RU

Siyavuş Novruzov: "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır"

“Hiss olunur ki, COP29-da itlərlə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır. Ölkə daxilində yox, xaricdən bu məsələni qızışdırıb ortaya salıblar. Fikir versəniz, xaricdə, o cümlədən daxildə Azərbaycanı istəməyən qüvvələr, keçmişdə “vətən xaini” adı ilə həbsxanalarda yatan Rəhim Qazıyev kimi adamlar birdən-birə ortaya çıxıblar. Başlayıblar COP-dan danışmağa. Bütün agenturanı ortaya çıxarıblar. Azərbaycandan gedib xaricdə oturmaq, anti-Azərbaycan işi aparmaq, qarayaxma yolverilməzdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 

“COP29 böyük bir tədbirdir. Azərbaycan bu tədbirin təşkilatçılığını yüksək səviyyədə edir. Mühüm dinləmələr, ayrı-ayrı panel iclasları keçirilir. Cənab Prezidentin açılış mərasimində xüsusi çıxışı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi mesajlar hər kəs üçün proqram xarakterli tövsiyə kimi qəbul olundu. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Bu gün Azərbaycan əleyhinə olan insanlar başqa-başqa bəhanələr axtarırlar. Xatırlayırsınızsa, hər gün televiziyalarımızda vətəndaşlar küçə itləri ilə bağlı şikayətlər edirdilər. Azərbaycan hökuməti də, bu sahə ilə məşğul olan insanlar da küçə itlərinin peyvəndlənməsi ilə məşğuldurlar. Görürsünüz ki, küçə itlərinin qulaqlarında nömrə var. Eləsi olur, gəlib aralarına girir, onu tapa bilmirlər. Amma bütün hallarda iş aparılır. Rayonlara göstəriş veriblər ki, itlər üçün xüsusi sığınacaqlar tikilsin. Bu cür bir məqamda aksiya keçirilməsi, belə fikirlərin söylənilməsi yersizdir. Biz fil, delfin ovlamırıq. Bu heyvanların ovlanması üçün pul verən dövlətlər var. Köpək balıqlarının ovlanması, eyni zamanda timsah ovu ilə də məşğuldurlar. Halbuki bu, qadağan olunub. Hansısa vətəndaş çaşıb itə güllə atırsa, cərimələnir. Belə bir hallar yoxdur, olanda da lazımi addımlar atılır. Buna görə də aksiya tam yersiz, sırf ara qarışdırmaq, təxribat yaratmaq, tədbirə kölgə salmaq məqsədli idi. Yoxlasan, görərsən ki, normal adam deyil. Əlbəttə ki, belə bir adamın atdığı addım, keçirdiyi aksiyası bu boyda tədbirə heç bir kölgə sala bilməz”, - komitə sədri bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 Noyabr 2024, 12:05   
Избранный
28
pravda.az

1Источники