşdırır. Düzdür, Rusiya Xəzərdəki hərbi donanmasının Ukraynaya raket zərbələri endirməsini təsdiqləməyib. Ancaq hələ 2015-ci ildə keçmiş müdafiə naziri Sergey Şoyqu donanmanın Suriyadakı hədəfləri  “Kalibr” raketləri ilə vurduğunu söyləmişdi. Bir sonrakı ildə də buna bənzər bilgi yayılmışdı. Deyildiyinə görə, 2022-ci ildəki zərbələr daha çox dəniz üzərindən uçan bombardmançıların atdığı “X-55” qanadlı raketləri ilə gerçəkləşdirilirdi. Ukraynaya “Kalibr” raketlərinin atıldığı güman edilsə də, hərbçilərin buna aid açıq-aşkar sübutları yoxdur. Yerli balıqçıların iyunda yaydığı videoda iki raket görüntülənib. Raketin quyruq hissəsinin davranışı onların bombardmançıdan çox, hərbi donanmanın “Kalibr”inə aid olduğunu sezdirir. Rusiyanın Xəzərdəki hərbi donanmasının çevrəyə zərər verməsi işğaldan öncə də yerli sakinləri təlaşlandırıb. Rəsmi Moskva Dağıstanın Kaspiysk şəhərində donanmaya yeni baza inşa edib və 2020-ci ilin iyununda burada gəmilərin ilk paradını da keçirib. Yerli sakinlərdən biri deyib ki, o gündən bəri hər il keçirilən paraddan sonra sahilə yaxın ərazidə çox sayda ölü balıq və neft yığılır: “Təxminən 30 il öncə dəniz çox canlı idi, amma indi yox. Yayda gəmilərə doğru üzüb, nə baş verdiyini gördüm. Bunun bir səbəbi Xəzər donanmasıdır”. Başqa bir sakin də deyib ki, suyun daha təmiz olacağına ümid edərək doqquz il öncə paytaxt Mahaçqaladan Kaspiyskə köçüb. Bu müddət boyunca durumun çox dəyişdiyini söyləyən həmin sakin hər il keçirilən dəniz paradlarının təsirindən də danışıb: “Gəmilər limanda deyil, sahilə yaxın yerdə lövbər salır. Bütün günü yanacaq yandırdığından mühərriklərin səsindən qulaq tutulur. Təbii ki, tullantılar dənizə axıdılır. …Sonra gəmilər atəş açmağa başlayır. Dəhşətli ab-hava yaranır. Yanıq qoxusu hətta bağlı pəncərələrdən keçib evə daxil olur... Nəfəs almaq mümkün olmur”. Hər il sentyabrda dənizdə təlim keçirən Hərbi Dəniz Qüvvələri builki tədbirə 30-dan çox hərbi gəmini cəlb edib. Təlim çox uzaqda keçirilsə də, qaynaqlarımızın bilgilərinə görə, yanacaq qalıqları və ölmüş balıqlar yenə də sahilə yığılır. Jurnalistlər çevrənin çirklənməsini və suitilərin kütləvi ölümünü həm təlim, həm də raket zərbələri ilə əlaqələndirirlər. “Kalibr” və  “X-55” raketlərində dənizə tökülə bilən zəhərli raket yanacağından istifadə edilir. Amma Rusiya hərbi donanmasının Xəzər dənizinə və çevrəsinə necə təsir göstərdiyini ölçmək üçün heç bir müstəqil elmi araşdırma aparılmayıb.

Nahid SALAYEV





Избранный
40
baki-xeber.com

1Источники