RU

Ən qalmaqallı və radikal HAKİMİYYƏT KOMANDASI: ABŞ-nin Cənubi Qafqaz siyasətində nə dəyişəcək?

İki ay sonra rəsmən vəzifəsinin icrasına başlayacaq ABŞ Prezidenti Donald Tramp hökumətdə bir sıra vəzifələrə öz namizədlərinin adlarını açıqlayıb. Məlum olub ki, o, barəsində seksual manyaklıq maddəsi ilə cinayət işi açılmış senator Matt Getzin ölkənin Ədliyyə naziri və Baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb. M.Getzi pedofil olduğunu və seksual qısnama yaşadığını dəfələrlə etiraf edib.

Bununla yanaşı, ABŞ-nin yeni prezidenti açıq ruspərəst, rəsmi şəkildə Ukraynanın düşməni elan edilmiş, ruslara casusluq etdiyinə görə barəsində araşdırma aparılmış Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə namizədliyini irəli sürüb. T.Qabbard Türkiyə və şəxsən Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə də fikirləri ilə məşhurdur. O, R.T.Ərdoğanı radikal islamçı, Türkiyəni isə İŞİD-i dəstəkləyən “terrorçu dövlət” kimi qələmə verməyə çalışıb.

ABŞ-nin baş kəşfiyyatçısı olacaq T.Qabbard 2017-ci ildə Xankəndidəki separatçı bölgəni ziyarət edərək qondarma rejimin “rəhbərləri” ilə də görüşüb və Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Buna görə də qatı ermənipərəst mövqeyi ilə tanınan T.Qabbard Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil edilib. MİK-in yeni direktoru Azərbaycanda rəsmi şəkildə arzuedilməz şəxs elan olunub və ölkəyə girişinə qadağa qoyulub.

D.Tramp hindəsilli biznesmen Vivek Ramasvamini isə ABŞ hökumətinin Fəaliyyətin Təkmilləşdirilməsi Agentliyinin rəhbərliyinə gətirir. Ramasvami də vaxtilə Azərbaycan əleyhinə bəyanatlar səsləndirib, prezident seçiləcəyi təqdirdə ilk işinin Qarabağdakı qondarma rejimin “müstəqilliyini” tanımaq olacağını bildirib. O, 44 günlük İkinci Qarabağ müharibəsində ermənilərin Bərdədə törətdiyi qırğını Azərbaycanın erməni şəhərini bombalaması kimi qələmə verib və dərhal Azərbaycana qarşı hərəkətə keçməyə çağırış edib.

V.Ramasvami bu vəzifəyə dünyanın ən zəngin şəxsi İlon Muskla birlikdə rəhbərlik edəcək. Ən nəhayət, ABŞ-nin yeni prezidenti Azərbaycanı Dağlıq Qarabağda etnik təmizləmədə ittiham edən və Bakının Xankəndində həyata keçirdiyi antiterror əməliyyatı zamanı bütün dünyanı Azərbaycanı durdurmaq üçün çağırışlar edən, qatı ermənipərəst, Senatda Azərbaycan əleyhinə qətnamənin müəllifi olan Mark Robinsonun ABŞ Dövlət Katibi vəzifəsinə namizədliyini irəli sürüb.

ABŞ-nin yeni prezidenti D.Trampın namizədliyini irəli sürdüyü şəxslərdən formalaşacaq hökumətin Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində hansı dəyişikliklər ola bilər? Bu komandanın formalaşdıracağı xarici siyasət regiona, ABŞ-Azərbaycan münasibətlərinə nə vəd edir? Təhdidlər, təhlükələr gözləniləndirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, D.Trampın hökumət üzvlüyünə irəli sürdüyü namizədlər ABŞ-də bu günə qədər prezidentlərin formalaşdırdığı komandalar içərisində radikallığı ilə seçilə bilər.

