RU

Ceyhun Bayramov Karib Ölkələri Birliyinin Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Ölkələri Birliyinin (CARICOM) Baş katibi Karla Barnet ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub.

Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərin Azərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşı fürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanların müzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyini diqqətə çatdırıb. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxil olmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardım göstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də olduğu qeyd edilib. Azərbaycan və CARICOM-a üzv dövlətlər, habelə xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiz tərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın COP29 Sədrliyi, əsas prioritet və istiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin təşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görə CARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.

Baş katib Karla Barnet COP29 Sədrliyinin kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiz tərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
60
9
yeniazerbaycan.com

10Источники