RU

Bayden Trampa son “pisliyini” etdi: Üç paytaxt arasında MƏXFİ DANIŞIQLAR

ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. “The New York Times”ın yaydığı məlumatda qeyd olunur ki, bu qərar Vaşinqtonda hakimiyyət dəyişikliyinə cəmi iki ay qalmış verilib və ABŞ siyasətində ciddi dəyişiklik olduğunu göstərir. Nəşrin məlumatına görə, bu addımla bağlı ABŞ liderinin müşavirlərinin fikirləri fərqlidir. Ehtimal olunur ki, raketlər Rusiya və Şimali Koreya hərbçilərinə qarşı Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrini qorumaq üçün istifadə olunacaq.

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransa da oxşar qərar verib.

Onun sözlərinə görə, bu, 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir. E.Şahinoğlu deyib ki, London və Paris bu məsələ ilə bağlı Vaşinqtonun qərarını gözləyiblər: “Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydendən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı. Vitse-prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden Prezident seçilən Donald Trampa son “pisliyini” etdi”.

Politoloq vurğulayıb ki, Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb: “Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı. Andiçmə mərasiminə hələ iki ay var. Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək. Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu, Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə ABŞ-də Trampa qarşı ittihamları artıracaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Cozef Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır”.

Turan ORUC

Избранный
9
31
medianews.az

10Источники