RU

Bakı-İrəvan sülh sazişi ilə bağlı şok məlumat: Göycə gölü, dəhliz və daha nələr…

Ermənistanda siyasi çəkisi olan siyasətçilərdən biri kimi tanınan Edqar Qazaryan Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsində yer alacaq bənd və şərtlərlə bağlı şok məlumatlar paylaşıb. 

Hurriyyet.az xəbər verir ki, o, özünün Facebook hesabında müqavilənin 16-18 bənddən ibarət olacağını vurğulayıb.

Qazaryan ilk bənddə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının yer alacağını qeyd edib. Bunun ardından isə Müstəqillik Bəyannaməsindən imtina və yeni Konstitusiyasının qəbulu ilə bağlı öhdəliyin əsk olunacağını yazıb.

Onun yazdığına görə, növbəti bənddə beynəlxalq məhkəmələrdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iddialardan imtina edilməsi, Azərbaycana hərbi xərac və bütün müharibələr zamanı dəymiş ziyana görə maddi və ya ərazi kompensasiyası öhdəliyi götürəcək.

Bundan əlavə Azərbaycanlıların Ermənistanda məskunlaşdırılması, onların təhlükəsizliyinin təmin edilməsi də xüsusi bənd kimi qeyd ediləcək. Qazaryan Avropa İttifaqının mülki müşahidə missiyasının fəaliyyətinin dayandırılması və ya onların Türkiyə nümayəndələri ilə əvəz edilməsinin də sülh mətnində yer alacağını iddia edib.

O həmçinin Qarabağ müharibələrində iştirak etmiş, xüsusən də aparıcı hərbi və siyasi şəxslərin həbsi və bir qisminin Azərbaycana təslim edilməsinə dair Ermənistanın razılıq verəcəyini də vurğulayıb.

Paralel olaraq o, sənəddə 4 anklav ərazinin verilməsi, Azərbaycan Ordusunun olduğu ərazilər saxlanılmaqla sərhədlərin demarkasiyası və delimitasiyasının aparılması və sərhəddə ordunun sərhəd xidməti ilə əvəzlənməsinin da xüsusi yer tutacağını bildirib.

Qazaryanın yanaşmasına görə, sülh sazişində sərhədin Ermənistan hissəsində müəyyən dərinliyə malik neytral və hərbsizləşdirilmiş zonanın yaradılması razılaşması da olacaq. Həmçinin Azərbaycanı Naxçıvanla heç bir sərhəd və gömrük nəzarəti olmadan ən azı bir dəmir yolu və iki avtomobil yolu ilə birləşdirən dəhlizin təmin edilməsi öhdəliyi də təsdiqlənəcək.

Onun fikrincə, Ermənistanın tərksilahı və demilitarizasiyası, yeni silahlar əldə etməkdən imtina, bütün hərbi təşkilatlardan, ittifaqlardan və ikitərəfli müqavilələrdən imtina, sərhəd çayları və Azərbaycana gələn digər çaylar üzərində Azərbaycan ekoloji nəzarətinin yaradılması, onların tələblərinin yerinə yetirilməsi, mədən fəaliyyətinin dayandırılması (Zəngəzur kombinati, Sotki qızıl mədəni, Amulsar qızıl mədəni, Axtala mədənləri və s.) da sülh sənədində yer almalıdır.

Qazaryan son olaraq onu da bildirib ki, Ermənistanla bağlanacaq sülh sazişində Azərbaycanın Göycə gölünə nəzarəti, Azərbaycan hakimiyyətinin gölə fiziki girişi və onun resurslarının birgə idarə olunması razılaşdırılıb. Bundan əlavə isə Metsamor AES-in bağlanması da sazişə daxildir./Hurriyyet.az/

Избранный
20
1
hurriyyet.az

2Источники