RU

''Veqhorstun qol sevinci mədəmi bulandırdı!''

Millətlər Liqasında A Liqasının 3-cü qrupunda Amsterdamda Niderland ilə Macarıstan yığmaları üz-üzə gəldi.

Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın əvvəllərində üzücü olay yaşandı. 7-ci dəqiqədə hakim birdən-birə oyunu dayandırdı və tibbi personal, eləcə də futbolçular Macarıstanın ehtiyat zonasında toplaşdılar.

Məlum oldu ki, Macarıstan yığmasının məşqçilər korpusuna daxil olan Adam Salai özünü qəfildən pis hiss edərək yerə yıxılıb. Əsməyə başlayan futbol adamı ilkin tibbi yardımdan sonra dərhal Amsterdamdakı xəstəxanalardan birinə yerləşdirildi. Hazırda 37 yaşı olan Adam Salai yaxın keçmişə qədər Macarıstan yığmasında kapitan sarğısını daşıyırdı. 2023-də karyerasını başa vurduqdan sonra o, yığmada köməkçi məşqçi kimi çalışmağa başladı. Oyunda təxminən 13 dəqiqəlik fasilə yarandı və daha sonra baş hakim futbolçularla məsləhətləşərək matçı davam etdirdi. Maraqlıdı ki, hakim oyunu davam etdirmək qərarını verdikdən dərhal sonra monitora yollandı və əllə oyuna görə Niderlandın lehinə penalti təyin etdi. Topun başına hazırda ''Ayaks''da çıxış edən ''Beşiktaş'' və ''Mançester Yunayted''in sabiq üzvü Vut Veqhorst keçdi. Təcrübəli forvard fürsəti boşa vermədi. Amma onun qolu çılğın şəkildə qeyd etməsi futbolsevərlər tərəfindən heç də birmənalı qarşılanmadı. Çünki bu epizoddan cəmi bir neçə dəqiqə öncə kənarda da olsa, meydanda canı ilə əlləşən şəxs var idi. Veqhorst ən azı ona olan hörmətini göstərə bilərdi.

Bununla bağlı ən sərt açıqlamanı Niderland televiziyasında oyunu şərh edən sabiq niderlandlı futbolçu Rafael van der Vaart verərək bunları deyib:

''Veqhorstun qol sevinci mədəmi bulandırdı! Əslində Macarıstanın üzvlərinin oyunu yarımçıq qoyaraq paltardəyişmə otağına yollanmaq haqqı var idi. Çünki həmin an heç kim Salaiyə nə olduğunu bilmirdi. Amma öz aralarında toplantı keçirdilər və oyuna davam etməyə qərar verdilər. Veqhorst bunu anlamalı və onlara hörmətlə yanaşmalı idi. Amma əvəzində penaltidən sonra sanki dünya çempionatının finalında qol vurubmuş kimi sevindi. Bunu etməməli idi''.

32 yaşlı futbolçu özü isə qarşılaşmanın ardından səhvini anlayaraq bunları dedi: ''Bəli, geriyə dönüb baxdıqda bəlkə də qol sevincini daha sakit tərzdə etməli idim. Amma o anda epizoda çox köklənmişdim. Qoldan sonra sanki rahatladım və üzərimdən yük götürüldü. Bilərəkdən elə sevinmədim. Bu, anlıq bir şey oldu. Amma dediyim kimi bəlkə də başqa cür sevinməlidi idim''. Hazırda Salainin vəziyyəti normaldı və onun heç bir həyati təhlükəsi qalmayıb. Yeri gəlmişkən, bu, Salainin yaşadığı ikinci bənzər hadisədi. AÇ-2020-nin gedişində, daha dəqiq desək, 2021-ci ilin iyununda Fransa ilə qarşılaşmada da o, huşunu itirərək yerə yıxılmışdı. Həmin vaxt kapitan sarğısını daşıyan Salai bir neçə dəqiqə sonra özünə gəlmiş və heç kimin köməyi olmadan ayağa qalxaraq meydanı tərk etmişdi.

ƏLİ
Избранный
24
football-plus.az

1Источники