RU

"COP29 iqlim dəyişikliyi probleminin həllində fədakarlığımızın əlamətidir"

COP29-un Azərbaycanda keçirilməsi dövrün ən aktual problemi olan iqlim dəyişikliyinin həllində qəti niyyətimizin və fədakarlığımızın əlamətidir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyanın bütün ölkələri, həmçinin Azərbaycan da iqlim dəyişikliyindən təsirlənir: "Son onilliklərdə Azərbaycan həddindən artıq isti, su qıtlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və daşqınlarla üzləşib".

Spiker bildirib ki, Azərbaycan öz üzərinə könüllü öhdəliklər götürmək, "yaşıl gündəliyi" milli inkişaf proqramlarına daxil etmək, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirmək, "yaşıl enerji" zonaları yaratmaqla öz gələcək yolunda inam və qətiyyət nümayiş etdirdi:

"Eyni zamanda COP29-a sədrlik dünya ictimaiyyətinin Azərbaycanın körpü rolunda çıxış etmək, ölkələri ortaq iş ətrafında birləşdirmək bacarığına və təcrübəsinə inamının nəticəsidir. Hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq, bütün maraqlı tərəfləri cəlb etmək, onların problemlərini dinləmək və gözləntilərini anlamaq üçün çox böyük işlər görüb".

Sədr əlavə edib ki, parlament hökumətə iqlimlə bağlı fəaliyyətin inkişafına dəstək üçün bütün lazımi köməyi göstərir.

"İqlim dəyişikliyi istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən bəşəriyyətin ən böyük problemidir. Qabaqcıl təcrübələrin bölüşdürülməsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və hamı üçün faydalıdır. Lakin iqlim böhranı pisləşdikcə iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması işi çətinləşir. Hesab edirəm ki, bu sahədə qanunvericiliyi daha da təkmilləşdirməli, hökumətləri öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməli və öhdəliklərini yerinə yetirmək üçün onlara təzyiq göstərməliyik.

Vətəndaş cəmiyyəti ilə əməkdaşlığın artırılması onların narahatlıqlarını daha yaxşı anlamağa kömək edəcək. COP29 qlobal iqlim fəaliyyəti üçün kritik bir məqamdır. Hərəkət etmək məsuliyyəti hamımız üçündür. İndi isə qlobal həmrəylik və birlik nümayiş etdirmək vaxtıdır. Əminəm ki, daha güclü tərəfdaşlıq, dəstək və öhdəliklərlə "yaşıl dünya", daha yaxşı və davamlı gələcək naminə həmrəyliklə irəliləyəcəyik", - parlament sədri vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
7
43
teleqraf.com

10Источники