Onun sözlərinə görə, yeni komandada çox qalmaqalı şəxslər təmsil olunacaqlar: “Dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Mark Robion kifayət qədər ziddiyyətli şəxsdir. Ermənistana olan sevgisi ilə bilinir. Yəni, erməni diasporunun faktiki əsrinə çevrilmiş bir şəxsdir. Ən qalmaqallısı isə Ədliyyə naziri və Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülmüş Matt Getzindir. Bu şəxsə seksual manyaklıq maddəsi ilə ABŞ-də cinayət işi açılıb və hazırda onun cinayət işi davam edir. Həmçinin pedofil olduğunu rəsmi şəkildə bir neçə dəfə bəyan edib. Belə bir adamı Tramp ölkənin ədliyyə sisteminin başına gətirir. Bu, çox ziddiyyətlidir. İndidən müxtəlif ictimai qurumlar buna etiraz edirlər. Çünki Matt Getzin açıqlamaları universitetlərdə, kolleclərdə və digər müəssisələrində təhsil alan gənc qızların valideynlərini ciddi narahat edir, bu şəxsin əleyhinə açıqlamalar verirlər. Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilməsi də böyük biabırçılıqdır. Ukrayna kəşfiyyatı sübut etmişdi ki, Qabbard Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq içərisindədir. Məhz belə bir şəxsin ABŞ kəşfiyyat qurumlarının başına gətirilməsi özü-özlüyündə düzgün məsələ deyil. Böyük ehtimal ki, buna Respublikaçılar Partiyası narazıçılıq edir. Yəqin ki, Qabbardın namizədliyi Senata təqdim olunduqda Respublikaçılar onu dəstəkləməkdən imtina edəcəklər. Onun bu vəzifəyə gətiriləməsi ABŞ-nin Azəbyacan və Türkiyə ilə münasibətlərinə çox mənfi təsir göstərəcək. Onun Ərdoğan əleyhinə verdiyi açıqlamalar, həmçinin Azərbaycanın işğal olunmuş bölgələrində vaxtilə separatçı qurum rəhbərləri ilə münasibətləri göz önündədir. Həmin şəxs qatı türk düşmənidir. Onun bu vəzifəyə gətirilməsi Azərbaycan və Türkiyənin mövqelərinə ziddiyyət təşkil edir”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla açıq şəkildə düşmənçilik edən daha bir şəxs hindəsilli biznesmen Vivek Ramasvamindir: “Bu şəxs milyarder İlon Musk ilə birlikdə ABŞ hökumətinin Fəaliyyətin Təkmilləşdirilməsi Agentliyinə rəhbərlik edəcək. Düzdür, xarici siyasətə bir o qədər təsirləri olmayacaq. Ancaq yenə də belə bir şəxsin Tramp komandasında təmsil olunması, məsləhətçi funksiyanı həyata keçirməsi heç də xoşagələn bir hadisə deyil. Lakin istənilən halda ABŞ-nin həm daxili, həm xarici siyasətini Tramp müəyyənləşdirəcək. Sözsüz ki, komandanın da müəyyən təsiri olacaq. Gözləyək görək, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonun Moskva ilə danışıqları hansı çərçivədə gedəcək. Rusiya-Ukrayna müharibəsi ilə bağlı gərginlik gözlənilir. Ola bilsin ki, ABŞ Ukraynaya dəstəyi kəssin. Ukraynanın həm humanitar, həm də hərbi vəziyyəti pisləşsin. Ancaq bu komandanın ağlına uyğun Tramp Cənubi Qafqazda siyasəti müəyyənləşdirəcəksə, vəziyyət heç də yaxşı olmayacaq. Onsuz da Co Bayden dövründə məhz ermənipərəst mövqeyinə görə, ABŞ-nin Cənubi Qafqazdakı siyasəti uğursuzluğa düçar olub. Yeni komanda ilə bu siyasət daha da uğursuz olacaq. ABŞ konkret olaraq regionda fiaskoya uğrayacaq. Buna görə də ümid edək ki, Tramp özü 2016-2020-ci illərdəki birinci prezidentlik dönəmindəki siyasətini davam etdirəcək və bu şəxslərin ağlına uymayacaq”.

Politoloq Yeganə Hacıyeva isə Medianews.az-a bildirib ki, D.Trampın yeni hökumət üzvlərini onun bundan öncəki prezidentlik dövründə buraxdığı səhvləri təkrarlamamaq, ona problem yaratmış qrupları susdurmaq cəhdi kimi qiymətləndirmək lazımdır: “Mark Robion və digərləri birinci prezidentliyi dövründə Trampa qarşı aktiv tərzdə kampaniyalar aparıblar. ABŞ-nin yeni prezidentinin son addımlarını Demokratlardan qaynaqlanan və anti-Tramp kampaniyalarının başında dayanan şəxsləri özünə qarşı neytrallaşdırmaq kimi qəbul etmək lazımdır. Biz də bu təyinatları belə dəyərləndirməliyik. İstər hindəsillilər, istər qeyri-hindəsillilər, istərsə də birinci prezidentliyi zamanı anti-Tramp hüquqi proseslərinin, dinləmələrinin önündə gedən şəxslərin yeni komandaya cəlb olunmasına bu prizmadan yanaşmalıyıq”.

Nailə QASIMOVA

Избранный
39
medianews.az

1Источники