RU

Sahib Məmmədov BHİK-nın baş katibi ilə görüşdü - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfər edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql ilə görüşüb.


Pravda.az xəbər verir ki, görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, o cümlədən beynəlxalq əlaqələrindən, COP29-un gedişindən söz açılıb, qarşıda duran vəzifələr müzakirə olunub.


Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanın yüksək peşəkarlıqla ev sahibliyi etdiyi COP29 şəffaf, qərəzsiz və inklüziv şəkildə keçir, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəylik tərənnüm olunur. O, COP29-un nəticələrinin ekoloji təsirlərin azalmasına, iqlim dəyişmələri ilə mübarizədə yüksək nəticələrin əldə olunmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını qonağın diqqətinə çatdırıb.


Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratiyanın bütün təzahürləri tam bərqərar olub, insan hüquq və azadlıqları, o cümlədən əmək hüquqları ən ali səviyyədə təmin edilir. Qeyd olunub ki, dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlərin bilavasitə nəticəsidir ki, Azərbaycan vətəndaşlarının rifahı davamlı olaraq yüksəlir, əməkhaqları, müavinətlər və digər sosial ödənişlərin məbləğləri müntəzəm olaraq artırılır. Təbii ki, bunlar Azərbaycan həmkarlar ittifaqlarının güclənməsinə, azad və sərbəst fəaliyyətinə, əmək hüquqlarını daha effektiv şəkildə müdafiə etməsinə səbəb olur.


Konfederasiya sədri Azərbaycanda təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində atılan addımlardan da söz açıb, həmkarlar ittifaqları tərəfindən işçilərin sağlamlıqlarına göstərilən qayğını, normal istirahətləri üçün yaradılan şəraiti qeyd edib.


Həmçinin vurğulanıb ki, qurum fəaliyyətində beynəlxalq əməkdaşlığı prioritet hesab edir, əmək hüquqları sahəsində dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi və tətbiqi istiqamətində iş aparır. Bu aspektdə BHİK ilə əməkdaşlığın faydalarından danışan Sahib Məmmədov münasibətlərin bundan sonra da genişləndirilməsi istiqamətində müvafiq addımlar atmaq, daha sıx təmaslar qurmaq niyyətində olduqlarını baş katibin nəzərinə çatdırıb.


BHİK-nın baş katibi Luk Trianql isə Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, COP29 yüksək səviyyədə təşkil olunub və nəticələri iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə xeyli faydalı olacaq.

O, COP29 çərçivəsində BHİK və AHİK-in birgə təşkil etdiyi “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbirə də toxunub, burada aparılan müzakirələrin və bölüşülən uğurlu təcrübələrin həmkarlar ittifaqlarının ədalətli keçidlə bağlı fəaliyyətində əsas olacağını bildirib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərdiklərini deyib.


Görüşdə həmçinin tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib. 

Fotoları təqdim edirik
Tarix: 18 Noyabr 2024, 15:42   
Избранный
9
9
pravda.az

10Источники