RU

Məhkəmə əmək mühafizəsi qaydalarını pozan sahibkarla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Cəlal Mehdizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Cəlal Mehdizadə 01 noyabr 2021-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə paytaxtın Binəqədi rayonu Biləcəri STQ, Daş-Qum bazarı ünvanında fəaliyyət göstərən fiziki şəxs ilə aralarında 920 kvadrat metr sahədən taxta anbarı və cilalanma sexi kimi istifadə edib.

 

18 noyabr 2021-ci il tarixdə, saat 11.00 radələrində həmin sexdə zərərçəkmiş M.M. (ad, soyadı şərti) “KamAZ” markalı avtomobildən taxta kiplərini avtokar vasitəsilə boşaldan zaman kipləri sıxan kəmərin boşalmasını görüb. Zərərçəkmiş avtokardan düşərək, üzərinə taxta yığılmış həmin yük avtomobilinə yaxınlaşıb və kəməri sıxmaq istəyib. Bu zaman taxta kipi onun üzərinə aşıb. Nəticədə ağır xəsarət alan M.M. kəskin qanitirmədən ölüb. 

 

Hadisədən sonra sahibkar Cəlal Mehdizadə cinayət məsuliyyətinə cəlb edilib. 

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Cəlal Mehdizadənin barəsində bəraət hökmü çıxarıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarına əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.

 

Kamal Məmmədov

 

Tarix: 16 Noyabr 2024, 08:46   
Избранный
32
pravda.az

1Источники