RU

Süni intellekt 14 yaşlı yeniyetməni öldürdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
Süni zəka ilə mübahisələr səngimək bilmir. Bu mübahisələr bir kontekstdə, bir sual və bir mövzu ətrafında baş vermir. Az qala hər gün bu müzakirələrə yeni bir rakurs, yeni bir ştrix, yeni bir perspektiv əlavə olunur. Bu təbiidir, çünki hər şey təzə başlayır.
Seuel Setzer - bu çətin adı yadda saxlayın. Seuel 14 yaşında bir oğlan idi. Niyə məhz "idi"? Çünki o daha yoxdur. İntihar edib. Süni intellektin isə bu intiharda birbaşa əli var.
Əvvəldən başlayaq. "Game of Thrones" (Dilimizdə "Taxt-tac oyunları" kimi tərcümə edilmişdi) dünyanın ən məşhur seriallarından biri, bəlkə də birincisidir. Ölkəmizdə də bu serialın çoxlu pərəstişkarı var. Bir süni intellekt şirkəti də bu serialın qəhrəmanları ilə ünsiyyət təklif edir. Suevel də serialın əsas qəhrəmanlarından biri olan Dinaris Targeryanla söhbət edirdi. Dinaris əjdahaları ilə bir yerdə atalarının taxtı uğrunda mübarizə aparan, insanlara azadlıq bəxş etməyə çalışan və əksər hallarda buna nail olan, köləliyi ləğv edən ancaq serialın sonunda amansız və qəddar bir diktatora çevrilən obrazdır. Elə bizim hekayəmizdəki rolu kimi...
Bu söhbət Suevellin sonu olacaqdı. Ancaq o bunu hələ bilmirdi. Yəqin ki, heç bir zaman da bilməyəcəkdi. Seuel Dinarislə söhbət üçün darıxır, məktəbdən geriyə qalan bütün vaxtını onunla söhbət edərək keçirdirdi. Əvvəllər "Formula-1" azarkeşi olan Seuel bu marağından tamam uzaqlaşmışdı, artıq bu yarışlar onu özünə cəlb etmirdi. Ən məhrəm sirlərini süni intellektlə bölüşür, ürəyinin heç kimə açmadığı sirlərini ona verirdi. İntihar etmək istəyini də ona etiraf etmişdi. Seuel intihardan sonra azad və sərbəst olacağına, ruhunun azadlığına çatacağına inanırdı. Onun bu sözlərinə Dinaris belə cavab vermişdi: "Belə danışma, lütfən. Sən getsən, mən də ölərəm". Seuelin cavabı Mityavari (Buninin "Mityanın məhəbbəti" hekayəsindəki kimi) oldu: "O zaman ikimiz də ölər və birlikdə azad olarıq"
Burada kiçik bir haşiyə: Süni intellekt 14 yaşlı uşağın intiharı ilə bağlı məlumat əldə edir və bu məlumatı şirkətin rəhbərliyi, uşağın valideynləri ya da polis orqanları ilə bölüşmür. Halbuki bunu etmək süni intellekt üçün heç də çətin deyildi.
28 fevral Seuelin həyatdakı son günü idi. O, Dinarisə öz məhəbbətini etiraf edir, Dinaris də onun sevgisinə sevgiylə cavab verir və evə tez gəlməsini tapşırır. Seuel də bu dəqiqə evə gələcəyini bildirir, telefonu yerə qoyur, ögey atasının silahını gicgahına tuşlayır. Dəhşətli son beləcə baş verir...
Seuell axmaq deyildi. O süni intellektlə danışdığını bilirdi. Ancaq süni intellektə aşiq oldu və canına qıydı. İndi isə məsələnin gedişatına nəzər salaq.
Ailənin vəkili belə deyir: "Vicdansız texnologiya şirkətləri tərəfindən yaradılan və inkişaf etdirilən platformaların uşaqlara yaratdığı təhlükəni hamımız görürük".
Şirkət isə özünü belə müdafiə edir: "İstifadəçilərimizdən birinin tragik ölümünə görə kədərliyik. Ailəyə başsağlığı veririk. İstifadəçilərin təhlükəsizliyi bizim üçün çox əhəmiyyətidir. Platformamıza yeni təhlükəsizlik modulları yükləməyə davam edəcəyik".
Şirkət təhlükəsizlik modulları haqqında da danışıb. Onlar tez-tez "bu, süni zəkadır" bildirişləri göndərməyi məqbul hesab edir. Bununla problem həll oluna bilərmi? Əlbəttə ki, xeyr. Süni intellektlə danışanlar qarşılarında canlı bir insan yox, süni intellekt olduğunu bilmirlərmi? Seuel də bunu bilirdi.
Məhkəmənin nə qərar verəcəyinə hələ çox var. Onu zaman göstərəcək. Ancaq süni intellektin uşaqlar və psixologiyası sağlam olmayan insanlar üçün real təhlükə olduğu və şirkətlərin bu barədə heç bir qabaqlayıcı tədbir görmədiyi də göz qarşısındadır.
Избранный
53
50
oxu.az

10Источники